Sənətdə
Mobil tonallığı
Səhnələrdə çox
mobilliklər etsə də, parlam-populyarlıqda, mətbu təbliğ-təşviqdən
yarımamış Mobil Əhmədov...
Bu sənətkar aktyor-müğənni-rəssam “trio”sunun heç birində “ilk baxışda” tutulanlardan ola bilmədi. “İkinci baxış” sahibləri isə (bütün xalqlarda olduğu kimi) xeyli az...
Daha bir səbəb; M.Əhmədov tamaşa salonlarını bir çox librettolardakı “gül” və ya tul situasiyalarla həddən ziyadə güldürüb-kədərləndirmək, teatr binası xaricindəki (əslində, bir addımlığındakı) gerçək həyatı tam unutdurmaq istəyənlərdən deyildi...
Bəs kim, nə karə və necə sənətkar idi?
Öncə kim, nə karə...
Amma bir qədər geniş bəhs edəcəyim bu şəxsi-həyati kimliyindən - tərcümeyi-hal varlığından lap öncə, sənət yarlığı barədə epiloqvarı bir “remarka”: Mobil Əhmədov - səhnə klassikasını daim müasirlik və “gələcək” mizan-düzənilə önləyənlərdən, vokal ifaçılığını neo-dramatiklik, əndazəli komikliklə sintez edən, lakin, günəş korifeylər fonundakı buludlu diqqət-qiymət ilğımlarında o qədər də aydın görünməyən çox az ulduzlardan biri...
Səksən beş yaşı tamam olur. 10 sentyabr
1931-ci ildə Gəncədə
doğulub. Şagirdlikdə rəssamlığa da meyl salıb, aktyorluğa da. Lakin o illərdə bir qrup incəsənət xadiminin vokal qabiliyyətli məktəbliləri
seçmək məqsədilə
növbəti səfəri
Gəncəyə etməsi
işləri “korlayıb”.
Hələ tanımadığı
münsiflər (Əşrəf
Abbasov və Fikrət Əmirov) onun ifa etdiyi
“Evləri var xana-xana” və “Neftçilər” mahnılarını
nəinki bəyənir,
hətta dönə-dönə
tapşırırlar ki,
qəbul zamanı sənədlərini mütləq
konservatoriyaya versin.
Ancaq
universal qabiliyyətli Mobil sənət
seçimində iki yol ayrıcında qalır: müğənnilik,
yoxsa rəssamlıq?
Hələ uşaq ürəyinin səsi onu Rəssamlıq
Məktəbinə gətirir. Burada onun əl işləri
“qeyri-adi” hesab olunur və hətta komissiyada şübhə doğurur;
“doğrudanmı bunları
rəssamlıq təhsili
görməmiş şagird
çəkib?..”
O, komissiya üzvlərinin gözləri qabağında
bir natürmort çəkir və yekdil qərarla birbaşa məktəbə
qəbul olunur. O kasıb sosial dövrdə ona ümumi yataqxanada otaq ayrılır, məktəbin ən istedadlı və çalışqan tələbəsi
kimi Repin adına təqaüdə
salınır.
Mobil öz xəyal
aləmində bu uğurlardan ruhlanmaqda, fələk isə başqa bir şey saymaqda.
1956-cı
il. Qış tətili
günlərində əsgəri
xidmət qeydiyyatıyla
bağlı Gəncəyə
getməli olan Mobil yır-yığış edib,
gəlir Bakı dəmiryol vağzalına.
Biletini alır, vaxta isə hələ xeyli qalırmış.
Vağzal həndəvərində
gəzişirkən... Yox,
burdan beləsini onun öz xatirələrindən:
“Sən demə, “vaxt öldürmək”çün
getdiyim bu yol məni, o vaxtadək tanımadığım
konservatoriya binasına
- taleyimin yeni bir məkanına aparırmış. Binaya yaxınlaşanda
qulağıma musiqi səsi gəldi. Pəncərədən içəri boylandım,
gördüm bir qadın piano çalır,
bir cavan oğlan da oxuyur.
