Britaniya və İraqla
mədəniyyət və turizm əməkdaşlığı
müzakirə olunub
Mədəniyyət
və turizm naziri iki ölkənin Bakıdakı diplomatları
ilə görüşüb
Mədəniyyət sahəsində təcrübə mübadiləsi davam edəcək
Sentyabrın 1-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Kerol Meri Krofts və “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vaytı qəbul edib.
Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib, bu sahələrdə mövcud əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyi vurğulanıb.
Əbülfəs Qarayev mədəni əməkdaşlıq sahəsində həyata keçirilmiş bir sıra layihələr və proqramlar haqqında məlumat verərək, Azərbaycan tərəfin bundan sonra da davamlı olaraq təcrübə mübadiləsinin həyata keçirilməsində maraqlı olduğunu bildirib. Nazir “British Council” təşkilatının bu sahələr üzrə reallaşdırdığı layihələri də yüksək qiymətləndirərək, əməkdaşlığın davamlı olacağına və uğurlu nəticələrə yol açacağına inandığını deyib.
Nazir Bakı Prosesi və 2017-ci ildə keçiriləcək 4-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumu barədə də söz açaraq həmsöhbətlərini bu tədbirdə iştirak etməyə dəvət edib.
Britaniya səfiri Azərbaycanda olmaqdan böyük məmnunluğunu ifadə edərək bildirib ki, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti onda çox yüksək təəssüratlar yaradıb. Səmimi qəbula görə nazirə təşəkkürünü bildirən xanım Krofts Azərbaycanla mədəniyyət və turizm sahələrində əməkdaşlığın bundan sonra da inkişafına inamını ifadə edib.
İraqdan Azərbaycana turist sayının artması bu sahədə daha geniş əməkdaşlığa zəmindir
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sentyabrın 1-də İraq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Əl-Şuveylini də qəbul edib.
Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb, bu istiqamətdə görülən işlərin ölkələrimizin dost münasibətlərinin daha da genişlənməsinə töhfə verəcəyi bildirilib.
Nazir Azərbaycan və İraq arasında mədəniyyət sahəsində imzalanmış saziş haqqında məlumat verib və bu çərçivədə işlərin aparılmasının əhəmiyyətini qeyd edib. Son vaxtlar İraqdan Azərbaycana gələn turistlərin sayında əsaslı artım olduğunu diqqətə çatdıran Əbülfəs Qarayev bu sahədə əlaqələrin daha da genişləndirilməsinə ehtiyac olduğunu vurğulayıb, iki ölkə arasında turizm mübadiləsi haqqında da sazişin imzalanmasını təklif edib.
İraqlı diplomat qəbula
görə nazirə təşəkkürünü bildirib və təklif olunan
məsələlərin həllində ölkəsinin
maraqlı olduğunu deyib.
Mədəniyyət.- 2016.- 2
sentyabr.- S.3.