Biz “Arşın mal alan”ı seyr edərək böyüdük

 

 

“Mədəniyyət sahəsində Azərbaycan digər türkdilli ölkələrdən hər zaman öndə olub. Üzeyir Hacıbəyli, Qara Qarayev kimi dahilər Azərbaycanda yetişib. Biz bu sənətkarlarla qürur duyuruq, çünki qardaş xalqlarıq”

 

Türkdilli ölkələr arasında mədəni əməkdaşlığın vacib müstəvilərindən biri ədəbi əlaqələr, qardaş xalqların ədəbiyyatının qarşılıqlı şəkildə tanıdılması, təbliğidir. Bu da bir gerçəkdir ki, türksoylu xalqların dillərində tarixi yaxınlıq olsa da, ədəbi nümunələrin, özəlliklə müasir ədəbiyyatın dolğun qavranılması üçün onların tərcüməsi lazımdır.

Mövzu ilə bağlı həmsöhbətim Qazaxıstan Yazıçılar Birliyinin katibi, Qazaxıstan Respublikasının Ankaradakı səfirliyinin mədəniyyət müşaviri, yazıçı, tərcüməçi Malik Otarbayevdir. Qeyd edim ki, o həm də Qazaxıstan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi kimi də fəaliyyət göstərib.

 

- Malik bəy, siz türk dilində hekayələr yazır, tərcümələr edirsiniz. Türk dilini necə öyrəndiniz?

- 1997-ci ildə orta məktəbi bitirdikdən sonra Türkiyənin İsparta şəhərində Süleyman Dəmirəl Universitetinin Beynəlxalq iqtisadi əlaqələr fakültəsinə daxil oldum. Təhsilimi türkingilis dilində almışam. 2001-ci ildən 2005-ci ilə qədər Əl-Fərabi Qazax Dövlət Universitetində araşdırmaçı kimi çalışdım. Qazaxıstan Yazıçılar Birliyinə bağlı olan "Kalamger" jurnalının koordinatorluğunu icra etmişəm. Mən yazıçılığa tərcümə ilə başladım. Türk dilindən qazax, qazax dilindən isə türk dilinə tərcümələr edirəm. Bir sıra türk yazıçılarının əsərlərini qazax dilinə çevirmişəm. TÜRKSOY-un 2015-cü ildə elan etdiyiHaldun Taner ili” çərçivəsində bu görkəmli yazıçı-dramaturqun hekayə və pyeslərini, Yunus Əmrənin “İbrət” adlı kitabını qazax dilinə çevirdim. Bu il nəşr olunanOljas Süleymenovun 10 türk dilində şeirləri” kitabını tərtib etmişəm.

 

- Deməli, qazaxtürk ədəbiyyatını bir-birinə tanıdırsınız. Sizcə, türk dünyasında ədəbi tərcümə işinin səviyyəsi nə yerdədir və bunu daha da yaxşılaşdırmaq üçün hansı addımların atılması vacibdir?

- Mən hələ Qazaxıstan Yazıçılar Birliyində beynəlxalq əlaqələr bölümünə rəhbərlik edərkən bunun şahidi oldum ki, türk dünyasında bu sahədə görüləcək çox var. Elə bu zərurəti dərk edərək tərcüməyə başladım. Əgər indi bizim oxuculardan Azərbaycan ədəbiyyatı haqqında soruşsanız, onlar Nəsimini, Səməd Vurğunu, Bəxtiyar Vahabzadəni, Anarı, daha bir neçə yazıçı-şairi tanıyacaqlar. Müstəqillik dövründə yetişən ədəbi nəsil haqqında məlumatları ya çox azdır, ya da ümumiyyətlə yoxdur. Yəni əgər biz daha güclü türk birliyi görmək istəyiriksə, ədəbi əlaqələr çox vacibdir. Doğrudur, TÜRKSOY mədəniyyət və sənətlə məşğul olurböyük işlər görməkdədir. Amma ədəbiyyat fərqli bir sahədir. Bu, dillərimizin inkişafını, daha geniş miqyasda istifadə edilməsini, mənəvi dəyərlərimizin davamlı olaraq tanıdılmasını təmin edən bir dünyadır və bu baxımdan düşünürəm ki, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası kimi, Türk Dünyası Yazarlar Birliyi qurulsa, bu işi daha geniş miqyasda görə bilərik. Mən Türkiyəyə gəldikdən sonra bu boşluğu daha çox gördüm. Lakin belə bir birliyin qurulmasında dövlətlərin dəstəyinə ehtiyac var. O cümlədən tərcümə vasitəsilə türk xalqları bir-birinin ədəbiyyatını yaxından tanımalıdır. Məsələn, Azərbaycanda son illər türk dünyasının gənc yazar və şairlərinin forumları keçirilir. Mən də 2014-cü ildə bu görüşdə iştirak etdim, çox gözəl fikir mübadiləsi oldu. Belə tədbirləri mütəmadi təşkil etmək çox gözəl olardı və bunun üçünbir təşkilat lazımdır.

