Xoreoqrafiya sənətinin inkişafı üçün zəruri addımlar davam etdiriləcək”

 

 

Bakı Xoreoqrafiya Akademiyasında yeni tədris ilinə start verildi

 

Sentyabrın 15-də Bakı Xoreoqrafiya Akademiyasında yeni tədris ilinin başlanması münasibətilə mərasim keçirildi.

Tədbiri giriş sözü ilə açan akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev təhsil ocağının fəaliyyətindən danışdı. Bildirdi ki, Bakı Xoreoqrafiya Akademiyasının yaradılması Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir:Bu tədris ilibizim üçün çox əlamətdardır. Bu il akademiyamızda yeni ixtisaslar açıldı, xoreoqrafiya sənətinin inkişafı üçün çoxpilləli təhsilin səmərə verməsinə xidmət edəcək struktur islahatlar aparıldı, magistratura pilləsi fəaliyyətə başladı. Xoreoqrafiya təhsilində innovasiyaların tətbiqi, beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də akademiyanın maddi-texniki bazasının gücləndirilməsi yolunda görüləcək işlər bundan sonra da davam etdiriləcək”.

Akademiyada həyata keçirilən işlərdən bəhs edən rektor tədris planlarının hazırlanmasında qabaqcıl dünya ölkələrinin təcrübəsindən yararlandıqlarını vurğuladı. Qeyd etdi ki, bu il akademiyanın bakalavr səviyyəsinə 53, magistr pilləsinə isə 12 nəfər qəbul olunub.

Timuçin Əfəndiyev yeni dərs ilinin başlanması münasibətilə tələbə və müəllimləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək dövlət başçısının 2014-cü il 30 aprel tarixli sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisasali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyasının yaradıldığını bildirdi. Nazir akademiyanın fəaliyyətə başlamasının Azərbaycan mədəniyyətinin inkişafında və ənənələrinin qorunub gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addım olduğunu vurğuladı: “Azərbaycanda ilk olaraq məhz Bakı Xoreoqrafiya Akademiyasında davamlı təhsilin yaradılmasının əsası qoyuldu. Bu təhsil ocağında beynəlxalq təcrübələrin mənimsənilməsi və xoreoqrafiya sənətinin daha da inkişafı üçün atılan zəruri addımlar davam etdiriləcək”.

Qeyd edildi ki, Azərbaycanda rəqs sənəti həmişə böyük ənənələrə malik olub. Bu gün Azərbaycan mədəniyyəti dünya arenasında layiqincə təbliğ olunur. Rəqs kollektivlərimiz də müxtəlif ölkələrdə uğurla çıxış edirmilli rəqslərimiz tanıdılır.

Əbülfəs Qarayev mədəniyyət və turizmin qarşılıqlı inkişaf etdirilməsinin vacibliyini də diqqətə çatdırdı. Bildirdi ki, mədəniyyət sahəsində fəaliyyət göstərən bütün müəssisələr, eyni zamanda təhsil ocaqları da xarici turistlərə Azərbaycan mədəniyyətini, milli rəqslərini müasir tələblər səviyyəsində tanıtmaq və təbliğ etmək işində yaxından iştirak etməlidir.

Sonra tələbə adını qazanan gənclərə tələbə bileti və müvəffəqiyyət kitabçaları təqdim olundu.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 16 sentyabr.- S.4.