Dünya teatrlarının
çağdaş problemləri Bakıda müzakirə
olunacaq
IV Bakı Beynəlxalq
Teatr Konfransı
Teatrın tarixi çox qədimlərə gedib çıxsa da, səhnə sənəti həmişə çağdaş zamanın, müasirləşmənin güzgüsü olub. Teatr yalnız mənəvi zövq mənbəyi deyil, eyni zamanda cəmiyyəti istiqamətləndirən, dünyagörüşünü dəyişdirən ecazkar bir sənətdir.
Azərbaycan teatrı zəngin bir inkişaf yolu
keçmişdir. Bu zənginlik xalqımızın mənəvi
aləminin təkamülünə vəsilə olmuş, cəmiyyətimizlə
teatr arasında ayrılmaz bağlılıq
yaranmışdır. Ölkəmiz ikinci dəfə
müstəqillik əldə etdikdən sonra teatrlarımıza
dövlət dəstəyi daha da güclənmişdir. Mədəniyyətimizin hamisi, həqiqi sənəti
yüksək qiymətləndirən ulu öndər Heydər
Əliyev teatra və səhnə xadimlərinə həmişə
qayğı ilə yanaşmışdır. Dahi siyasətçinin mədəniyyət və incəsənətimizə
qayğısı, sənət adamlarına həssas
münasibəti bu gün Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirilir.
Mədəniyyətimizin digər sahələri kimi,
teatr sənəti də dövlətin diqqət və dəstəyi
ilə əhatə olunub. Bunun sayəsində Azərbaycan
teatrı dünyada gedən müasir sənət proseslərinə
inteqrasiya edərək özünün yeni inkişaf mərhələsini
yaşayır. 2006-cı ildə Azərbaycanda
ilk dəfə olaraq “Teatr və teatr fəaliyyəti
haqqında” qanunun qüvvəyə minməsi, 2007-ci ildə
Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi
ilə bağlı dövlət başçısının
sərəncam imzalaması teatr sahəsinin sistemli
inkişafına zəmin yaratmışdır.
Bu sahədə
atılan önəmli addımlardan biri də ölkə
başçısının 2009-cu il 18
may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
teatrı 2009-2019-cu illərdə” Dövlət
Proqramıdır. Bu tarixi əhəmiyyətli sənədin
əsas məqsədi Azərbaycan teatrının zəngin bədii
irsini və yaradıcılıq ənənələrini
qorumaq, milli-mənəvi dəyərlərin təbliği və
dünya mədəniyyətinə inteqrasiyasını təmin
etmək, milli teatr sənətinin davamlı
inkişafını dəstəkləməkdən ibarətdir.
Proqramın icrası ilə teatrların
maddi-texniki bazası möhkəmləndirilir, kadr potensialı
gücləndirilir, fəaliyyət istiqamətləri və
beynəlxalq əlaqələri genişlənir.
Bu gün respublikada 26 dövlət, 65 xalq teatrı fəaliyyət
göstərir. Teatrların binaları 2009-cu ildən
başlayaraq dövlət proqramına uyğun şəkildə
dünya standartları səviyyəsində yenidən qurulur.
Sevindirici haldır ki, teatrlarda həyata
keçirilən yenidənqurma işləri paytaxtdakı sənət
məbədləri ilə yanaşı, regionları da əhatə
edir.
Öz yaradıcılığı ilə fərqlənən
sənət ustalarına Azərbaycan Respublikasının fəxri
adları, Prezident mükafatları və Prezident təqaüdləri
verilir, onların əməyi ölkənin yüksək
mükafatlarına - orden və medallara layiq görülür. Mədəniyyət və
incəsənətin digər sahələri kimi, teatr sənətimizin
inkişaf etdirilməsi, bu sahədə çalışan
insanlara, o cümlədən qocaman sənətkarlara
qayğı göstərilməsi Heydər Əliyev Fondunun
prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın da diqqət mərkəzindədir.
