Görkəmli ədəbiyyatşünasın
beşcildliyi nəşr olunub
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən akademiyanın müxbir üzvü, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayevin “Seçilmiş əsərləri”ndən ibarət beşcildlik və “Yaşar Qarayev: yaxından və uzaqdan” adlı məqalələr və xatirələr toplusu işıq üzü görüb.
İnstitutdan bildiriblər ki, hər iki kitabın tərtibçiləri filologiya üzrə elmlər doktoru, professor Şirindil Alışanlı və filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırovadır.
Beşcildliyə alimin “Azərbaycan ədəbiyyatında faciə janrı”, “Səhnəmiz və müasirlərimiz”, “Tənqid: problemlər, portretlər”, “Poeziya və nəsr”, “Ədəbi üfüqlər”, “Xarı bülbülün nağılı”, “Realizm: sənət və həqiqət”, “Meyar şəxsiyyətdir”, “Tarix: yaxından və uzaqdan” və “Min ilin sonu” kitab və monoqrafiyaları, müxtəlif illərdə dövri mətbuatda dərc olunan elmi-publisistik məqalələri, məruzə və çıxışlarının mətnləri daxil edilib.
“Yaşar Qarayev: yaxından və uzaqdan” toplusuna tanınmış alimlərdən Məmməd Arifin, Məmməd Cəfərin, Kamal Talıbzadənin, Bəkir Nəbiyevin, Tofiq Hacıyevin müxtəlif illərdə yazdıqları məqalələr və xatirələr daxil edilib. AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin kitaba yazdığı “Görkəmli tənqidçinin portreti” adlı müqəddimədə deyilir: “Bu gün ötən XX əsrin ədəbi-elmi nəsillərini təhlildən keçirməli olsaq, Yaşar Qarayev elmdə mərkəzi fiqur olmaqla yanaşı, həm də keyfiyyət dəyişmələrinin əsas barometrlərindən biri kimi fikrimizə gələr. Yaşar Qarayev ustad müəllimləri - Əli Sultanlı, Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərovla çoxsaylı yetirmələri olan yeni nəsil elmlər doktorları və namizədləri arasında etibarlı elmi-ədəbi və mənəvi körpüdür. Yaşar Qarayev müəllimlərinin istedadlı, görkəmli xələfi, davamçısı, xələflərinin isə böyük müəllimidir. Sələf-xələf münasibətlərindəki varislik, bütövlük, əhatəlilik, tamlıq və yaşarılıq milli ədəbiyyatşünaslıq elmimizdə Yaşar Qarayev məktəbini ortaya çıxarır”.
Qeyd edək ki,
Y.Qarayevin “Seçilmiş
əsərləri” beşcildliyi “Elm”, məqalələr və xatirələr toplusu isə “Sabah” nəşriyyatlarında
çap olunub.
Mədəniyyət.- 2016.- 9
sentyabr.- S.15.