Yaşar Nuri
Böyük sənət, sehrli
səhnə və ekran nuru...
Onun həyat eşqi ilə dolu surətini gözlərim önündə görə-görə, əziz və ləziz xatirəsini canlı olaraq xatırlaya-xatırlaya yazıram bu yazını. Elə bil dünən idi - xalqın bu sevimli Xalq artistini son mənzilinə, müsahibələrinin birindəki təbirilə desək, “öz qiyamətinə” yola saldığımız gün. O gün ki, illərlə güldürdüyü saysız-hesabsızlar dünyanın bu etibarsızlığına “gülürdülər”...
Amma bu “dərdi-pərdə”də çox çalmağa, bədabəd qalmağa dəyməz. Zaman hansı ələmə məlhəm olmayıb ki? Həm də axı, Yaşar Nuri tək elə dövlətin verdiyi qədir-qiymətlə yox, xalqın da titullaşdırdığı, fenomenə çevirdiyi aktyorlardandır. Hələ onun zaman-zaman işlətdiyi replikalar, dadlı-duzlu ekspromt frazalar, eyhamlar ladına düşsək, bu həyat etibarsızlığına şaqqıldayıb gülə də bilərik.
Tanrı hərənin xəmirinə bir çimdik yaratmaq qabiliyyəti qatıb (kimimiz onu yoğurub-yapıb püxtələşdirir, kimimizsə - laqeydlikdənmi, qədirbilməzlikdənmi - it-bata salırıq). Onun xəmiri isə bütünlüklə istedad mayasından, dad-tam bərəkətindən yoğurulmuşdu. Tanrı ondan əsl aktyorluq üçün heç nə əsirgəməmişdi.
Kimdən?
3 sentyabr 1951-ci ildə Bakıda - tanınmış bir aktyor ailəsində anadan olub, 22 noyabr 2012-ci ildə məşhurlar məşhuru bir aktyor kimi bu dünyadan köçmüş fenomenal komik, psixoloji və dramatik rolların məharətli ifaçısı Yaşar Məmmədsadıq oğlu Nuriyev - Yaşar Nuridən!
O, səhnəyə ilk dəfə on bir yaşında "Toy kimindir?" tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olub, uşaqlarçün hazırlanan “Buratino”, “Qaranquş”, “Pioner” veriliş-teatrlarında müntəzəm iştirak edib. Müxtəlif dram dərnəklərində, mədəniyyət sarayı, xalq teatrı tamaşalarında çıxışları olub. Bu şagirdə “gözəgörünən fitri istedad”, civə kimi hərəki, heç bir situasiyada sıxılmayan, “hər an improvizə” Allahın bəlası deyiblər. Səsi aydın və yapışıqlı, çöhrəsi şirin, xoşagəlimli və öz oyunundan zövq, ləzzət alan bir uşaq olub gələcəyin bu böyüyü.
1968-ci ildə orta məktəbi bitirib Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olan, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan sənət dərsləri alan, bütün ali məktəb tələbələrinə nisbətdə daha ayıq-arif uşaqlar içərisində qeyri-formal liderlik edən Yaşar “hazır aktyor”, “istedadı yaşından yaşlı” hesab olunurmuş.
Tələbəliyində Balaş (“Sevil”), Salmanov (“Toy”), Nezmanov (“Günahsız müqəssirlər”) və başqa obrazlar yaradan Yaşar institutu bitirdikdən (1972) sonra əsgəri xidmətdə olur, qayıdıb institutun tədris teatrında aktyorluğa başlayır, 1974-cü ilin sonunda məşhur rejissor Tofiq Kazımovun dəvətilə Akademik Dram Teatrının aktyor truppasına qəbul olunur. Bu səhnədə ilk rolu A.Vampilovun “Övlad” komediyasında Silva olub. Sonra İ.Əfəndiyevin “Bağlardan gələn səs”ində Pərviz, M.İbrahimovun “Bəşərin komediyası və yaxud Don Juan”ında Sqanarel, “Dəli yığıncağı”nda Sərsəm Salman, “Sevil”də Əbdüləli bəy və başqa yaddaqalan obrazlar.
Tarixən müəlliflərin “zəmanə gedişatı”, rejissorların “mənəm”lik traktovkası cızıqlarından çıxan aktyorlar az olmayıb və öz istedad qaynamaları ilə seçilən Yaşar Nuri də onlardan biri. Həmkarlarından bir çoxunun dediyinə görə, Yaşar da tamaşa zamanı öz improvizəsi ilə ənənəvi gedişatı darmadağın etmişlərdən olub və bunlar tamaşaya xüsusi bir “quruluş” gətirib, qeyri-adi kolorit verib. Etiraz və qadağaların heç bir fayda vermədiyini görən teatr və kino rejissorlarımızın çoxu isə Yaşara əlahiddə bir sərbəstlik verirmiş...
