Prezident XaçmazQusar rayonlarına səfər edib

 

 

Hər iki rayonda yeni mədəniyyət və sosial obyektlər istifadəyə verilib, təsərrüfat müəssisələri və infrastruktur layihələrinin açılışı keçirilib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfər edib. Dövlət başçısı səfər çərçivəsində Heydər Əliyev Mərkəzinin yeni binasının açılışında iştirak edib.

 

Məlumat verilib ki, binanın inşasına 2015-ci ilin fevralında başlanılıb və 2016-cı ilin mart ayında tikinti işləri başa çatdırılıb. Ümumi tikinti sahəsi 1100 kvadratmetr olan ikimərtəbəli binada müxtəlif təyinatlı bölmələr fəaliyyət göstərir.

Birinci mərtəbədə Heydər Əliyev muzeyi, sərgi zalı, xalçaçılıq dərnəyi, 300 nəfərlik kino-konsert zalı var. İkinci mərtəbədə rəsm studiyası, fotostudiya, elektron kitabxana, rəqs və intellektual oyun dərnəkləri yaradılıb.

Prezident İlham Əliyev Xaçmazda Bayraq meydanında və Bayraq muzeyində yaradılan şəraitlə də tanış olub.

Ümumi ərazisi bir hektar olan Bayraq meydanında hündürlüyü 85 metr olan bayraq dirəyi ucaldılıb, fəvvarə tikilib, yaşıllıq salınıb, müasir suvarma və işıqlandırma sistemləri yaradılıb. Ərazidə 1 ekspozisiya zalı, 2 köməkçi açıq eyvandiametri 11 metr olan günbəzdən ibarət Bayraq muzeyi inşa edilib.

Dövlət başçısı Xaçmaz rayonuna səfəri çərçivəsində Yalama aqroparkının, Nikah evinin binasının, Xudat-Yalama-Zuxuloba avtomobil yolunun açılışını edib, Yalama kəndindəki Heydər Əliyev adına parkda yaradılan şəraitlə tanış olub. Bildirilib ki, parkın ərazisində Heydər Əliyev Mərkəzinin Yalama kənd filialı da fəaliyyət göstərir.

Prezident burada ləzgi icmasının nümayəndələri ilə söhbət edib. Bu gün ölkəmizdə əsas infrastruktur layihələri həyata keçirildiyini deyən dövlət başçısı növbəti mərhələdə daha çox yerli istehsal, kənd təsərrüfatı və turizmin inkişafına diqqət ayrılacağını vurğulayıb:Turizmin inkişafı üçün əlavə imkanlar var. Siz bilirsiniz ki, bu il ölkəmizə daha çox xarici qonaq gəlmişdir. Əlbəttə ki, bu zona turizm üçün çox gözəl zonadır. Burada həm dəniz, həm meşələr var, yaxın bölgələrdə xizək kurortu da yaradılıb. Yəni, bu zona Azərbaycanın turizm mərkəzlərindən biridir, bəlkə də birincisidir. Gələcəkdə insanları işlə təmin etmək üçün, əlbəttə, həm dövlət, həm özəl sektor tərəfindən əlavə investisiyalar qoyulmalıdır ki, işlər daha da sürətlə getsininkişaf dayanıqlı olsun”.

Daha sonra Qusar rayonuna gələn Prezident İlham Əliyev Hil kəndində professor Kərim Kərimov adına tam orta məktəbin yeni binasının açılışını edib. Həmçinin Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun açılışı və Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin başa çatması ilə bağlı mərasim keçirilib.

 

Mədəniyyət.- 2016.- 9 sentyabr.- S.2.