Gənclərimiz Rusiyanın məşhur teatr institutunda təhsil alacaqlar
Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyi ilə Rusiyanın Yevgeni Vaxtanqov adına Dövlət
Akademik Teatrı yanında Boris Şukin adına Teatr İnstitutu arasında bağlanmış müqaviləyə
əsasən 11 azərbaycanlı
gənc bu məşhur tədris ocağında sənət
təhsili alacaq.
İnstitutun Moskvanın Köhnə Arbat küçəsində
yerləşən binasında
azərbaycanlı gənclərə
tələbə biletlərinin
təntənəli təqdimat
mərasimi keçirilib. Nazirliyin İncəsənət
şöbəsinin müdiri
İsmayıl Hüseynov
tədbirdə iştirak
edib.
Şöbə müdiri jurnalistlərə
müsahibəsində bildirib
ki, Azərbaycan Prezidentinin sərəncamı
ilə təsdiq olunmuş “Azərbaycan teatrı 2009-2019-cu illərdə”
Dövlət Proqramının
icrası çərçivəsində
həyata keçirilən
layihəyə uyğun
olaraq institutun tanınmış mütəxəssisləri
tərəfindən Bakıda
keçirilmiş müsabiqə
əsasında seçilən
gənclər Moskvada
“Teatr və kino dram aktyoru” və “Teatr rejissoru” ixtisasları üzrə 5 il müddətində təhsil
alacaqlar.
İ.Hüseynovun sözlərinə görə,
nazirlik gənclərin
Rusiyada təhsil haqqı və yaşayış, aviabilet
xərclərinin, eləcə
də aylıq təqaüdlərin ödənilməsini
öz üzərinə
götürüb. Moskvada təhsili
başa vurduqdan sonra vətənə dönən gənclər
nazirlik tərəfindən
işlə təmin olunacaqlar. Şöbə müdiri onu
da vurğulayıb ki, Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əlaqələrin
sürətlə inkişaf
etməsi sayəsində
əldə olunan bu razılıq respublikamız üçün
yüksəkixtisaslı teatr
və kino kadrlarının yetişdirilməsində
yeni mərhələ
açır.
“Azərbaycan xalqı
çox istedadlı xalqdır. Biz bir
çox azərbaycanlı
aktyor və rejissorları tanıyır
və sevirik. Elə təkcə Müslüm Maqomayev və Polad Bülbüloğlunu
xatırlamaq kifayətdir.
Azərbaycan mədəniyyəti, teatr sənəti ən yüksək tərifə layiqdir”.
Bu sözlər isə Rusiyanın Xalq artisti, B.Şukin adına Teatr
İnstitutunun rektoru Yevgeni Knyazevə məxsusdur.
O, azərbaycanlı gənclərin “Vaxtanqov məktəbi” kimi məşhur olan bir təhsil ocağında sənətin sirlərinə yiyələnməsinin ilk təcrübə olduğunu qeyd edərək deyib: “İnstitutumuzla Azərbaycan arasında qarşılıqlı fəaliyyətin yeni səhifəsi açılır. Azərbaycandan olan tələbələrimizin yüksək ixtisasa yiyələnməsi üçün əlimizdən gələni edəcəyik. Başlıcası budur ki, onlar tədris metodu “fantastik realizm” kimi səciyyələndirilən “Vaxtanqov məktəbi”nin bayrağını yüksəldə və Azərbaycana apara bilsinlər”.
Azərbaycanlı gənclərin kurs rəhbəri, institutun rejissorluq kafedrasının müdiri, Rusiyanın Əməkdar incəsənət xadimi, professor Mixail Borisov layihəni Rusiya və Azərbaycan mədəniyyətlərinin qarşılıqlı zənginləşməsinə töhfə olduğunu bildirib. O, Azərbaycanda teatr mədəniyyətinin inkişafına qayğıdan danışaraq deyib: “Sevindirici haldır ki, Azərbaycan Prezidenti, hökumətiniz ölkədə mədəniyyətin, o cümlədən teatr sənətinin inkişafına xüsusi diqqət yetirirlər. Biz çalışacağıq ki, institutumuzda təhsil alacaq azərbaycanlı gənclər milli teatr sənətinizə yeni hislər, yeni ideyalar gətirsinlər, teatr prosesinin liderlərinə çevrilsinlər”.
M.Borisov Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin çoxillik tarixindən danışaraq səhnələşdirdiyi “Arşın mal alan” tamaşasının Bakıda uğurlu nümayişini də xatırlayıb: “Azərbaycanda Moskva mədəniyyəti günlərində iştirak etmək üçün Bakıya gəlmişdik. Bizim təqdim etdiyimiz “Arşın mal alan” tamaşası bakılı teatrsevərlər tərəfindən hərarətlə qarşılanmışdı”.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Vüsal Mehrəliyev Moskvada təhsil alacaq tələbələr adından Rusiyanın əfsanəvi teatr institutlarından birində təhsil almaq imkanına görə Azərbaycan dövlətinə, Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.
Mədəniyyət.- 2016.- 2
sentyabr.- S.4.