Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçirilib

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) “Şuşa qrantı” müsabiqəsi çərçivəsində nəşr olunmuşQarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçirilib.

 

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin təşkilati dəstəyi ilə gerçəkləşən tədbirdə qurumun sədri Bayram Səfərov bildirib ki, nəşr Azərbaycanın tarixini, mədəniyyətini özününküləşdirməyə çalışan erməni saxtakarlıqlarına tutarlı cavabdır. Haqqında məlumat verilən geyimlər, zinət əşyaları xalqımızın qədim tarixə malik olduğunu sübut edir. Xarici ölkələrə yolu düşənlər belə kitabları özləri ilə aparmalı, tarixi həqiqətləri dünyaya çatdırmalıdırlar.

EİF-nin icraçı direktoru Elçin Babayev ötən yeddi ildə keçirilən qrant müsabiqələrinin əhəmiyyətindən danışıb. Bildirilib ki, 2012-ci ildə “Şuşa qrantı” müsabiqəsi təsis edilib. Bu silsilədən üç müsabiqə keçirilib, “Qarabağ geyimləri” kitab-kataloqu həmin müsabiqənin layihələrindən birinin nəticəsidir.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə şöbəsinin baş məsləhətçisi Ağaəli Əhmədov bildirib ki, belə nəşrlərin sayı artırılmalı, onlarda Qarabağın tarixi, mədəniyyəti öz geniş əksini tapmalıdır.

Milli Məclisin deputatları Flora Qasımova və Aqil Abbas mədəni-tarixi dəyərlərimizin dünyada təbliğində kitab-kataloqun əhəmiyyətini diqqətə çatdırıblar, bu işin təşkilatçılarına və müəlliflərə minnətdarlıq ediblər.

Nəşrin müəllifləri Fəzail Vəliyev və Gülzadə Abdulova kitab-kataloq haqqında məlumat veriblər. Bildirilib ki, təqdim olunan nəşrdə ilk dəfə çöl-etnoqrafik materialları, arxiv sənədləri, muzey kolleksiyaları, ailə saxlanclarında qorunan fotoşəkillər əsasında XIX-XX əsrlərdə Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgəsi əhalisinin geyim mədəniyyəti, onun təsnifatı, məhəlli-lokal xüsusiyyətləri, əyani-vizual görüntüləri və tarixi-etnoqrafik tədqiqi və digər məsələlər əksini tapıb. Tədbirdə Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları Qarabağ geyimlərini nümayiş etdiriblər.

Sonra Elmin İnkişafı Fondunun yeni internet portalının və “e-Qrantsisteminin eksklüziv təqdimatı keçirilib. Həmçinin, EİF-nin yeni “Qafqazşünaslığın problemləri” müsabiqəsi elan olunub, müsabiqənin qaydaları və şərtləri barədə məlumat verilib.

 

Mədəniyyət.- 2016.- 28 oktyabr.- S.10.