Özbəkistandakı “Atlas festivalı”nda Azərbaycan kəlağayıları nümayiş etdirilib

 

 

Özbəkistanın Mədəniyyət və İdman Nazirliyi, UNESCO-nun bu ölkədəki nümayəndəliyi Fərqanə Vilayət Hakimiyyəti ilə birgə qədim Mərgilan şəhərindəki Sənətkarlar mərkəzində "Atlas festivalı" keçirib.

Festivalın açılışında çıxış edən Mərgilan şəhər hakimi Şavkat Erkabaev Özbəkistanın ipəkçilik sahəsindəki ənənələri haqqında danışıb, Mərgilan ipəyinin bütün dünyada məşhur olduğunu diqqətə çatdırıb. Bu cür tədbirlərin ipəkçilik sahəsinin inkişafına töhfə verdiyi vurğulanıb.

UNESCO-nun Özbəkistandakı nümayəndəsi, xanım Krista Pikat Mərgilan ipəyi və atlasının öz gözəlliyi və zərifliyi ilə seçildiyini bildirib, Özbəkistanda ipəkçilik sahəsinin inkişafına göstərilən dövlət dəstəyini yüksək qiymətləndirib.

Festivalda Özbəkistandakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən kəlağayılarımız və ipəkdən hazırlanmış milli geyimlərimiz nümayiş olunub.

Mərgilan şəhər muzeyində Azərbaycan sərgisi də təşkil edilib. Azərbaycan kəlağayıları iştirakçıların böyük marağına səbəb olub.

Festival çərçivəsində özbək dizaynerlərinin atlasdan hazırladığı geyimlərin sərgisi də keçirilib.

 

 

Mədəniyyət.- 2016.- 16 sentyabr.- S.13.