73-cü Venesiya
film festivalı işə
başlayıb
Budəfəki kino müsabiqəsində
müharibə və sevgi mövzusunda ekran əsərləri çoxluq təşkil edir
İtaliyada dünya kinosunun ən mötəbər müsabiqələrindən sayılan
ənənəvi Venesiya
film festivalı avqustun
31-də işə başlayıb.
Venesiyanın Lido yarımadasında təşkil olunan kinofestival bu il 73-cü dəfə
keçirilir. Qeyd edək
ki, İtaliyada baş verən zəlzələ ilə əlaqədar festivalın
təmtəraqlı açılış
mərasimi olmayıb.
Festivalın açılış günündə
ABŞ istehsalı olan
“Aşiqlər şəhəri”
(“La La Land”) film-müzikli göstərilib. Baş rollarda
Emma Stoun və Rayan Qoslinqin çəkildiyi musiqili filmin rejissoru Demyen Şazelldir. Ekran əsəri Hollivud müzikllərinin “qızıl
era”sına həsr olunub. Cey Key Simmons və ifaçı
Con Lecendin də çəkildiyi film festivalın
müsabiqə proqramında
təqdim olunur. Builki Venesiya kinofestivalının münsiflər
heyətinin sədri Sem Mendesdir.
Festivalda Türkiyədən Reha Erdemin “Böyük dünya” filmi də iştirak edir. Alman rejissor Wim Wendersin “Aranhausda son günlər” (“Les Beaux Jours
d'Aranjuez”) filmi də festivalda diqqət çəkən
siyahıdadır. Bu il festivalda cəmi iki qadın
rejissor (İran əsilli ingilis ssenarist və rejissor Anna Lili Amirpour və italyan Martina Paranti) iştirak edir.
Məşhur rus rejissoru Andrey
Konçalovskinin “Cənnət”
(“Paradiese”) filmi İkinci Dünya müharibəsindən bəhs
edir. Müharibə illərində mühacir
rus qadın Olqa fransız Jül ilə sevgi yaşayır. Filmin baş rolunu rejissorun həyat yoldaşı Yuliya Visoçskaya oynayır.
Ümumiyyətlə, builki Venesiya festivalında müharibə
dəhşətlərindən bəhs edən filmlər çoxluq təşkil edir. Bosniya-serb rejissoru
Emir Kusturitsa 10 illik aradan sonra ilk dəfə “Süd yolu” (“On the Milky Road”) filmi
ilə festivala qatılıb. Filmdə Bosniya
müharibəsi zamanı
yaşanan sevgi hekayəsi təsvir olunur.
Avstraliya və Amerika rejissoru Mel Gibson da uzun müddətdən sonra müharibədən bəhs edən “Vicdan mülahizələrinə
görə” (“Hacksaw Ridge”) filmi
ilə festivalda iştirak edir. Film İkinci Dünya müharibəsindən bəhs
edir.
Xatırladaq ki, 2014-cü ildə Venesiya festivalında Azərbaycan rejissoru Elçin Musaoğlunun “Nabat” tammetrajlı bədii filmi kinofestivalın “Horizontlar”
(“Orizzonti”) proqramında
nümayiş olunmuşdu.
73-cü Venesiya film festivalı
sentyabrın 10-dək davam
edəcək.
Lalə
Mədəniyyət.- 2016.- 2
sentyabr.- S. 16.