Burnumu pəncərənin soyuq şüşəsinə dayayıb
axıradək qulaq asdım. Mahnı bitsə də,
gözlərimi onlardan
çəkmədim. Müəllimə işarəylə soruşdu
ki, nə istəyirsən, əlimi qulağımın dibinə
qoyub işarə etdim ki, oxumaq.
Məni içəri
dəvət etdilər
və o yaraşıqlı
vokal müəlliməsi
(rəhmətlik Pəri
xanım) soruşdu ki, nə oxuya
bilirsən, dedim, “Evləri var xana-xana”. Oxu, görüm. Pianonun müşayiətilə
oxudum və o, tələsik yır-yığış
edərək “arxamca gəl”, dedi. Rektorun otağına qalxırmışıq.
Əşrəf Abbasovu
görən kimi “müəllim, mən Sizi tanıyıram” dedim. “Hardan tanıyırsan, oğul?”
Siz Fikrət müəllimlə
Gəncəyə gəlmişdiniz,
mən klubda oxudum, siz də
bəyəndiniz. “Bəs niyə gəlmədin oxumağa?”
Dillənmədiyimi görən
Əşrəf müəllim
katibə qıza dedi ki, professoru
bura dəvət elə. Özünəməxsus təbəssümlə içəri girən professoru - dahi müğənnimiz Bülbülü
ilk dəfə orda gördüm. Bütün
hərəkətlərinə, geyiminə, danışığına
heyranlıqla tamaşa
etdiyim korifeyimiz məsələnin nə yerdə olduğunu öyrənəndən sonra
üzünü mənə
tutdu:
- Hə, gəncəli balası, nə oxuya bilirsən?
Özüm də bilmədən
dedim:
- “Koroğlunun ariyası”nı...
Ustad uğundu və çox yumşaq bir tonda dedi:
- “Siçan olmamışdan
çuval deşmək”
məsəlini eşitmisən,
gülüm? ...Bəlkə bir xalq mahnısı
oxuyasan?
Mən böyük
həvəslə (və
bundan da böyük həyəcanla!) “Evləri
var xana-xana”nı
oxudum. Hamı susub, professorun
nə deyəcəyinə
qulaq kəsildi. O,
üzünü Əşrəf
müəllimə tutaraq,
rus dilində:
- “On samorodok” - deyib,
özünəməxsus şirin
ləhcəylə əlavə
etdi - Mütləq oxumalıdır. Mən məmnuniyyətlə onu öz sinfimə
qəbul edərəm.
Əşrəf müəllim:
-
Professor, birinci semestr başa çatıb...
- Yolu var, Əşrəf
müəllim. Gəlin, biz onu
hazırlıq kursuna götürək, sentyabrda
qəbul edərik birinci kursa. Əhvalatdan belə görürəm ki, bu oğlan bir
də əldən buraxılsa...
Belə. Qatara aldığım biletin cibimdə qalması bir yana, hələ
yarım il oxuduğum Rəssamlıq
Məktəbilə də
vidalaşıb Konservatoriyaya
gəlməli oldum...”
Və necə idi...
Uğurları 1958-ci ildə “Azərbaycanfilm”in
çəkdiyi “Əmək
və səadət nəğmələri” musiqili-sənədli
filmində ifa etdiyi “Sevgili canan” romansından və Zaqafqaziya konservatoriyaları arasında
keçirilən müsabiqədə
xüsusi mükafata layiq görülən çıxışından başlayıb.
C.Cahangirovun təklifilə Dövlət
Radio və Televiziya xoruna solist qəbul
olunub. Tezliklə elə bir sənət aurası yaradıb ki, L.Abdullayev, B.Səfəroğlu,
N.Zeynalova kimi azmanların çalışdığı
Musiqili Komediya Teatrına dəvət olunub. O, bunun növbəti bir tale ərməğanı olduğunu
xatirələrində də
vurğulayıb: “Adımı
ilk dəfə ADMKT afişalarında
oxuyanda gözlərimə
inansam da, fikrimdə reallığa çevirə bilmədim.
