Sənətə və sənətkara
yüksək qiymət
Xalq rəssamı Fərhad Xəlilova
“Şərəf” ordeni təqdim olundu
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 25 oktyabr 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan rəssamlıq məktəbinin inkişafında xidmətlərinə görə Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov “Şərəf” ordeni ilə təltif edilib.
Oktyabrın 26-da Rəssamlar İttifaqında Fərhad Xəlilova “Şərəf” ordeninin təqdim olunma mərasimi keçirildi.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fərhad Xəlilovun sənət yolundan Rəssamlar İttifaqının rəhbəri kimi gördüyü işlərdən söz açdı. Bildirdi ki, yaradıcılığa başladığı ilk illərdən novatorluğa meyl göstərən rəssam bütün yaradıcı fəaliyyəti boyu öz ideyalarına sadiq qalıb.
Vurğulandı ki, Fərhad Xəlilov təkcə Azərbaycanda deyil, dünya miqyasında tanınan sənətkardır. Onun əsərləri aparıcı incəsənət ekspertləri tərəfindən xüsusi qeyd olunmaqla yanaşı, dünyanın bir sıra məşhur sərgi salonlarında qorunur, nümayiş olunur.
Ölkəmizdə mədəniyyət və incəsənət sahəsinin hər zaman dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunduğunu deyən nazir fırça ustasının yaradıcılığına yüksək qiymət verildiyini bildirdi.
“Şərəf” ordenini sənətkara təqdim edən nazir ona yeni-yeni yaradıcılıq uğurları arzuladı.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, akademiyanın prorektoru, Xalq rəssamı Səlhab Məmmədov çıxış edərək Fərhad Xəlilovun yaradıcılığından söz açdılar.
Fərhad Xəlilov çıxış edərək yaradıcılığına verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Dövlət başçısının mədəniyyət və incəsənət sahəsinə böyük diqqət və qayğı ilə yanaşdığını vurğulayan Xalq rəssamı qeyd etdi ki, bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün möhtərəm Prezidentin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkə həyatının bütün sahələri, o cümlədən mədəniyyət və incəsənət sahəsi qayğı ilə əhatə olunub.
Qeyd edək ki, oktyabrın 26-da Xalq rəssamı Fərhad Xəlilovun 70 yaşı tamam olub. Sənətkarı yubileyi münasibətilə qəzetimiz adından da təbrik edirik.
L.Azəri
Mədəniyyət.- 2016.- 28
oktyabr.- S.8.