MövsümLeyli və Məcnun”la açılacaq, “Bal-Maskaradda olacaq

 

 

Azərbaycan Dövlət Akademik OperaBalet Teatrı 108-ci teatr mövsümünü Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşası ilə açacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, sentyabrın 18-də başlanan Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunacaq tamaşada Xalq artisti Mənsum İbrahimov (Məcnun) ilk dəfə tələbəsi, gənc solist Arzu Əliyeva ilə (Leyli) birlikdə səhnəyə çıxacaq.

Səhnə əsərində əməkdar artistlər Cahangir Qurbanov, Təyyar Bayramov, Sabir Əliyev və başqaları da iştirak edəcək. Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Sentyabrın 24-də isə teatrda premyera olacaq. Kollektiv VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində teatrsevərlərə Cüzeppe VerdininBal-Maskarad” operasını təqdim edəcək.

Premyerada əsas partiyaları Belarusun Əməkdar artisti Stanislav Trifonov, əməkdar artistlər Fərid Əliyev, İlahə Əfəndiyeva, İnarə Babayeva, Səbinə Vahabzadə, habelə solistlər Tural Ağasıyev, Əliəhməd İbrahimov və Tələt Hüseynov ifa edəcək. Tamaşanın musiqi rəhbəri və dirijoru Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Nərgiz Ağayevadır.

1859-cu ildə ilk dəfə tamaşaya qoyulanBal-Maskaraditalyan bəstəkarın ən məşhur operalarından biridir və dünyanın qabaqcıl opera teatrlarının repertuarını bəzəyir.

 

Mədəniyyət.- 2016.- 7 sentyabr.- S.6.