“Üç
məkan”da yeddi ölkə və on iki tamaşa
Üzümüzə gələn həftə Azərbaycan teatr ictimaiyyəti böyük
teatr bayramı ilə baş-başa olacaq. Sentyabrın
15-dən 24-dək «Üç məkan» II Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Şəki Şəhər
İcra Hakimiyyətinin
təşkilatçılığı ilə baş tutacaq teatr bayramına
ciddi hazırlıq gedir. Adından göründüyü kimi,
festivalın tamaşaları
üç məkanda
- S.Rəhman adına Şəki Dövlət
Dram Teatrı ilə bərabər Mingəçevir
Dövlət Dram Teatrında
və paytaxtda, Azərbaycan Dövlət Musiqili Teatrında oynanılacaq.
2014-cü ilin sentyabr
ayında Şəkidə
keçirilmiş birinci
festivalla müqayisədə
ikinci festivalın əhatə dairəsi də genişlənib. Bu dəfə teatr bayramında yeddi ölkə - Azərbaycan,
Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, İran və Birləşmiş Ərəb
Əmirlikləri təmsil
olunacaq. Bəs festival günlərində hansı
tamaşalar göstəriləcək,
hansı kollektivlər
qonağımız olacaq?
Əvvəlcə öz teatrlarımızdan
başlayaq.
* * *
Festival sentyabrın 15-də Şəkidə Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrının təqdimatında Mirzə
Cəlilin “Ölülər”
tragikomediyasının tamaşası
ilə başlayacaq. Teatrın bədii
rəhbəri və direktoru, Xalq artisti Azərpaşa Nemətin quruluş verdiyi səhnə əsəri kollektivin ötən mövsümdə
son premyeralarından biri
olub.
S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı isə ayın 20-də Mingəçevirdə Nizami
Gəncəvinin «Yeddi
gözəl» poeması
əsasında hazırlanmış
eyniadlı tamaşanı
təqdim edəcək.
Tamaşaya litvalı rejissor
Yonas Vaytkus quruluş verib.
Nəhayət, paytaxtın daha
bir teatrı, son illər öz repertuarında həm də böyüklər üçün maraqlı
tamaşalara yer verən A.Şaiq adına Azərbaycan
Dövlət Kukla Teatrı sentyabrın 21-də
Qurban Məsimovun «Zəng» monotamaşası
ilə Şəkidə
qonaq olacaq.
Sanballı teatr ənənəsinə
malik iki bölgə teatrımız
da «Üç məkan»da çıxış
edəcək. Bunlardan biri ev sahibi olan S.Rəhman
adına Şəki Dövlət Dram Teatrı,
o biri isə Gəncə Dövlət
Dram Teatrıdır. Şəkililər sentyabrın 22-də öz
səhnələrində S.Vurğunun
«Vaqif» dramı əsasında hazırladıqları
tamaşa ilə, gəncəlilər isə
sentyabrın 18-də Mingəçevirdə
C.Məmmədquluzadənin «Dəli yığıncağı»
tamaşası ilə
beynəlxalq festivala töhfələrini verəcəklər.
Bizim teatrsevərlər ötən
mövsümdə hər
iki əsəri izləyib və maraqlı rejissor yozumuna görə bəyənib. Ümidvarıq ki, xaricdən gəlmiş teatr biliciləri də adıçəkilən tamaşaları
bəyənəcəklər. «Vaqif»in quruluşçu rejissoru, Moskvada yaşayıb fəaliyyət
göstərən həmyerlimiz,
Əməkdar incəsənət
xadimi Mərdan Feyzullayevdir, «Dəli yığıncağı»na
quruluş verən isə Gəncə teatrının baş rejissoru İradə Gözəlovadır.
* * *
Zəngin
teatr ənənələrinə
malik qonşu Gürcüstan festivalda iki kollektivlə - S.Axmeteli adına
Tbilisi Dövlət Dram Teatrı
və N.Dumbadze adına Professional Dövlət
Gənclər Teatrı
ilə təmsil olunacaq.
Sentyabrın 18-də S.Axmeteli adına Tbilisi Dövlət
Dram Teatrı V.Pşavelanın
«Ev yiyəsi və qonaq» tamaşasını oynayacaq.
Tamaşa və müəllif
barədə məlumat
toplaya bilməsək də, kollektiv barədə öyrəndiklərimizi
oxucularımızla bölüşürük.
Bu teatrın yaşı
o qədər də çox deyil. 1981-ci ildə rejissor
Leri Paksaşvili tərəfindən yaradılıb.
1988-ci ildə isə teatra məşhur rejissor, öz yaradıcılığı ilə
ölkəsinin təkcə
teatr həyatında yox, həm də
mədəni həyatında
böyük iz qoymuş, 37-ci il
repressiyasının qurbanı
Sandro Axmetelinin adı verilib. Cavan olmasına baxmayaraq, kollektiv dəfələrlə
Avropada qastrolda olub, şahidlərin yazdığına görə,
onların çıxışları
həmişə alqışlarla
qarşılanıb. Bir
çox festivallarda uğurlar qazanmış
Tbilisi Dövlət Dram Teatrının
afişalarını Tamar Bejuaşvili,
Qvanes Kandelaki, Kaxa Coxadze, Anna Matuaşvili kimi gürcü teatr ulduzlarının adları
bəzəyir. Odur ki, kollektivin Şəkidəki
çıxışının da maraq doğuracağı
şəksizdir.
Sentyabrın 20-də festival səhnəsinə çıxacaq N.Dumbadze adına Professional Dövlət Gənclər
Teatrı 1988-ci ildə
iki truppanın - Tbilisidəki gürcü və rus Gənc
Tamaşaçılar teatrlarının
birləşməsindən yaranıb. Teatrda bu gün də hər iki dildə tamaşalar hazırlanır.