Bu gün Azərbaycan teatrının sorağı
dünyanın müxtəlif guşələrindən gəlir,
teatrlarımızın nüfuzlu beynəlxalq qurumlarla əlaqələri
genişlənir. Mədəniyyət və Turizm Nazirliyinin
həyata keçirdiyi layihələr, son illərdə
görülən ardıcıl işlər sayəsində
beynəlxalq təşkilatlarla əməkdaşlıq
uğurla davam etdirilir. Belə ki, Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrı artıq
bir necə ildir Uşaq və Gənclər Teatrları Beynəlxalq
Assosiasiyasının (ASSİTEJ), Dövlət Kukla Teatrı
Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA)
üzvüdür. Dövlət Musiqili
Teatrı isə Musiqili Teatrların Beynəlxalq
Assosiasiyasına üzv seçilmişdir. Ölkəmiz eyni zamanda Beynəlxalq Teatr
İnstitutunda təmsil olunur.
Beynəlxalq təcrübə ilə davamlı
tanışlıq, genişmiqyaslı qastrol fəaliyyəti,
canlı ünsiyyət, yaradıcılıq mübadiləsi
Azərbaycan teatrının inkişafının göstəricisidir. Ötən
illər ərzində teatrlarımız dünyanın 20-dən
artıq ölkəsində (Almaniya, Türkiyə, Rusiya,
Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran,
Misir, Hollandiya, Estoniya, Bolqarıstan və s.) keçirilən
beynəlxalq tədbirlərdə layiqincə təmsil
olunmuşdur. Bundan başqa, azərbaycanlı
rejissorlar müxtəlif ölkələrdə tamaşalara
quruluşlar verirlər. Xarici ölkələrdən
Azərbaycana dəvət olunmuş rejissorlar, rəssamlar,
teatr sahəsində çalışanların sayı da ildən-ilə
çoxalır. İstedadlı gənc
teatr rejissor və aktyorlar, səhnə üzrə mütəxəssislər
xarici ölkələrdə ixtisasartırma kurslarında,
ustad dərslərində iştirak edirlər.
I Bakı
Beynəlxalq Teatr Konfransı: yeni əsrin teatr prosesləri
Ölkə rəhbərliyinin prinsipial,
xalqımızın mənafeyini təmin edən xarici siyasətinin
və həyata keçirdiyi müxtəlif tədbirlər nəticəsində
Azərbaycanın nüfuzu dünya miqyasında daha da
artmış, beynəlxalq əlaqələri daha da genişlənmişdir. Ölkəmiz
beynəlxalq tədbirlərin, dünya və qitə əhəmiyyətli
idman yarışlarının, konfransların keçirildiyi
ünvana çevrilmişdir. Bu sırada
2010-cu ildə təməli qoyulan Bakı Beynəlxalq Teatr
Konfransının məxsusi yeri var.
Qeyd edək ki, müasir dövrün teatr problemlərinə
həsr olunmuş beynəlxalq elmi-praktik konfransın təşkili
“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət
Proqramının müvafiq bəndində əks olunmuşdur. Proqramda Mədəniyyət
və Turizm Nazirliyinə Milli Elmlər Akademiyası və Azərbaycan
Teatr Xadimləri İttifaqını cəlb etməklə iki
ildən bir bu beynəlxalq tədbiri keçirmək həvalə
edilmişdir. Bu ilin noyabrında
dördüncü dəfə baş tutacaq konfrans
dünyanın müxtəlif ölkələrində fəaliyyət
göstərən, teatr sənəti ilə məşğul
olan mütəxəssislərin görüş, fikir, ideya və
təcrübə mübadiləsi platformasına
çevrilmişdir. Ötən
üç konfransın geniş proqramlı müzakirə və
toplantıları, əldə olunan nəticələr bunu deməyə
əsas verir.
2010-cu
ilin 7-8 noyabr tarixində keçirilən I Bakı Beynəlxalq
Teatr Konfransı “Dünya teatr prosesi XXI əsrdə: problemlər,
perspektivlər və alternativlər” mövzusuna həsr
olunmuşdu. Tədbirə ABŞ, Kanada, Rusiya, Çexiya,
Ukrayna, İsveçrə, İran, Türkiyə, Polşa,
Avstriya, Çin, Fransa, Səudiyyə Ərəbistanı,
Tunis - ümumilikdə 30-dək ölkədən 60-dan
artıq qonaq qatılmışdı. Beləcə Avropa, Asiya
və Amerika qitələrinin tanınmış teatr mütəxəssisləri,
rejissor və dramaturqları, kulturoloqları konfransda
iştirak edərək dünya mədəniyyəti, teatr
prosesi ilə bağlı fikir mübadiləsi apardılar.
