Teatr teatra bənzəməz,
təəssürat da
o birisinə...
Sentyabrın 17-19-da festival
tamaşaçıları üç fərqli üslubda tamaşaya baxdılar. Nə qədər fərqli olsalar da, bu
teatrların bir ümumi cəhəti var idi: səhnə
əsərinin taleyini
həll edənlər
- cavanlar idi!
Şənbə günü Şəki səhnəsi ukraynalı qonaqların ixtiyarında idi. Xarkov şəhərindən gəlmiş kollektiv -
"Teatr Prekrasnıye
Svetı" ("Gözəl
çiçəklər teatrı")
"Piy" tamaşası
ilə çıxış
etdi.
Xarkov teatrı
bir neçə cavan aktyorun, rejissorun və teatr həvəslisinin qurduğu müstəqil teatrdır. Sadəcə, onlar nə
istədiklərini, səhnədən
nəyi necə göstərməyi dəqiq
müəyyən etdikləri
üçün cəmi
altı yaşı olan teatr artıq
dünyanın fərqli
bucaqlarında tamaşalarla
çıxış edir,
festivallara qatılır.
Onların Şəkidə oynadıqları "Piy"
tamaşası satiranın
gücü, yumorun vasitəsilə cəmiyyətdəki
uyarsızlıqları ifşa
etmək məqsədi
daşıyır. Vücud dili
- pantomimi ifadə vasitəsi seçmiş teatr bu tamaşada
bir neçə xırda miniatürü vahid xətt üzrə birləşdirərək
təqdim etdi.
Bazar günü isə Şəkidə S.Axmeteli adına Tbilisi Dövlət Dram Teatrı
V.Pşavelanın "Ev
yiyəsi və qonaq" tamaşası ilə çıxış
etdi. Qafqaz qonaqpərvərliyi ilə qan qisası
mövzularının kəsişdiyi,
iştirakçıların iki qütbə bölündüyü tamaşa
çox maraqlı quruluşu ilə diqqəti cəlb edirdi. 35 yaşlı
teatr ilə təxminən yaşıd
olan kollektivin bədii rəhbəri və tamaşanın quruluşçu rejissoru İrakli Qogiya güzgülərdən və
səhnənin dərinliyində
quraşdırılmış sofitlərdən istifadə
etməklə həm kütləvi səhnə
effektinə, həm də aktyorların kölgəsinin salona düşməsi ilə möhtəşəmlik effektinə
nail ola bilmişdi.
İ.Qogiya artıq hər
kəsin alışdığı
və yorulduğu ənənəvi teatr mühitinə yeni nəfəs, yeni baxış gətirməyi
bacaran rejissorlardandır.
Və onun bu bacarığı "Ev yiyəsi və qonaq" tamaşasında aydın
hiss olunurdu.
Bazar ertəsi,
sentyabrın 19-da Şəki
səhnəsi Moskvadan
gəlmiş müstəqil
"Tvikster" teatrının
ixtiyarında idi. Teatrın təməlini
qoymuş Vyaçeslav
İqnatov və Mariya Litvinova yaranan hər hansı ideyanı gerçəkləşdirmək üçün teatrla bağlı digər sənət sahiblərini də tamaşa üzərində işə
cəlb edirlər.
"Üç məkan" festivalında
"Tvikster"in nümayiş
etdirdiyi "Bədən
üzvləri" tamaşasının
ərsəyə gəlməsində
əsas iştirakçılardan
biri - rəqqas, xoreoqraf Denis Boroditskinin əməyi böyükdür.
Tamaşa insanın doğulandan bəri keçdiyi ömür yolunda onu sarsıdan, yaddaşına həkk olunan hadisələrin onun yaddaşında necə iz qoyması,
həyatına təsir
etməsindən bəhs
edir. Ənənəvi, pantomim, rəqs
və kölgə teatrı ünsürlərinin
bir tamaşada həm də yüksək texnoloji effektlərlə istifadə
edilməsi qeyri-adi və maraqlı səhnə əsərinin
yaranmasını şərtləndirib.
Tamaşaların sonunda kollektivə Mədəniyyət və
Turizm Nazirliyinin, Şəki Şəhər
İcra Hakimiyyətinin
diplom və xatirə hədiyyələri
təqdim edildi.
Sentyabrın 20-də axşam Şəkidə daha bir festival iştirakçısı - N.Dumbadze adına Professional Dövlət Gənclər Teatrı (Gürcüstan) C.Rossininin "Sevilya bərbəri" əsərini kukla teatrı janrında nümayiş etdirdi. Bu barədə növbəti sayımızda...
Gülcahan Mirməmməd
Şəki
Mədəniyyət.- 2016.- 21
sentyabr.- S.6.