Moskvada daha bir “Görüş”
Rusiya paytaxtında Xalq
rəssamı Fərhad Xəlilovun sərgisi
açılıb
Moskvadakı “Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi” kompleksində Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun “Görüş” adlı yubiley sərgisinin təntənəli açılış mərasimi keçirilib. Bu il rəssamın 70 yaşı tamam olur.
Sərgi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Mədəniyyət Nazirliyi və ölkəmizin Moskvadakı səfirliyinin dəstəyi ilə Rusiya Dövlət Şərq Muzeyi tərəfindən təşkil olunub.
Muzeyin direktoru Aleksandr Sedov tədbiri açaraq qeyd edib ki, “Görüş” layihəsində Fərhad Xəlilovun son 10 ildə yaratdığı 50-yə yaxın rəsm əsəri nümayiş olunur. Abşeron təbiətinin vurğunu olan rəssamın tablolarında Buzovna, Mərdəkan, Qala, Goradil mənzərələri xüsusi incəlik və sevgi ilə əks edilib. Fərhad Xəlilovun “Görüş”, “Torpağın naxışları”, “Təsadüfi baxış” silsiləsindən təqdim olunan rəsmlərində torpağın, dənizin və səmanın vəhdəti hiss olunur.
Tədbirdə çıxış edən ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə, o cümlədən humanitar sahədə əlaqələrin sürətlə inkişaf etdiyini bildirib. Səfir Azərbaycan-Rusiya dostluq münasibətlərinin möhkəmlənməsi, incəsənətimizin təbliği istiqamətində fəaliyyətinə görə Rusiya Dövlət Şərq Muzeyinə və muzeyin rəhbəri Aleksandr Sedova təşəkkürünü bildirərək qeyd edib ki, moskvalıların Azərbaycan rəssamlarının yaradıcılığını daha yaxından tanıması üçün işlər bundan sonra da davam etdiriləcək.
Səfir Fərhad Xəlilov kimi şöhrətli Azərbaycan rəssamının dünyanın mədəniyyət mərkəzlərinin birində - Moskvada fərdi sərgisinin açılmasını qürurverici hadisə adlandırıb: “Həm səfir, həm də mədəniyyət xadimi kimi çox şadam ki, ölkələrimiz arasında münasibətlər təkcə siyasi, iqtisadi sahələrdə deyil, mədəniyyət və incəsənət sahəsində də inkişaf edir, möhkəmlənir”.
Diplomat onu da vurğulayıb ki, XTNS-də Azərbaycan Respublikası üçün ayrılmış pavilyonda hazırda bərpa işləri davam etdirilir və yaxın vaxtlarda istifadəyə veriləcək.
Daha sonra çıxış edən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar şöbəsinin müdiri Tamilla Əhmədova Rusiya Dövlət Şərq Muzeyi ilə sıx əməkdaşlıq münasibətlərindən söz açıb. O, sərginin açılışı münasibətilə Fərhad Xəlilovu təbrik edib: “Sərgi bizim üçün böyük hədiyyədir, bu salonda Vətənimizin nəfəsini duyuruq”.
Beynəlxalq Rəssamlar Konfederasiyası İcraiyyə Komitəsinin sədri Masud Fatkullin Azərbaycan rəssamının yaradıcılıq məziyyətlərindən bəhs edib: “Fərhad Xəlilovun əsərlərində doğma Abşeron motivləri ilə yanaşı, 4 ünsür - su, od, torpaq və havanın daimi vəhdəti və ziddiyyətli fəlsəfəsi əksini tapıb”.
Xalq rəssamı Fərhad
Xəlilov bildirib ki, “Görüş” onun Moskvada nümayiş
etdirilən 9-cu fərdi sərgisidir. Bu
layihənin Londonda, Parisdə, Berlində
və digər şəhərlərdə artıq təqdim edildiyini deyən rəssam vurğulayıb ki, Moskvada
yaradıcılığını nümayiş
etdirmək onun üçün
həm fərəhli, həm də məsuliyyətlidir: “Burada mənim çoxlu
dostlarım var və onlar
qarşısında yaradıcılıq hesabatı vermək bir rəssam kimi mənim üçün çox vacibdir”. Rəssamın sözlərinə
görə, sərginin ikinci hissəsi
noyabrın 10-da Şərq Muzeyində açılacaq, orada daha kiçik
həcmli rəsmlər nümayiş
etdiriləcək.
Mədəniyyət.- 2016.- 9
sentyabr.- S.5.