Beynəlxalq tədbirdə teatr tənqidçiləri
Mişel Vais, Piter Qoldfarb, teatr rəssamı İosif Yusupov,
teatr geyimi üzrə rəssam İrina Krujilina, plastika üzrə
Roberto Varea, dramaturgiya və vokal ifaçılığı
üzrə Rut Maqraff kimi nüfuzlu teatr mütəxəssislərinin
məruzələri dinlənildi, elmi-praktik konfrans çərçivəsində
teatr xadimlərinin ustad dərsləri və treninqləri
keçirildi. Teatr sahəsində
çalışan 200-ə qədər azərbaycanlı bu
treninqlərdə iştirak etdi. Amerikadan
Yaponiyaya qədər dünyanın tanınmış teatr
xadimlərinin Bakıda toplaşması çox böyük
bir mədəni hadisə kimi tarixə yazıldı.
Nüfuzlu qonaqlar, rəsmilər, teatr mütəxəssisləri
tədbirin önəmini, müzakirə olunan məsələlərin
vacibliyini, konfransda ümumilikdə dünya teatr problemlərinin
gündəmə gəldiyini qeyd edərək onun ənənə
halını almasını dəstəklədilər. Çünki
bu tədbir müxtəlif ölkələrin teatr sənətçiləri
üçün həm qarşılıqlı təcrübə
və fikir mübadiləsi, həm də tanışlıq,
yeni yaradıcı əlaqələr üçün
mühüm imkan idi. Bu tədbirin sadəcə
teatr konfransı olmadığı, beynəlxalq forum kimi
böyük əhəmiyyət kəsb etdiyi vurğulandı.
Konfransın keçirilməsinin ən müsbət cəhəti
həm də o idi ki, burada yaranan canlı ünsiyyət nəticəsində
Bakıya təşrif buyurmuş sənət adamları
teatrşünaslarla, menecerlərlə, prodüserlərlə
sıx əlaqə saxlayıb gələcək əməkdaşlıqla
bağlı planlar qurmaq imkanı qazandılar.
Növbəti
görüş: təcrübə mübadiləsi, sənət
mübahisələri
2012-ci il noyabrın 5-6-da Bakıda II Beynəlxalq Teatr
Konfransı gerçəkləşdi. Bu dəfə
tədbirə dünyanın 35 ölkəsindən 80-dən
çox teatr tənqidçisi, teatrın tarix və nəzəriyyəsini
araşdıran alimlər, rejissorlar, aktyorlar, rəssamlar və
menecerlər qatılmışdı.
Beynəlxalq
konfransın açılış mərasimində
çıxış edən qonaqlar artıq ikinci dəfə
dünyanın tanınmış teatr sənətçilərini,
mütəxəssisləri bir araya gətirən belə vacib
tədbirə ev sahibliyi etdiyi
üçün ölkəmizə təşəkkürlərini
bildirdilər. Qonaqlar II Bakı Beynəlxalq Teatr
Konfransını Azərbaycan dövlətinin dünyada mədəni
inteqrasiyaya çox böyük əhəmiyyət verdiyinin əyani
sübutu olduğunu dilə gətirdilər. Ölkəmizdə həyata keçirilən mədəniyyət
siyasətinin əsas məqsədinin ölkələr
arasında körpülər salmaq, sərhədləri
aşmaq və müxtəlif xalqların fərqli mədəniyyətlərini
bir-biri ilə görüşdürmək, onların fəal
dialoquna nail olmaqdan ibarət olduğu məmnunluqla qeyd edildi.
