Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” sərgisi
Sentyabrın 15-də Azərbaycan Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” adlı sərginin açılışı keçirildi.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Şirin Məlikova açaraq bildirdi ki, Azərbaycan Xalça Muzeyi, Muzey Sərvərləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi əməkdaşlarının böyük zəhməti nəticəsində bərpa və konservasiyaya ehtiyacı olan 690 ədəd eksponat üzərində zəruri işlər həyata keçirilib. “Bərpa olunmuş eksponatlar” sərgisinin keçirilməsində əsas məqsəd isə bu sənət nümunələrini nümayiş etdirmək, onların necə qorunduğunu göstərməkdir.
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova çıxış edərək qeyd etdi ki, sərgidə bərpa edilmiş 49 eksponat nümayiş olunur. Bunlar xovsuz, xovlu xalçalar, xalça məmulatı, tikmə, geyim, bədii metal və çini, şüşə, ağac əşyalarından ibarətdir. Bu eksponatlar öz materiallarına və tarixinə görə fərqlənən, muzeyin kolleksiyasına məxsus füsunkar sənət inciləridir.
Sonra muzeyin baş mühafizi Mira Məmmədxanova çıxış etdi. Qeyd olundu ki, “Bərpa olunmuş eksponatlar” sərgisi eksponatların təqdimatı ilə kifayətlənmir. Sərgi zamanı eksponatların konservasiya prosesini canlı izləyə bilmək üçün muzeyin bərpaçıları tərəfindən açıq ustad dərsləri keçiriləcək. Ziyarətçilərə təqdim olunacaq video-çarx və slayd-şou vasitəsilə onlar bərpanın sirləri və bərpaçıların bacarıqları barədə daha çox məlumat almaq imkanı əldə edəcəklər. Bildirildi ki, sərgi sentyabrın 29-dək ziyarətçilərin üzünə açıq olacaq.
Çıxışlar başa çatdıqdan sonra tədbir iştirakçıları sərgiyə baxmağa dəvət olundular.
Savalan Fərəcov
Mədəniyyət.- 2016.- 16 sentyabr.-
S.4.