Teatr-səhnə tariximizdə görkəmli sənətkar kimi yer tutan Yaşar Nuri həm də məşhur kino və televiziya fenomenlərindəndir. Onun böyük populyarlıq qazandığı ekran obrazlarını sadalamağın özü belə asan deyil. Filmoqrafiyasına əlliyə yaxın kinolent daxildir, Azərbaycan Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. AzTV fonduna daimi sənət nümunələri kimi düşmüş bu tamaşalardan “Yollar görüşəndə...”, “Ömrün yolları”, “Qatarda”, “Evləri köndələn yar”, “Kökdən düşmüş piano”, “Topal Teymur”, “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” (trilogiya), “Göz həkimi”, “Ac həriflər” və digərlərini bu gün də məmnuniyyətlə xatırlayırıq.
Yaşar Nuri qəliz rəqs, fraqmental muğam, parodik estrada, aşıq havaları ilə satirik, dramatik, psixoloji, komik, qrotesk və karnaval mahiyyətli obrazlar yaradan ustad, rəngarəng, təravətli, dadlı-tamlı improvizələrilə ürəklərə yol tapan universal səhnə canlısı kimi də yaddaşlara köçüb.
Aktyor nəinki televiziya, həmçinin radio və kinostudiyanın dublyaj sektoru ilə də əməkdaşlıq etmiş, radioda "Sabahınız xeyir", "Gülüş axşamı" yumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olmuşdur. "Azərbaycanfilm" kinostudiyasında çoxlu sayda milli və əcnəbi filmlərin səsləndirilməsində iştirak etmişdir.
Bütün yaradıcı ömrü boyu sənət, xalq, dövlət görəvində olmuş bu sənətkar bu xidmət və məhəbbətin qarşılığını da görmüşdür. Bu qarşılığın xalq sevgisi “topdan”ından danışmağa ehtiyac olmadığını bildiyimdən, “pərakəndə” diqqətlərə çatdırım ki, cəmisi (!) 30 illik yubileyində ilk fəxri təltifata - Əməkdar artist adına, 40 illiyində (“Yaramaz” filmindəki roluna görə) Dövlət mükafatına layiq görülən bu sənətkar haqda 45 yaşında “Səhnəmizin Yaşarı”, 50 illiyində “Yaşar - olduğu kimi” sənədli filmləri çəkilmişdir. 60 illik yubileyi isə (2011) Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təntənəli şəkildə qeyd olunmuşdur. İki dəfə layiq görüldüyü “Qızıl dərviş”, Cəfər Cabbarlı, Milli Kino mükafatları, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, “Şöhrət” ordeni...
Həmişəyaşar...
İncə bir mətləb var; hər kəs dünyaya öz içindən baxır, öz içindəkinin qədəri qədər görür dünyanın simasını. Nə qədər ki özümüz olmağı, arzularımıza çatmağı bacarmırıq - dünyamızı qura bilmirik. Yaşar Nuri də özündən baxıb dünyaya, amma bir az da “özgə”lər gözüylə. Elə səmimi baxıb ki, onu çox səmimi görüb, sənətə çevirib və bunu səhnəyə də gətirib. Bunların hamısını sözə, hərəkətə, baxış-duruşa çevirərək, tamaşaçı gözünə görsədə, tamaşaçı qulağına çatdıra bilib. Saxtalıqdan uzaq, sünilikdən iraq bir mənəvi mesenatlıqla paylayıb. Daha nələr qoyub getdiyini üstündən illər keçəndən sonra lap aydın anlayacağıq.
Yaşar Nuri səhnəyə uşaqlıqdan çıxmışdı deyə, onun ikinci evi hesab olunurdu bu sirli meydan. Bəlkə elə bu duallıqdan yaranmışdı - onun sənət doğmalığı, bu qədər səhnə sərbəstliyi.
Yaşar anadangəlmə şux idi, çevik idi. Canı oyun ünsürləri
ilə mayalanmışdı
sanki. Məmmədsadıq Nuriyev kimi bir aktyorun övladı
olmaq da ki bir yandan.
