Sürrealizm və Salvador Dali
Əslində dahilik çətin, qarışıq, anlaşılmaz olanı insan üçün sadələşdirmək, əlçatan eləməkdir. Sürrealistlər isə çətini asanlaşdırmaq yerinə qəlizləşdirir, tamaşaçını çıxılmazlığa salır
XX əsr avanqard cərəyanlarının ən sonuncusu olan sürrealizm fransız dilində “realizmdən üstün» anlamındadır. Bu cərəyan Avstriya psixiatrı Ziqmund Freydin nəzəriyyəsi, irrasionalizm (duyğuları idrakın əsas özəlliyi kimi qəbul edən fəlsəfi təlim) və alogizmə (məntiqsizlik, idrakı inkar edən düşüncə tərzi) söykənir. Adıçəkilən cərəyan ötən yüzilin 20-ci illərində Fransada ədəbiyyatçılar arasında yaranıb. Ədəbiyyatda Luis Araqon, Pol Elüar və başqaları bu cərəyanın ilk nümayəndələri sayılırlar.
Z.Freydin “şüurdan instinktə keçid üçün azad assosiasiya nəzəriyyəsi” üzərində qurulan sürrealizm XX yüzildə ən məşhur və uzunömürlü sənət cərəyanlarından biridir. Bu cərəyan I Dünya müharibəsi illərində psixiatriya sahəsində işləyən və Freydin düşüncələriylə yaxından tanış olan Andre Breton tərəfindən sistemləşdirilib.
Sürrealistlər instinktləri, xəstə əhvalları, sayıqlama, qarabasma və yuxuları bədii yaradıcılığın başlıca qaynağı və estetik prinsipi sayırdılar. Sürrealizmə əcaiblik, gerçəkliyə uyuşmayan məntiqsiz düşüncə tərzi daha xarakterikdir. Bu cərəyanın əsas istəyi instinktin idrakdan üstünlüyünü göstərməkdir.
Bretonun ətrafında
Pol Elüar, Benjamin Peret, Rene Krevel, Robert Desnos, Marsel Duxamp,
Andre Masson və başqa qələm sahibləri var idilər.
1924-cü ildə onlar özlərinin ilk “Surrealist manifesto”
adlı kitablarını nəşr etdirirlər. Bretonun səylərinə
baxmayaraq, sürrealistlər fikir birliyinə gəlmədilər.
Bu yazarlar bir-birini nədəsə suçlayır və
onlarla razılaşmayanları sıralarından
çıxarırdılar.
Fransız
filosofu Henri Berqsonun intuitivizm (həqiqətin duyğularla
ortaya çıxmasını önə çəkən fəlsəfi
təlim) təlimi də sürrealizmə təsir edib. Bu cərəyan
öz qarşısına insanın sosial, mənəvi,
intellektual azadlığına nail olmağı qoymuşdu və
həm də incəsənətin kommersiya vasitəsinə
çevrilməsinə qarşı idi. Di gəl ki, tarix
başqa bir gerçəkliyi ortaya qoydu. S.Dali başda olmaqla
bütün tanınmış sürrealist rəssamların əsərləri
bu gün dünyada ən bahalı əsərlərdir.
Qeyd edək
ki, sürrealistlərin sələfləri məntiqi inkar edən
dadaistlər olublar. Bu cərəyanın Belçikadakı ən
önəmli nümayəndəsi olan Rene Magritte gerçək
məntiqə uyuşmayan, zahirən fəlsəfi
görünən əsərlər yaradırdı. İspan rəssamı
Ruan Miro da gözlənilməz biçim və rənglərdən
istifadə edirdi. Onun əsərləri üçün ən
başlıca özəllik qarmaqarışıqlıq idi. Rəssamın
əsərlərində predmetlər var, ancaq onların nə
ifadə etdiyi müəmmalı olaraq qalır, əsərlər
ilk baxışdan kollaja oxşayır.
20-ci illərdə
bir çox sənətkarlar kimi bəstəkarlar da
sürrealizmin təsirinə düşmüşdülər.
Sürrealizm özünü caz və bluz musiqilərinin
improvizasiyasında da göstərirdi.
30-cu illər
adıçəkilən cərəyanın ən uğurlu
dönəmi sayılır. Dali və Magritte sürrealizmin
prinsipial əsərlərini yaradırlar. Lakin bu dövrdə
sürrealizm ədəbiyyatda önəmini itirir, L.Araqon,
P.Elüar və başqaları ondan uzaqlaşırlar.
40-cı illərdə sürrealizmin mərkəzi ABŞ olur,
Andre Breton, Salvador Dali və başqa yaradıcılar
yaşamaq üçün buraya köçürlər. II
Dünya müharibəsindən sonra Avropada faşizmə nifrət
edən rəssamların çoxu Şimali Amerikaya üz
tuturdular. Buna görə bir çox amerikalı rəssamlar da
sürrealizmlə məşğul olmağa
başlamışdılar. Sürrealizm Amerika incəsənətinin,
mədəniyyətinin inkişafında ayrıca rol
oynayıb.
