Üç məkan" II Şəki Beynəlxalq Teatr Festivalı

 

 

"Zəng"dən sonra "Yeddi gözəl" gəldi

 

Sentyabrın 21-də "Üç məkan" II Şəki Beynəlxalq Teatr Festivalıda iki tamaşa göstərildi.

Gündüz A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı böyüklər üçün (12+) "Zəng" monotamaşası ilə çıxış etdi. Teatrın baş rejissoru Qurban Məsimovun müəllif tamaşasında aktyor Rəhim Rəhimov oynayırdı.

Şərəfli həyat yolu keçmiş, ömür-gün yoldaşını itirmiş Qoca zamandır ki, tək yaşayır. Hər an övladlarının telefon zəngini gözləyən Qoca gah ötən günləri yada salır, gah övladlarının uşaqlıq çağlarından qalmış oyuncaqları ilə başını qatır. Amma gün keçir, gözlənilən telefon zəngi çalınır.

Aktyor Rəhim Rəhimov Qocanın yaşantılarını intizarını sözsüz ifası ilə mükəmməl çatdırırdı. Düzgün seçilmiş musiqi parçaları da aktyorun ifasının təsir gücünü artırırdı. "Qoca valideynlərinizi tək qoymayın, sizin bir telefon zənginiz onlara həyat eşqi verir" ismarışlı tamaşa böyük müvəffəqiyyətlə keçdi.

* * *

Axşam isə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının bir gün əvvəl Mingəçevirdə göstərdiyi "Yeddi gözəl" tamaşası Şəki teatrsevərlərinin xahişi ilə S.Rəhman adına Şəki Dövlət Dram Teatrının səhnəsində nümayiş olundu.

Dahi Nizami Gəncəvinin ölməz poemasına 2013-cü ildə Mədəniyyət Turizm Nazirliyinin sifarişi dəstəyi ilə Litva sənətçiləri quruluş verib.

"Yeddi gözəl" tamaşasının quruluşçu rejissoru Yonas Vaytkus, quruluşçu rəssamı Arturas Şimonis, geyim üzrə rəssamı Sandra Straukayte, Qara Qarayevin "Yeddi gözəl" baleti əsasında musiqi tərtibatçısı isə Algirdas Martinaytisdir. Səhnə əsərində istifadə olunan video-instalyasiyaları Emin Mirabdullayev hazırlayıb.

Bədii tərtibatın lakonik həlli, dekorasiyanın demək olar ki, olmaması səhnə əsərinin əsas yükünü iştirakçıların öhdəsinə qoyur. İkihissəli səhnə əsəri tamaşa içində tamaşa (müəllifin - Nizaminin əsərin əsas məğzini açan yeddi gözəlin söylədiyi nağıllar) kimi qurulub. Seyrçidən təkcə vizual diqqət yox, həm söylənilənlərə diqqətlə qulaq kəsilməyi tələb edən "Yeddi gözəl" insanı öz içinə qapılaraq üzərində düşündüyü bir çox suallara ulu Nizaminin hikməti ilə cavab tapmağa vadar edir.

 

Gürcülər italyan operasını Azərbaycan dilində təqdim etdilər

 

Sentyabrın 20-də "Üç məkan" II Şəki Beynəlxalq Teatr Festivalında iki tamaşa oynanıldı. S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı Mingəçevirdə Nizami Gəncəvinin "Yeddi gözəl" poeması əsasında hazırlanmış eyniadlı tamaşanı nümayiş etdirdilər. Şəki səhnəsi isə yenə qonaqları qarşıladı.

N.Dumbadze adına Professional Dövlət Gənclər Teatrı festivala məşhur İtaliya bəstəkarı Coakkino Rossininin "Sevilya bərbəri" operası əsasında hazırlanmış tamaşa gətirmişdi. Klassik musiqini uşaqlara sevdirmək niyyətilə hazırlanmış səhnə əsəri fonoqram səsləndirmənin köməyi ilə qurulmuş kukla teatrı tamaşasıdır. Tamaşaya daha çox uşaq baxa bilsin deyə, mətni gürcü, rus, Azərbaycan, türk ingilis dillərində lentə alınıb.

Şəkidə Azərbaycan dilində oynanılan tamaşa anşlaqla keçdi. Oturacaqlarda hətta iki-iki əyləşmiş uşaqlar onların müəllimləri, valideynləri "Sevilya bərbəri"ni çox böyük maraqla qarşıladılar. Gözəl Rozina ilə qraf Almavironun saf sevgi macərası, hiyləgər çevik bərbər Fiqaronun sevənlərə kömək etməsi barədə əhvalat-tamaşa balaca teatrsevərlərin ürəyincə oldu.

Səhnədə italyan dilindəki əsərin məzmununu aparıcı-dirijordan doğma dildə eşitmək onları böyük opera sənətinə bir addım yaxınlaşdırmağa xidmət edirdi. Rejissor Besarion Kupreişvili ilə əsəri kukla teatrı formatına uyğunlaşdırmış Quri Zakareişvilinin bu ideyası artıq dördüncü dəfədir ki, Gürcüstandan kənarda uğurla oynanılır.

 

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2016.- 23 sentyabr.- S.5.