Rejissorlar üçün əziyyətsiz-filansız
- "hazırca kökə"
idi Yaşar Nuri. Oyunu yaşayıb obrazı
yaşadan Yaşar Nuri. Yaradanı ona yaradıcı
təbiiliyini, improvizə
qabiliyyətini, jestikulyasiya
fəallığını, mimik ustalığını
kifayətcə vermişdi.
Sözüylə ifası, duyğusuyla
hərəkəti vəhdətdəydi.
Dövründəki tamaşaçı ordusunun çoxsaylı zabit-zabitəli qismi məhz onun “gəl-gəl” komandasıyla
gəlirdi teatra.
Bu “fakt”ologiyada belə bir qələbə
də gizlənmirmi ki; əgər aktyor öz ifaçılıq cəzbi,
xarizma üstünlüyü,
tanıtım-tapıntılarıyla sənət məbədinə
daha çox tamaşaçı kütləsi
cəlb etməyi bacarırsa, elə onun özü də bir teatr
deməkdir!?
Aktyorluq barmaqla sayılan peşələrdəndir ki,
nəzəriyyəsilə əməliyyəsi
heç də həmişə sinxron alınmır. Kütlələrin ən kütü
belə, teatra gələrkən yüksək
iddiada olur. Onun görmək, səhnə-parter
prosesindən almaq istədiyi budur ki, hər şey
- ən xırda detallar belə - orijinal olsun. Deməli, təqdimatçı daim maraqlandırma fəaliyyətində
olmalıdır.
Bu an onun fotoşəkillərinə
də baxıram, amma xəyalım gözlərimdən də
aydın görür onu. Fotoşəkildəki Yaşarın naməlum
nöqtəyə dikilən
baxışları uzaq
yollu yol bələdçisini xatırladır.
Bu uzun, incə
yolun məlum ucundan məchul ucunadək Xəzərin pərişan saçlı
dəli dalğaları
görünür, haradansa
Vaqif Mustafazadə sədaları eşidilir
- milli tembri, ahəngdar, obrazlı tryukları ilə. Bakı rəsmini xatırladan sehrlər yaranır -Tofiq Quliyev bəstələri
ladlarında, Arif Babayev filmlərinin kadr-koloritində səslənir.
İçərişəhər küçələrindəki
çarpanaq daşlar
yaralayır “Hanı Yaşar?” motivli düşüncələrimin əl-ayağını.
Axı, Bakı bütün özünəməxsusluğu
ilə əsasən bu kimi sənət
bakılılarının yaradıcılığında
tərənnüm olunurdu!
Yaşar Nuri - həzz ala-ala oynayan, ləzzət verə-verə
izlənilən Bakı
oyunçuluğu, Bakı
teatrallığı, Bakı
kino-kameramanlığı demək
idi...
...Ona tamaşa edərkən sanki oyuna deyil, reallığa,
oyunçuya deyil, neçə-neçə insan
taleyinə şahidlik
edirdik. O, nə ağzıgöyçəklər üçün dil yeri qoyurdu, nə
də tənqidçilər
üçün əl
yeri. Belələri çoxlaşmağı, müxtəlifləşməyi
bacarsalar da, dünyaya tək-tək gəlirlər...
Yaşar neçə-neçə obrazlardan
əlavə, neçə-neçə
aktyorluğu da cəmləşdirmişdi öz
şəxsində. Üzünün universal oynaq cizgiləri ilə neçələrini
oynamadı?! Sözü ilə
qəlblərə nüfuz
edən saysız-hesabsız
başqaları oldu.
Orijinal səsi, bənzərsiz hərəkətlərilə özü
idi, obrazları ilə başqaları.
Amma bu sənətkar
heç bir halda, heç bir nüansda “və başqaları”ndan olmadı!
Bu zalım balası
elə “xatalı” tərəf-müqabil idi ki, onu kiminləsə
duallaşdırmaq müşkül. Elə “əl
vurma, öldürər!”
(əlbəttə, güldürməkdən!) energetikalı aktyor idi ki, obrazlarına
adekvat Obrazını yaratmaq çətin. Elə “mürəkkəb”, mütəhərrik
mühərrik idi ki, obrazlı desək, bu obraz-aləmin bütün
şəxsiyyət detallarını
incələyib, hiss-duyğu
hissələrinə varıban
“söküb-yığmaq” qeyri-mümkün.
Belə-belə işlər, Yaşar
Nuri! Bütün obrazlarıyla birləşib,
səhnədə-sənətdə qələbə çalan
Yaşar Nuri!
Tahir Abbaslı
Mədəniyyət.- 2016.- 2
sentyabr.- S.12.