Sürrealizmin
ən tanınmış nümayəndələrindən olan
ispan rəssamı Salvador Dali eyni zamanda heykəltəraş,
rejissor kimi də dünya incəsənət tarixində iz
qoyub. O, 1904-cü ildə İspaniyanın Fiqeras şəhərində
doğulub, rəssamlığa marağı uşaq
yaşlarından yaranıb. 1916-cı ildə o, ilk dəfə
modernist incəsənətlə tanış olur və bu, onun
gələcək yaradıcılığına təsir edir.
1919-cu ildə Dalinin ilk fərdi sərgisi keçirilir.
1921-ci ildə
o, Madriddəki San-Fernando İncəsənət
Akademiyasında oxumağa başlayır. Burada ispan incəsənətinin
bir çox nümayəndələri ilə yaxından
tanış olur. Bu dövrdə kubizm və dadaizm cərəyanlarına
da meyl göstərir. 1926-cı ildə müəllimlərə
qarşı saymaz davranışına görə akademiyadan
xaric edilir. Elə həmin il Parisdə Pikasso ilə
tanış olur. 1929-cu ildə o, A.Breton tərəfindən təşkil
olunmuş sürrealistlər dəstəsinə qoşulur.
1934-cü ildə Dali fransız şairi Pol Elüarın
xanımı rus əsilli Qala (Yelena Dyakonova) ilə qeyri-rəsmi
nikah bağlayır, ömrünün sonuna kimi bir yerdə
yaşayırlar. Qala sonradan rəssamın bir çox əsərlərində
əsas obrazlardan birinə və ilhamvericisinə çevrilir.
1936-cı
ildə İspaniyada başlanan vətəndaş müharibəsi
Salvador Dali ilə onun solçu düşüncələrə
malik sürrealist yoldaşları arasında fikir
ayrılığına səbəb olur. Dali bu dəstədən
xaric edilir, buna cavab olaraq o, “sürrealizm mənəm” fikrini
söyləyir. 1940-cı ildə Dali həyat yoldaşı
Qala ilə birlikdə ABŞ-a köçür və 1948-ci
ilədək orada yaşayırlar. 1949-cu ildə vətənə
qayıdır, Kataloniyada məskunlaşır.
Dalinin rəsm
əsərləri hələ sağlığında sənət
bilicilərinin diqqət mərkəzində olub. O
bütün əsərlərində sürrealizmin prinsiplərinə
sadiq olub. Onun əsərləri ən hazırlıqlı
tamaşaçı üçün də bir müəmmadır.
Rəssam nə demək istəyir? - hamı bunu bilməyə
can atır və heç nə öyrənə bilmir, yəni
hansısa məntiqi sonuca varmaq olmur.
Hələ
də bəziləri bu düşüncədədirlər ki,
Dali əsərlərində gələcək haqqında hansısa
bilgilər qoyub. Guya orada gələcək haqqında önəmli,
bəşərin yönünü dəyişəcək
fikirlər yer alıb. Əslində bu, Dali haqqında
yaradılan mifdir. Bu baxımdan Dalinin əsərlərində
gələcəyi axtarmağın özü məntiqsizlikdir.
Ona görə ki, onun əsərlərində ilk baxışdan
insanı cəlb edən sirli müəmma açılmaq əvəzinə,
daha da anlaşılmazlığa dirənir.
Tamaşaçı idrak sonuca vara bilmir, çünki məntiq
qırılır. Rəssam bizi inandırır və
aldadır. Bu isə illüziyadır. Bu baxımdan məntiqsizlik
onun əsərlərinin başlıca “məntiq”idir. Rəssamın
diqqətçəkən bədii üsullarından biri
illüziyalardan uğurla istifadə etməsidir.
Dalinin bu
müəmma dolu dahiliyi bizə nə vəd edir? Əslində
dahilik çətin, qarışıq, anlaşılmaz
olanı insanlıq üçün sadələşdirmək,
asanlaşdırmaq, əlçatan eləməkdir. O isə
çətini asanlaşdırmaq yerinə onu qəlizləşdirir,
tamaşaçını çaşdırır,
çıxılmazlığa salır. Bu, əslində XX əsr
incəsənətinin çox yayğın xüsusiyyətidir
ki, bu gün modernist rəssamlar arasında dəbdədir.
Onlar kiməsə nəyisə izah etməyə gərək
duymurlar. Yəni, kim necə istəyir, anlasın. Beləcə
həmin əsərlər illər boyu anlaşılmaz olaraq
qalacaq...
Dali 1500-dən
çox rəsm əsəri çəkib. Eləcə də
o, onlarla heykəl, daş üzərində müxtəlif səpkili
əsərlər yaradıb, kitab illüstrasiyaları, teatr
dekorları və kostyumların yaradıcısı olub.
1981-ci ildə rəssamın mərkəzi sinir sistemində
problemlər yaranır, o, Parkinson xəstəliyinə tutulur.
10 iyun 1982-ci ildə həyat yoldaşı Qala vəfat edir.
1984-cü ildə Dalinin yataq otağında yanğın
baş verir. Deyilənə görə, o, intihara cəhd edibmiş.
Xidmətçiləri onu xilas edə bilirlər.
Dali
ömrünün qalan hissəsini öz adını
daşıyan teatr muzeyində yaşayır. 1988-ci ildə
infarkt keçirir, 23 yanvar 1989-cu ildə ürək
çatışmazlığından dünyasını dəyişir.
S.Qaliboğlu
525-ci qəzet.- 2016.- 2 sentyabr.- S.15.