Birinci Türkoloji
Qurultayın 90 illiyinə həsr olunmuş
konfrans
Ankarada Türkiyə Elmlər Akademiyasının təşkilatçılığı, Beynəlxalq Türk Akademiyası və Türk Dünyası Akademiyaları Assosiasiyasının iştirakı ilə Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr edilmiş “Türk dünyasında elmi əməkdaşlıq və dialoq” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Birinci Türkoloji Qurultay və elmi-mədəni inteqrasiya prosesləri” mövzusunda məruzə ilə çıxış edib. Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin sərəncamının əhəmiyyətini qeyd edən akademik qurultayın tarixi, məqsəd və vəzifələri, müzakirə edilən məsələlər və çağırışlar, latın əlifbasına keçid proseslərindəki rolu barədə danışıb. 1926-cı ildə Bakıda keçirilmiş qurultayın türk dünyasının inkişafında baş vermiş böyük mədəniyyət hadisəsi olduğunu bildirən İ.Həbibbəyli bu möhtəşəm tədbiri türk dünyasının mədəni birliyinin və mənəvi bağlılığının yeni tarixi epoxadakı vəzifələrini diqqət mərkəzinə çəkən böyük elmi forum kimi dəyərləndirib.
Konfransda AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun dil problemlərinə həsr olunmuş “Birinci Türkoloji Qurultay və türk dünyası” mövzusunda məruzəsi də dinlənilib.
Digər çıxış edənlər təmsil etdikləri ölkələrdə qurultayın 90 illiyi ilə əlaqədar keçirilən tədbirlərdən danışıb, mülahizə və təkliflərini bildiriblər.
Türk Dünyası
Akademiyaları Assosiasiyasının gələcək fəaliyyəti
barədə fikir mübadiləsi
aparılıb. Assosiasiyaya 2017-ci ilin oktyabrından AMEA-nın sədrlik edəcəyi
barədə qərar qəbul edilib.
Mədəniyyət.- 2016.- 28
oktyabr.- S.15.