 

- Yeri gəlmişkən, bu yaxınlarda Azərbaycanda sizin bir hekayəniz çap olundu.

- 2015-ci ildə Çanaqqalada türk dünyasının böyük oğlu, Azərbaycan şairi Bəxtiyar Vahabzadənin 90 illiyinə həsr edilmiş ədəbiyyat dərgiləri rəhbərlərinin toplantısı düzənləndi. BizTÜRKSOY-dan ədəbiyyatçı olaraq tədbirə qatılmışdıq və orada 18 Mart Universitetinin professoru, azərbaycanlı şair, tərcüməçi Məmməd İsmayıl ilə tanış oldum. Yaradıcılıq söhbətləri etdik, təcrübələrimizi bölüşdük. Mən ona “Budağından qopan yarpaq” hekayəmi yolladım. Bir müddət sonra o, mənə zəng edərək hekayəmi tərcümə etdiyini və “Kaspi” qəzetində çap etdirdiyini bildirdi. Mən ona böyük minnətdarlığımı bildirirəm. Çünki Azərbaycan oxucusu bir gənc qazax yazıçısının əsəri ilə tanış olacaq. Çox istərdim ki, bu qarşılıqlı və davamlı olsun.

 

- Yaradıcılığınızda bir maraqlı məqam da var: hekayələri türk, esseləri isə qazax dilində yazırsınız. Səbəb?

- Bununla bəlkə də türk dilində yazan qazax yazarı kimi tanınmaq istəyirəm. Türk dünyasının Mahmud Kaşğarlı mükafatını ilk dəfə Bakıda alan Nurqali Oras adlı bir qazax yazıçısı var. O mənə dedi ki, Çingiz Aytmatov ilk dəfə povestlərini qırğız dilində yazdı. O zaman qırğız yazıçıları onu çox müzakirə etdilər. “Noviy Mir” jurnalının redaktoru Aleksandr Tvardovski ona məsləhət görür ki, rus dilində yazsın və əsərlərini daha çox adam oxusun. Bu söhbətdən sonra da dahi yazar əsərlərini rus dilində yazmağa başlayıb. Mən də hekayələrimi türk dilində yazmağa başladım. Mənim hekayələrimdə də iki ölkə arasında bir əlaqə var.

 

- Gələcəkdə Azərbaycan-Qazaxıstan əlaqələrini özündə əks etdirən hekayələr yazmağı necə, düşünürsünüzmü?

