“Avropa İrs
Günləri” çərçivəsində bir sıra tədbirlər keçirilib
Bir neçə ildir ki, sentyabrın sonu - oktyabrın əvvəlində, qitənin bütün ölkələrində olduğu kimi, Azərbaycanda da “Avropa İrs Günləri” layihəsi həyata keçirilir. Layihənin məqsədi maarifləndirici kampaniyalar, muzeylərdə “açıq qapı” günləri, folklor gecələri, rəsmi açılışlar və etnoqrafik şənliklər formasında tədbirlər təşkil etməklə insanların diqqətini mədəni irsin qorunmasına yönəltməkdir.
Sentyabrın 16-dan 18-dək Avropa Şurası və Avropa İttifaqının birgə layihəsi ölkəmizdə bir sıra tədbirlərlə yadda qaldı.
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən əsas qoruq və muzeylərində “açıq qapı” günləri keçirildi.
“Açıq qapı” günləri çərçivəsində Qobustan Milli tarix-bədii qoruğu, Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Milli İncəsənət Muzeyi, Xalça Muzeyi, “Yanardağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğu, “Atəşgah məbədi” Dövlət tarix-memarlıq, “İçərişəhər” Dövlət tarix-memarlıq, “Qala” Dövlət tarix-etnoqrafiya qoruqlarını çoxsaylı qonaqlar ziyarət edib. Həmçinin Şəki şəhərində “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğu və Kiş tarix-memarlıq qoruğunda, Qəbələ Dövlət tarix-bədii qoruğunda da “açıq qapı” günləri təşkil olunub. Bu kampaniya çərçivəsində üç gün ərzində muzey və qoruqlara ziyarətçilər ödənişsiz giriş və ekskursiya ilə təmin ediliblər. Aksiya yerli vətəndaşlarla yanaşı, xarici turistlərin də marağını cəlb edib.
Təşkil olunan kampaniyadan razı qalan ziyarətçilər aksiyadan səmərəli yararlandıqlarına görə onlara bu imkanı yaradan təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, “Avropa İrs Günləri” Avropa vətəndaşları arasında əməkdaşlıq çərçivəsində kütləvi qeyd olunan mədəni təşəbbüslərdən biridir. 1985-ci ildə Avropa Şurası tərəfindən irəli sürülmüş bu təşəbbüsə 1999-cu ildə Avropa İttifaqı Komissiyası da qoşulub. Hər il layihə Avropanın 50 ölkəsində keçirilir və təxminən 20 milyona yaxın insan bu təşəbbüsdən yararlanır. Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunduqdan sonra bu təşkilat tərəfindən təşkil edilən tədbirlərdə daha fəal iştirak etməyə başlayıb. 2012-ci ildən isə “Avropa İrs Günləri” Azərbaycanda da geniş şəkildə qeyd edilir.
F.Hüseynov
Mədəniyyət.- 2016.- 21
sentyabr.- S.9.