15 Sentyabr 1918
Bu xalqın tale
tarixçəsi, daha bir
“milli mən”lik doğuluşu
- Bakı QURTULUŞU!..
Yetmiş ildən çox “məxfi”, iyirmi ildən çoxdur aşkar bayramladığımız Gün...
Bayramlar - hər hansı bir müşküldən qurtuluşun, çətinlikdən xilasın mənəvi-psixoloji sərgisi. Şəxsisi, ailəvisi, məhəllisi, millisi, qitəvisi, dünyəvisi var. Ən ibtida-lokalları ilə “modern”-qloballarına misal olaraq, anaların (və hər il “ad günü” adıyla qeyd edən balaların) “doğum qurtarışı”nı və bəşəriyyətin faşizmdən xilasını göstərmək olar.
Başlıqdakı tarixçə də məmləkətimizin ən intellekt-elitar, sənaye-bədaye aləmini ehtiva edən paytaxtını... ən azı Azərbaycandan ayırıb ayrıca quberniya etmək cəhdində olan bolşevik-daşnak quldurlarından qurtarışını ifadə edir.
Milli tariximizə qızıl hərflərlə düşmüş bu təqvim-tarixçə öz “mövzusunu” özündən əvvəlki bir çox siyasi olaylardan - daşnak-bolşevik dualizminin törətdiyi kataklizmlərdən, çoxusu qələmdən-yaddaşdan yayınmış səbəblərdən götürmüşdü. O olay və səbəblərin ən qan-qadalısı da ki, bu xalqın heç zaman unutmayacağı məlum soyqırımı - ermənilərin (əlbəttə, bolşeviklərin “dobro”su ilə) Bakıda törətdiyi mart (1918) qırğınları!
O dövrə aid tarixi mənbələrin məlumatına görə, Bakı işğaldan azad edilənədək, şəhər bir neçə dəfə yadelli qüvvələr tərəfindən əldən-ələ keçmişdi. 1918-ci ilin iyulunda Bakıda Xalq Komissarları Soveti iflasa uğradı. Bu həmin hökumət idi ki, onun vaxtında Bakı və ətraf ərazilərdə ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı ağlasığmaz soyqırımı siyasəti həyata keçirilmişdi. Bu qanlı olayın reallaşmasına, artıq bütün soydaşlarımızın bildiyi kimi, daşnak-bolşevik hökumətinin rəhbəri Stepan Şaumyan başçılıq edirdi. İndiki nəsil tarixçilərimizin dedikləri kimi, ermənilərin (və digər yad qüvvələrin) Bakıda yaratdıqları bu xaos 1918-ci ilin avqustunda Denstervilin komandanlığı ilə Bakını zəbt edib, mahiyyətcə Bakı Xalq Komissarları Soveti kimi antiazərbaycan siyasətli “Sentrokaspi” hökuməti yaratmaqla Bakı neftinə sahib çıxmaq, Xəzər dənizini ələ keçirmək, Mərkəzi Asiyaya gedən yola nəzarət etmək niyyətləri güdən ingilislərə də sərf edirdi.
Bu tarixçənin şəhid-şərəf mücrüsündə əbədi arxa-dayağımız Türkiyənin 1130, Azərbaycanın yüzlərlə əsgəri (habelə, bolşevik-daşnak birləşmələrinin qırıb-çatdığı minlərlə dinc-mülki əhalimiz!) yatır. İyirmi ildən çoxdur bu tarixçənin şöhrət dəftər-kitabına əlavə edilən qürur dolu sözlər, mədəni tədbirlər, maddi-mənəvi əməllər isə həmin şəhid-əsgərləri bütün milli gələcəyimizə doğru yaşatmaqda. Öz şəhid və qazisini daim uca tutan Türkiyədəki möhtəşəm törənlərlə, hər ildönümdə bizim Şəhidlər Xiyabanımızda ucaldılmış Bakı qurtuluşçuları - türk əsgərləri abidəsi önündə yüksək rütbəli hərbçilərin, hökumət adamlarının, deputatların, ziyalıların, media mənsubları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ali, sevgili anım mərasimləri keçirməklə, Türkiyənin Azərbaycandakı səfirliyinin əsas salonuna Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın adının verilməsi kimi faktlarla, xatirəsinin daha da əzizlənib-əbədiləşdirilməsi üçün Bakıda heykəlinin qoyulması sayaq təkliflərlə, digər sayğı-qayğılarla yaşatmaqda...
Və bütün bunları öz süngüləri,
al qan, cismi-can, ad-sanları ilə -
Yazıb-yaşadanlar...
Həmin
il mayın sonlarında üç yüz illik çar imperiyası buxovundan qopmuş birliklərdən biri olan “Zaqafqaziya Seymi” dağıldı, mayın 28-də Azərbaycan
öz müstəqilliyini
elan etdi və Azərbaycan Xalq Cümhuriyyəti adlanan bu dövləti
tanıyan ilk dövlət,
məhz Bakının
sözügedən qurtuluşunda
həlledici rol oynayası Türkiyə oldu.