İştirakçılar Azərbaycan teatrının tarixinə
də nəzər salaraq onun qədim və zəngin ənənələri
ilə yaxından tanışlıq imkanı
qazandıqlarını vurğuladılar, dövlətin bu sahəyə
diqqət və qayğısının bariz nümunəsi
olan yüksək səviyyəli maddi-texniki bazaya, gözəl
görünüşə malik teatr binaları ilə tanış oldular. Azərbaycan mədəniyyəti,
teatr sənəti barədə fikir mübadiləsi etdilər.
Konfransda Azərbaycan teatrının beynəlxalq
əlaqələrindən, bu sahədə uğurlu
addımlarından da söhbət açıldı.
Bununla da konfrans bizə öz imkanlarımızı,
tarixi həqiqətlərimizi, mədəniyyətimizin
inkişaf istiqamətlərini təqdim etmək
üçün əlavə imkan yaratmış oldu. Azərbaycan
teatrlarının beynəlxalq festivallarda, qastrol səfərlərində
ölkəmizi layiqincə təmsil etdiyi, müxtəlif
ölkələrlə sənət mübadiləsi,
tanınmış rejissor, baletmeyster, xoreoqraf, teatr rəssamlarının
ölkə teatrlarında tamaşalar hazırladıqları
diqqətə çatdırıldı.
Bundan
başqa, ölkəmizin ərazisinin 20 faizinin Ermənistan tərəfindən
işğal edildiyi, bu işğalın Azərbaycan mədəniyyətindən,
teatr sənətindən də yan keçmədiyi, hərbi təcavüz
nəticəsində Şuşa Dövlət Musiqili Dram
Teatrı, Ağdam Dövlət Dram Teatrı və Füzuli
Dövlət Dram Teatrının, eləcə də Ermənistandakı
tarixi yurd yerlərindən zorla deportasiya edilmiş
soydaşlarımızın sənət məbədi olmuş
İrəvan Dövlət Azərbaycan Dram Teatrının
qaçqın həyatı yaşadığı diqqətə
çatdırıldı, dövlətimizin bu sənət
ocaqlarına qayğısından bəhs olundu.
Konfransda Azərbaycanda qaynar mədəni həyatın
yaşandığı xüsusilə vurğulandı.
Qeyd edildi ki, Heydər Əliyev Fondunun prezidenti, ölkənin
birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın təşəbbüsü və
rəhbərliyi ilə keçirilən beynəlxalq layihələr
Azərbaycanı dünyanın tanınmış mədəniyyət
mərkəzinə çevirmişdir.
Tədbirdə
çıxış edən Beynəlxalq Teatr İnstitutunun
vitse-prezidenti, UNESCO-nun sülh artisti və xoşməramlı
səfiri Əli Mahdi, Litva mədəniyyət nazirinin
müavini Deyvidas Staponkus, polşalı dramaturq, rejissor və
ssenarist Kşiştof Zanussi, ASSİTEJ-in prezidenti İvet
Hardi, Beynəlxalq Teatr İnstitutunun baş direktoru Tobias
Byankoni ölkəmizdə mövcud olan teatrların yeniləşməsini
yüksək qiymətləndirərək Azərbaycan mədəniyyətinin,
teatr sənətinin uğurlu inkişaf yolu keçdiyini dedilər.
Rusiyadan, Gürcüstan, Türkiyə, Almaniya, Avstriya,
Böyük Britaniya, İsveçrə, ABŞ, Kanada,
Braziliya, İtaliya, Sinqapur, Şri-Lanka, Yunanıstan, Sudan,
Fransa və s. ölkələrdən gəlmiş
teatrşünaslar teatr haqqında, bu sənətin müxtəlif
janrları, problemləri barədə çox maraqlı, dəyərli
fikirlər səsləndirdilər.
II Bakı Beynəlxalq Teatr Konfransı dünya
teatrlarında gedən proseslərə Azərbaycandan bir
baxış oldu. Burada ən çox qazanan isə yenə
də bizim teatrlarımız oldu. Sanballı
teatr tənqidçisinin fikrini bilmək, onun iradını,
yaxud rəğbətini dinləmək hər zaman faydalı və
dəyərlidir. Məsələn,
Böyük Britaniyadan olan rejissor, yazıçı-jurnalist
Nevil Şulmanın fikrincə, ayrı-ayrı xalqların
teatrı təbiət kimi bütün dünyaya məxsusdur.