- Azərbaycan dili Oğuz dil qrupundan olduğu üçün Türkiyə ilə çox yaxınlıq təşkil edir. Türk dilində yazan yazıçı kimi Azərbaycan dilinirahat başa düşürəm. Bundan başqa, müstəqilliyin əldə olunmasından keçən 25 il ərzində Azərbaycanda yetişən yazıçıları da Qazaxıstana və türk dünyasına tanıtmalıyıq. Lakin yenə də söyləyirəm ki, bu işi fərdi təşəbbüslərlə görmək çətindir. Bunun üçün ölkələrarası qurum yaradılmalıdır. Önəmli olan məsələ təkcə tərcümə deyil, həm də türk dünyasının yazıçılarının bir-birini yaxından tanımalarıdır. Biz SSRİ dönəmində Türkiyədən 70 il uzaqlaşmışdıq. Amma Azərbaycanla əlaqəmiz var idi. Biz “Arşın mal alan”ı seyr edərək böyüdük. Hələ də Qazaxıstan teatrlarında bu tamaşa göstərilir. Mədəniyyət və incəsənət sahəsində Azərbaycan digər türkdilli ölkələrdən hər zaman öndə olub. Üzeyir Hacıbəyli, Qara Qarayev kimi dahilər məhz Azərbaycanda yetişib. Biz bu sənətkarlarla qürur duyuruq, çünki qardaş xalqlarıq. Biz həm də 70 il eyni taleyi yaşamışıq. Təbii ki, müstəqillik əldə etdikdən sonra Türkiyə ilə əlaqələrimiz yaxşılaşdı. Amma biz Azərbaycandan fərqli olaraq hələ də Türkiyəni yaxşı tanımırıq. Bu baxımdan ədəbi əlaqələrimizi də gücləndirməliyik.

 

- Türk Dünyası Yazarlar Birliyinin qurulmasında ən vacib məqamları necə görürsünüz, təklifləriniz nədən ibarətdir?

- Bu məsələyə Türk Konseyinin (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası - red.) 2013-cü ildə Bişkekdə keçirdiyi toplantı zamanı diqqət çəkildi. O zaman qeyd olundu ki, TÜRKSOY bu işi icra edər. Başqa bir tərəfdən də, türk dünyasında tərcüməçilər üçün xüsusi bir mükafat təsis etmək olar. O qədər bacarıqlı tərcüməçilərimiz var ki, gördükləri işlərlə ölkələri, xalqları bir-birinə yaxınlaşdırırlar. Əgər dövlətlər özlərini tanıtmaq istəyirlərsə və bu yollardan biri ədəbiyyatdırsa, o zaman tərcümə və tərcüməçilərə dəyər vermək lazımdır. Buna da kompleks yanaşmaq lazımdır. Məsələn, tərcümə ilə məşğul olan birgə institutlar qurula bilər. SSRİ-də bu sahədə çox işlər görülmüşdü. Bu tərcümələrin sayəsində biz dünya ədəbiyyatını çox rahatlıqla oxuya bilirdik. Məsələn, Türkiyədəki kitab mağazalarında satılan kitablara baxsaq türk dünyasından əsasən Çingiz Aytmatovun kitablarına rast gəlmək olar. Qazaxıstan, Azərbaycan, Özbəkistandan və digər qardaş ölkələrdən kitab yoxdur. Eləcə də türk yazıçıları digər türksoylu ölkələrdə yetərincə tanınmır. Orxan Pamuk 2006-cı ildə Nobel mükafatı alıb, hələ də kitabı qazax dilinə çevrilməyib. Çünki tərcüməçilərə lazımınca əməkhaqqı ödənilmir. Bir alman yazıçısı deyib: “Tərcüməçi həm yazıçıdan böyük, həm də kiçikdir”. Böyükdür ona görə ki, yazıçının əsərini fərqli dilə çevirir, kiçikdir ona görə ki, yazıçının yazdıqları ilə məhdudlaşır. TÜRKSOY türkdilli ölkələrə qucaq açıb. Bu qurumun ofisi, katibliyi Türkiyədə yerləşir. Türk Dünyası Yazarlar Birliyibaşqa bir türkdilli ölkədə, məsələn, Qazaxıstanda, Azərbaycanda yerləşə bilər, dövlət tərəfindən də kömək olunar. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin dəstəyi ilə Astanada qurulan Türk Akademiyası Özbəkistan, yaxud Türkmənistanla aktiv işbirliyi qura bilib. Bəhs etdiyim qurum vasitəsilə də kitablar tərcümə edilər, davamlı gediş-gəlişlər edilə, yaradıcılıq gecələri keçirilə bilər. Əgər bu gün ədəbiyyata yüksək səviyyədə əhəmiyyət verilsə, türk dünyası damı altında ədəbiyyatın bütün sahələri inkişaf etdirilərsə, türk dünyası ədəbiyyatını dünyaya daha geniş tanıda bilərik.

 

Mehparə Sultanova

Ankara

 

Mədəniyyət.- 2016.- 21 sentyabr.- S.13.