Bakıda 42-ci Dünya
Şahmat Olimpiadası başlanıb
Mötəbər turnir
münasibətilə maraqlı mədəni layihələr də
təşkil edilib
Sentyabrın 1-də Bakıda, Milli Gimnastika Arenasında 42-ci Dünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Dünya Şahmat Federasiyasının (FİDE) nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak ediblər.
1927-ci ildən indiyədək 41 Dünya Şahmat Olimpiadası təşkil olunub. Bakının ev sahibliyi etdiyi 42-ci Olimpiada indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarış kimi tarixə düşəcək. Yarışda iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Olimpiadada 181 kişi və 142 qadın komandası mübarizə aparacaq. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir. Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunur.
Mərasimdə Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri, Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, FİDE-nin prezidenti Kirsan İlyumjinov çıxış edib.
Prezident İlham Əliyev 42-ci Dünya Şahmat Olimpiadasını açıq elan edib.
Açılış mərasimində parlaq video-meppinq proyeksiyaları, milli və müasir rəqslər, 176 nağaraçının müşayiət etdiyi bayraqlar paradından ibarət möhtəşəm tamaşa təqdim edilib.
Tamaşaçılar improvizə olunmuş şahmat dünyasına “səyahət edərək” Azərbaycan musiqisinin korifeyləri, böyük bəstəkarlar Qara Qarayevin və Fikrət Əmirovun musiqilərinin sədaları altında canlı ağ və qara fiqurların oyunda qızğın rəqabət və əbədi mübarizə ilə teatrlaşdırılmış rəqs şousunu izləyiblər.
Azərbaycanın qədim xalçaçılıq sənəti prosesində yaradılmış “Dünya kimi əbədi oyun” meppinqi Milli Gimnastika Arenasının meydançasını nəhəng rəsm əsərinə çevirib. Onların canlanmış ornamentləri keçmişimizin və bu günümüzün tarixi və gözəl ənənələrini təcəssüm etdirib.
Mərasim Azərbaycan estradasının beş populyar nümayəndəsinin improvizə edilmiş caz, rok və muğam sintezinin ifası ilə başa çatıb.
* * *
Qeyd edək ki,
42-ci Dünya Şahmat
Olimpiadasının yarışları “Kristal
Zal”da keçiriləcək.
İlk tura sentyabrın 2-də start veriləcək.
On bir turdan
ibarət yarışlar
sentyabrın 13-də yekunlaşacaq.
Dünya Şahmat Olimpiadası çərçivəsində “Kristal Zal”da Rusiyanın Şahmat Muzeyi tərəfindən sərgi
təşkil olunacaq. Sərgidə hind çaturanqa, İran satranc oyunları üçün dəst, Kral I Çarlz üçün fil sümüyündən hazırlanan
orta əsrlərə
aid şahmat dəsti,
buryat şahmat dəsti və digər çoxsaylı eksponatlar nümayiş etdiriləcək.
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin və Bakı Şahmat Olimpiadası Əməliyyat
Komitəsinin birgə
təşkilatçılığı ilə 42-ci Şahmat Olimpiadası çərçivəsində
1-14 sentyabr tarixlərində
“Kristal Zal”da “Azərbaycan
xalça sənəti”
sərgi-aksiyası keçirilir.
Sərgidə Azərbaycan xalça məktəblərinə (Qarabağ,
Şirvan, Gəncə,
Qazax, Quba, Bakı, Naxçıvan) uyğun stendlər quraşdırılıb. Tədbir iştirakçılarına
və şahmatçılara
xalçaçılıq, tətbiqi və təsviri sənət nümunələrinin nümayişi
ilə yanaşı xüsusi hazırlanmış
stendlərin önündə
milli geyimlərdə fotoşəkil çəkdirmək
imkanı yaradılıb.
“İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi də
mötəbər yarışa töhfəsini özünəməxsus
şəkildə ifadə edib. Qız
qalasının qarşısındakı meydanda
küçə şahmatı quraşdırılıb. Qədim
oyunun böyük
fiqurlarının düzüldüyü şahmat meydanı İçərişəhərin
koloritini artırmaqla yanaşı, tarixi ansambla xüsusi gözəllik bəxş edir. Küçə şahmatı intellektual oyunları, asudə vaxtını fərqli
və mənalı keçirməyi, kreativliyi
və ünsiyyəti sevən insanlar üçün ən uyğun
və orijinal seçimdir.
Bakı sakinləri, eləcə də şəhərimizin
qonaqları İçərişəhərdə, Qız
qalasının yanında gəzintiyə çıxmaqla
yanaşı, şahmat oynamağa
dəvət olunur.
Mədəniyyət.- 2016.- 2
sentyabr.- S.2.