Qeyd edilməlidir
ki, Xalq Cümhuriyyətinin siyasi gündəmindəki ilk və
əsas məsələlərdən
biri paytaxt məsələsi idi. Belə ki,
həmin dönəmdə
Bakı şəhəri
işğal altında
idi və bu səbəbdən də milli hökumətin
məhz Gəncədə
(müvəqqəti olaraq)
fəaliyyətə başlaması
barədə qərar
qəbul edilmişdi.
Lakin bu hökumətin ixtiyarındakı
hərbi qüvvənin
çox az
(cəmi 600 nəfərlik)
olması Gəncəni
belə işğalçılardan
azad etməyə yetmirdi. Belə bir ağır
vəziyyətdə Azərbaycan
milli hökumətinin
kömək istəyə
biləcəyi yeganə
dövlət Türkiyə
idi. Azərbaycan
rəhbərliyi qardaş
dövlətin rəhbərliyinə
müraciət etdi və 1918-ci il
mayın sonunda Türkiyənin hərbi naziri Ənvər paşa öz qardaşı Nuru paşaya rəhbəri olduğu hərbi hissələrlə Təbriz
ətrafından Gəncəyə
doğru hərəkət
etmək barədə
əmr verdi.
Bu, əvvəli şərəfli
türk və Azərbaycan əsgərlərinin
ölüm-dirim savaşı,
sonu isə - şöhrətli Bakı
qurtuluşu üçün
verilmiş hərbi əmr idi. Tezliklə
böyük Əhməd
Cavad tərəfindən
bunun poetik izharı da veriləcəkdi:
Atıldı dağlardan zəfər
topları,
Yürüdü irəli əsgər,
Bismillah!
O Xan sarayında çiçəkli bir qız
Bəkliyor bizləri, zəfər,
Bismillah!..
Türk
ordu hissələrinin
Gəncəyə girməsi
iyun ayında Azərbaycan milli hökumətinin Tiflisdən
bu şəhərə
köçməsinə zəmin
yaratdı və o, yuxarıda vurğuladığımız
kimi, bütün qüvvəsini paytaxt Bakını işğalçılardan
azad etmək çabalarına yönəltdi...
Nuru paşanın Azərbaycana
gəlişi Azərbaycan
paytaxtına göz dikən yadelli qüvvələrin bizim kürklərimizdən çox
fərqli börklərinə
xeyli əvvəldən
birə salmışdı,
rəhbərlik etdiyi Qafqaz İslam Ordusu ilə Bakıya doğru irəliləməsi isə
onları Mirzə Ələkbərin məşhur
“Qabla dəxi marfaşını, Mir Haşım,
Durma, götür, qaç başını
Mir Haşım!” vəziyyətinə
gətirmişdi. Tərkibi Osmanlı
və Azərbaycan əsgərlərindən ibarət
bu ordu paytaxtımızın
qurtuluşu uğrunda
misilsiz şücaətlər
göstərdi. Şəhərin
xilas mühasirəsinin
çox dəqiqliklə
həyata keçirilməsinə
nail olan bizim komandan ingilis qoşunlarının komandanı
Denstervilin xatirələrinə
də düşdü:
“Nuru paşanın topçuları elə bir dəqiqliklə atəş açırdılar
ki, Bakıdakı memarlıq abidələrinin
birinə də ziyan dəymədi...”
1918-ci il sentyabrın
15-də - Qurban bayramı
günü Bakı işğalçılardan azad
edildi. Bu hadisə
Azərbaycan tarixinə
daha bir milli zəfər günü, dahi Mustafa Kamal Atatürkün sonralar söyləyəcəyi
“Azərbaycanın kədəri
kədərimiz, sevinci
sevincimizdir!” fikrinin əyani təsdiqi kimi düşdü.
İki gün sonra Azərbaycan hökuməti
“müvəqqəti paytaxtımız”
Gəncədən Bakıya
- əzəli-əbədi siyasət,
mədəniyyət, incəsənət
mərkəzimizə köçürüldü.
O Günü milli
tariximizin universal millətləşmə
erasının başlanğıcı
kimi də xarakterizə etmək olar. Elə bir çox
tarixçilərimizin, milli
ziyalılarımızın qənaəti də belədir. Onların fikrincə, əgər
həmin xaotik dövrdə Bakı azad edilməsəydi, indi bu şəhərin
Azərbaycanın paytaxtı
olması sual altında qalardı.
Axı, bolşeviklər
və xüsusən də erməni daşnaklar Bakını -
anamız Azərbaycanın
bu ali,
baş parçasını
qoparmaq, onu “muxtar şəhər”ə
və ya ayrıca quberniyaya çevirməyi planlaşdırmışdılar!
Bunun nə demək olduğunu bütün “ədəvaları” ilə
təsəvvür edə
bilirikmi, görəsən?
Bakısız Azərbaycan?
Bakısız dövlət müstəqilliyi?!
Həmin
dövrə məxsus
(və bütün gələcəyimizə aid) bu
sualları indilər Qarabağa transfer etməklə,
yaşasın şanlı
15 sentyabr 1918 tarixçəmiz!
Tahir Abbaslı
Mədəniyyət.- 2016.- 16
sentyabr.- S.11.