“Doğrudanmı mən, indiyədək
çox-çox uzaqlardan
baxdığım bu nəhəng aktyorlarla çiyin-çiyinə çıxış
edəcəyəm?!” kimi
qəribə hislərə
qapılırdım”.
Bu hiss-duyğulara baxmayaraq,
Mobil Əhmədov səhnədə
cəsarətli, sərbəst,
“as”larla tərəf-müqabillikdə
psixoloji tarazlığı
saxlamaq qabiliyyətinə
malik bir gənc olduğunu sübut edə bilir. Bu bir yana,
onun hər hansı bir mahnı, ariya və ariozanın daxili ahənglərini, məna çalarlarını
duyub-çatdırmaq bacarığı
qeyri-adi sənət aləmi kimi baxdığı bu qədim teatrda yeni amil kimi
qiymətləndirilib. Bu qeyri-ənənəvi
əda-qəbalara malik
gənc Musiqili Teatrın ifaçılıq
ənənələrinə sadiq qalsa da,
təqlidçilik elementlərindən
qaçaraq, “köhnə
səhnəyə təzə
məzə” kimi xoş replikalar altında daim yenilik ruhu, coşqun
sənət ehtirasları
ilə “köhnə” və yeni teatr
ictimaiyyətinin maraq və məhəbbətini
qazanır. Ötən əsrin 60-70-80-ci illərində Mobil Əhmədov
bu truppanın elə bir seçkin
sifətinə çevrilmişdi
ki, tamaşaçılar
dövrün bu ovqat səhnəsini onsuz təsəvvür edə bilmirdilər.
“Hacı Kərimin aya səyahəti”, “Qızılaxtaranlar”, “Ulduz”,
“Altı qızın biri Pəri”, “Olmadı elə, oldu belə”, “Məşədi İbad”,
“Qayınana”, “Ev bizim, sirr bizim”,
“Danabaş kəndinin
əhvalatları”, “Həmişəxanım”,
“Milyonçunun dilənçi
oğlu” və başqa (70-ə yaxın)
tamaşalarla bağlı
söhbət və mətbu yazılarda Mobil Əhmədovun adı əvvəldə də xatırlanırdı, ortada
da, axırda da...
O həm də gözəl, köhnə dinləyicilər demişkən,
“ahəngi-məlahətli müğənni
idi”. Qədim xalq mahnılarını
doğma nəvə-nəticə
sevgilərilə ifa edirdi. Həmin mahnılar günü
bu gün də efir-ekran bəzəyi olduğundan,
çox qısaca olaraq, yaradıcılıq
aləminin başqa bir qolundan, ömrünün
sonunadək solub-sönməyən
istəyindən - rəssamlığından
bəhs etmək istərdim.
Onun Hacıkənd meşələri,
Gəncənin park, küçə
və qədim abidələrini təsvir
edən atüstü-ayaqüstü
eskizlərini gözdən
keçirirkən bu istedadlı sənətkarın
dahi Frans Qals, Velaskes, Rembrandt, Qoyya dünyalarına pərəstişilə bahəm,
onların istifadə etdikləri cərəyanlara
bələdlik və bəhrələnmə bacarığı
da üzə çıxır. Rəssamlığın
müxtəlif janrlarında
gəzişmiş M.Əhmədovun
bu sahə yaradıcılığında portret janrı daha qabarıq görsənir və çəkdiyi “Pikassonu düşünərkən”, “Süleyman
Rüstəm”, “Mayor Əli”,
“Tələbə qız”,
“Mənim dostlarım”
portretləri, “Tənha
qayıq”, “Gəncə
mənzərələri”, “Gəncə çayı”
mənzərələri, habelə
“Kənd və şəhər xoruzları”,
“Anbar siçanı” karikaturaları oxucuların
təsəvvüründə bu universal istedadlı sənətkarın öz
xəyali portretini də yaratmış olur...
Tahir Abbaslı
Mədəniyyət.- 2016.- 9
sentyabr.- S.13.