Düzən
Qarabağda qədim alban
məskəni
Qalatəpə antik
şəhər yerində arxeoloji tədqiqatlar
davam etdirilir
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Mil-Qarabağ ekspedisiyası yay aylarında Qalatəpə antik və orta əsr şəhər məskənində arxeoloji tədqiqatları davam etdirib.
İnstitutun aparıcı elmi işçisi, Mil-Qarabağ ekspedisiyası Qalatəpə dəstəsinin rəhbəri Təvəkkül Əliyev bildirib ki, düzən Qarabağda - Ağcabədi rayonu ərazisində, Qarqarçayın sağ sahilində yerləşən və ümumi sahəsi 26 hektar olan bu qədim yaşayış yerində araşdırmalar 2008-ci ildən aparılır. Əvvəlcə 300 kvadratmetr sahədə 10 metrə yaxın qalınlığı olan mədəni təbəqə öyrənilib. Abidənin yaxınlığındakı küp və torpaq qəbirlərdən ibarət nekropoldan əldə edilən arxeoloji materiallar Qalatəpə yaşayış məskəninin antik dövr təbəqəsinin tədqiqində mühüm rol oynayır.
Qalatəpənin mədəni təbəqələri arasında keçidi daha ətraflı araşdırmaq məqsədilə ikinci qazıntı sahəsi də tədqiqata cəlb edilib. 2013-2015-ci illərdə burada 200 kvadratmetr sahədə qazıntı işləri aparılıb, 1,6 metrə yaxın qalınlığı olan mədəni təbəqə öyrənilib.
Bu il isə əsas diqqət digər sahələrin tədqiqinə yönəlib. Burada orta əsrlərə aid bişmiş və çiy kərpiclərdən tikili qalıqları, təsərrüfat quyuları, təndir qurğuları açılıb. Əldə edilən arxeoloji materiallar sırasına şirli və şirsiz saxsı qab nümunələri, daşdan əmək alətləri, şüşə və dəmir əşyalar daxildir. Gələcək tədqiqatlar qeyd olunan qazıntı sahəsində həm erkən orta əsr, həm də antik dövr təbəqələrinin araşdırılmasına imkan verəcək.
Arxeoloq qeyd edib ki, Qalatəpə şəhər yerindən və nekropolundan əldə edilən qədim artefaktlar qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının Ayniana və ya Enian şəhəri haqqında məlumat vermiş Strabonun yaşadığı dövrlə üst-üstə düşür. Bu şəhər e.ə. III-II əsrlərdə meydana gəlib. E.ə. I - b.e.-nın II əsrlərində şəhərdə gur həyat olub, sənətkarlıq, qonşu regionlarla, o cümlədən Roma imperiyasının əyalətləri ilə ticarət əlaqələri inkişaf edib. III əsrdən başlanan Sasani-Roma, sonrakı əsrlərdə isə Sasani-Bizans, Sasani-Ərəb və Ərəb-Xəzər müharibələri zamanı döyüş meydanı olan Mil-Qarabağ düzündə, o cümlədən qədim Ayniana (Enian) şəhərində həyat ritmi pozulub. IX-X əsrlərdə - Xilafətin tənəzzülü zamanı Qalatəpə şəhər yerində həyat yenidən canlanıb, lakin XIII əsrin əvvəllərində monqol yürüşləri nəticəsində qədim şəhər süquta uğrayıb.
Arxeoloqun dediyinə görə,
Qalatəpə arxeoloji dəstəsi
2016-cı ildə Ağcabədi rayonunun
digər ərazilərində də kəşfiyyat-axtarış
işləri aparıb. Minaxorlu kəndi
yaxınlığında, Qarqarçayın yatağında
Erkən Dəmir dövrünə aid təsərrüfat
küpləri açılıb öyrənilib. Yeni Qaradolaq kəndinin ətrafında
Ellinizm dövrünə - e.ə. III-I əsrlərə
aid küp qəbirlərindən
ibarət nekropolun açılması da böyük maraq doğurur.
Mədəniyyət.- 2016.- 2
sentyabr.- S.13.