Çoxillik yaradıcılıq ənənəsinə malik
kollektiv Şəkidə
C.Rossininin «Sevilya bərbəri» əsəri
ilə çıxış
edəcək. Azərbaycan tamaşaçısı
bu əsəri opera səhnəsində izləyib,
məzmunu bizə bəllidir. Amma kreativ düşüncəli
gürcü teatr insanlarının təxəyyülü
sonsuzdur. Bu üzdən
gürcülərin «Sevilya
bərbəri»ni necə təqdim edəcəklərini maraqla
gözləyirik.
* * *
Çağdaş Azərbaycan teatrsevərlərinin
Ukrayna teatrı barədə bilgiləri çox səthidir. Sentyabrın
17-də «Üç məkan»da
çıxış edəcək
«Teatr Prekrasnıye svetı» («Gözəl çiçəklər teatrı»)
bizi həm də ən yeni teatr janrlarından
olan - Fank-futurizm ilə də tanış edəcək. «Teatr Prekrasnıye svetı»
2011-ci ildə İ.P.Kotlyarovski
adına Xarkov İncəsənət
Universitetinin bir neçə məzunu tərəfindən yaradılmış
müstəqil teatrdır.
Unikal teatr janrı olan Fank-futurizmin təməlini də elə həmin məzunlar - Artyom Vusik, İqor Klyuçnik və Denis Çmelov qoyublar.
Kollektivin yaradıcılıq məramı
köhnə və təzə teatr forma və texnikalarının harmonik qovuşuğuna
nail olmaqla şəhərin
və ölkənin teatr sənətinin inkişafına, onu yüksək səviyyəyə
qaldırmağa nail olmaqdır. Onların Şəkidə
göstərəcəkləri «Piy» tamaşası isə müxtəlif sosial problemləri - hakimiyyət və pul hərisliyini, televizordan, sosial şəbəkələrdən və zərərli vərdişlərdən asılılığı
ifşa edən satirik tamaşadır.
İ.Klyuçnikin müəllif tamaşasında
savadsızlıq və
mənəviyyatsızlıq gülüş hədəfinə
çevrilir, sevginin və həyatın qısa sürməsindən,
artıq nəsnələrdən
və müasir cəmiyyətin məşğuliyyətlərindən
bəhs edilir.
* * *
Adı Qərb mifologiyasındakı
təlxək-iblis obrazından
(trickster - ingiliscə yalançı,
hiyləgər) götürülmüş
«Trikster» teatrı (Moskva) təxminən 12 il əvvəl
sənətə və
bir-birinə aşiq iki insanın - Vyaçeslav İqnatov və Mariya Litvinovanın yaradıcılıq
təxəyyülünün məhsuludur. Onların ilk müştərək tamaşalarından olan «Yazılmamış nağıl»
on ildən çoxdur
ki, müxtəlif teatr festivallarında iştirak edir. Ayrılıqda və birlikdə
hazırladıqları tamaşalara
görə müxtəlif
mükafatlara, o cümlədən
Rusiyanın nüfuzlu
«Qızıl maska» teatr mükafatına layiq görülüb.
Sentyabrın 19-da isə Şəki səhnəsində B.Paskal
və İ.İqnatovun
«Bədən üzvləri»
tamaşasını seyr
etməklə Rusiya teatrındakı yeni nəfəsi duymaq imkanımız olacaq.
* * *
«Üç məkan»
festivalında son iyirmi
ildə yaradıcılıq
potensialına və meyllərinə kifayət
qədər bələd
olduğumuz İran və Türkiyə teatrları, o cümlədən
haqqında geniş anlamda demək olar ki, heç
nə bilmədiyimiz ərəb teatrı da təmsil olunur. Sentyabrın 16-da Birləşmiş
Ərəb Əmirliklərinin
«Əl Əhli Dubay Teatrı» B.Abdullahın «Mirvari günlər» tamaşasını
Şəkidə, İran
İslam Respublikasının
«Neğab Teatrı» X.Təqiani Purun «Kütləvi xoşbəxtlik»
tamaşasını Mingəçevirdə
nümayiş etdirəcək.
İranlı müəllifin
adı bizə Lənkəran teatrında
hazırlanmış «İlan
Sultan» tamaşasından tanış
olsa da, təəssüf ki,
internet resurslarından hər
iki teatr barədə bizim bildiyimiz dillərdə heç bir məlumat əldə edə bilmədik. Ümid qalır onlarla şəxsi görüşə
və tamaşalardan alacağımız təəssürata.
Nəhayət, festivalda sonuncu çıxış etmək
şərəfi İstanbul
Böyükşəhər Bələdiyyəsi Teatrına
nəsib olub. Kollektiv iki
gün - sentyabrın
22-də və 23-də Bakıda
Musiqili Teatrın səhnəsində Xalq yazıçısı Elçinin
«Şekspir» tamaşası
ilə çıxış
edəcək. Tamaşanın quruluşçu rejissoru -
illərdən bəri
Türkiyədə yaşayan
aktrisa-rejissor Məlahət
Abbasova bizə yaxşı tanışdır.
Hər halda
2013-2014-cü teatr mövsümündə
Türkiyədə «İlin
ən yaxşı aktyoru» mükafatını
qazanmış beş sənətçinin
çıxış etdiyi
tamaşaya baxmağın
öz ləzzəti
var.
...Beləcə, II Şəki Beynəlxalq Teatr Festivalı barədə Bakıdan bu yazımızı diqqətinizə çatdırdıq. Gələn həftədən etibarən festivalla bağlı yazılarımızı Şəkidən gözləyin.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2016.- 9
sentyabr.- S.6.