“İki ölkəni həm
də mənəvi dəyərlər birləşdirir”
Bakıda Əfqanıstanın Milli günü qeyd edilib
Sentyabrın 19-da Bakıda Əfqanıstan İslam Respublikasının Bakıdakı səfirliyi ölkənin Milli günü - müstəqilliyin elan edilməsinin 97-ci ildönümü münasibətilə tədbir keçirib.
Azərbaycan və Əfqanıstanın dövlət himnlərinin səslənməsindən sonra çıxış edən səfir Məhəmməd Taqi Xəlil qonaqları salamlayaraq ölkəsinin müstəqillik bayramının növbəti dəfə Azərbaycanda qeyd olunmasından məmnunluğunu bildirib. Müstəqilliyin bütün xalqlar üçün böyük məna daşığını deyən diplomat rifaha aparan proses və səbirlə öyrənmə yolunun, hər zaman olduğu kimi, Əfqanıstan üçün uzun və cəsarətli, lakin doğru bir yol olacağını vurğulayıb. Qeyd olunub ki, təhlükəsizlik məsələsi hələ də Əfqanıstanın inkişafı qarşısında duran ən böyük problemdir və onun aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin ölkəyə dəstəyinin davam etməsi zəruridir.
Səfir Azərbaycan-Əfqanıstan münasibətlərindən məmnunluğunu ifadə edib, inkişaf etməkdə olan ikitərəfli əməkdaşlığa görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan hökumətinə minnətdarlığını bildirib: “Bu əlaqələr və dostluq münasibətləri bizim müdafiə və digər təhlükəsizlik qüvvələrinə göstərilən köməkdə əks olunur. Azərbaycanda və öz vətənində yaşayan əfqanlar bir sıra müəssisələrdə təlim və təhsil vasitəsilə yardım alıblar".
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Əfqanıstanın milli bayramını Azərbaycan Prezidenti və hökuməti adından təbrik edib, əfqan xalqına sülh, əmin-amanlıq və rifah arzulayıb.
İki ölkə arasında diplomatik münasibətlərin əsasının 1994-cü ildən qoyulduğunu diqqətə çatdıran nazir bu əməkdaşlığın yüksək səviyyədə davam etdirildiyini vurğulayıb: "Bizim ölkələrimiz müxtəlif beynəlxalq təşkilatlarda da əməkdaşlıq edərək, bir-birinə dəstək olurlar, müxtəlif mövzularda həmrəylik nümayiş etdirirlər. İki ölkəni həm də mənəvi dəyərlər birləşdirir, UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilən Novruz hər iki ölkədə bayram kimi qeyd edilir”.
Əbülfəs Qarayev onu da diqqətə
çatdırıb ki, 2010-cu ildə Azərbaycan,
Əfqanıstan və Novruz
bayramını qeyd edən digər
ölkələrin təşəbbüsü ilə BMT-nin Baş
Assambleyası 21 martı Beynəlxalq Novruz
Günü elan edib. Nazir ümidvar
olduğunu bildirib ki, Azərbaycanla Əfqanıstan arasında
münasibətlər bundan sonra da davamlı inkişaf edəcək.
Mədəniyyət.- 2016.- 23
sentyabr.- S.4.