Çin Xalq Respublikasından ölkəmizə təşrif
buyurmuş «Drama jurnalı»nın baş
redaktoru Lin Şen Şulsmanın fəlsəfi
düşüncələrini daha sadə dildə
açıqlamışdı: «Biz tarix boyu bir-birimizdən ipək,
pambıq, hətta musiqi alətlərini
«oğurlamışıq», indisə zaman teatr təcrübəmizi
paylaşmağı tələb edir”...necə deyərlər...
təcrübə mübadiləsi etməyə və bir-birindən
öyrənməyə dəyər”. Sankt-Peterburq
Teatr Akademiyasının (Rusiya) professoru, «Beş axşam» teatr
festivalının prezidenti Marina Dmitrevskaya
çıxışında qloballaşmaya doğru gedən
dünyada insanların mədəniyyət prioritetlərinin dəyişməsi
fonunda teatrı yaşatmağın və sevdirməyin yeni
yollarını aramağın vacibliyini
vurğulamışdı.
“Teatr
geniş auditoriyaya nüfuz edən ən önəmli incəsənət
növlərindən biridir”
Bakı
şəhəri 2014-cü ilin noyabrında növbəti teatr
forumuna ev sahibliyi etdi. Mədəniyyət
və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və
Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı
ilə reallaşan III Bakı Beynəlxalq Teatr Konfransı
dünyanın teatr institutları ilə əlaqələrin
daha da genişləndirilməsini, əməkdaşlığın
güclənməsini nəzərdə tuturdu.
Konfrans bu dəfə müasir dünyada teatr
qarşısında duran vacib mövzuya - “Teatr sənətinin
multikulturalizm - universal dəyərlər sistemində yeri” məsələsinə
həsr olunmuşdu. Beynəlxalq tədbirdə ABŞ, Böyük Britaniya,
Kanada, Fransa, İtaliya, CAR, Hollandiya, Avstraliya, İrlandiya,
Rusiya, İspaniya, Mərakeş, Kuba, Ukrayna, Polşa,
Türkiyə, Estoniya, Gürcüstan, Bolqarıstan, Almaniya,
Yunanıstan, Hindistan - ümumilikdə 40-dan çox ölkədən
110 nəfərədək tanınmış mütəxəssis
iştirak edirdi.
III Bakı Beynəlxalq Teatr Konfransının açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu ənənəvi tədbirin yenidən teatr peşəkarlarını bir araya gətirməsindən məmnunluğunu ifadə edərək demişdi: “Bakı Beynəlxalq Teatr Konfransı dünya teatr aləmində, eləcə də ölkəmizin mədəni həyatında dəyərli bir hadisədir və təbii ki, yaradıcı ictimaiyyət tərəfindən maraqla izlənilir. İnanıram ki, çox dəyərli ənənəyə çevrilən beynəlxalq tədbir çərçivəsində görkəmli teatr biliciləri əldə olunmuş yaradıcı uğurlara nəzər salacaq, yeni təcrübələri bölüşəcək, səhnə sənətinin müasir və aktual estetik problemlərini elmi-nəzəri və yaradıcılıq kontekstində dərindən araşdıracaqlar. Əvvəlki konfransların ümumi proseslərə təsiri, eyni zamanda zəngin ənənələrə sahib olan Azərbaycan teatr sənətinə əhəmiyyətli diqqət və marağı nəzərə alaraq deməliyəm ki, teatr bilicilərinin Bakı görüşü uzun illər davam edəcək. Çünki teatr Azərbaycanda estetik və mənəvi missiya daşımaqla geniş kütlələrə nüfuz etməyi bacaran ən önəmli incəsənət növlərindən biridir. Təbii ki, bu konfrans Azərbaycan dövlətinin mədəni inteqrasiya, multikulturalizm, tolerantlıq kimi qlobal dəyərlərin inkişafına həssas münasibətinin əyani sübutudur. Çünki dövlətimizin mədəniyyət siyasətində əsas məqsədi xalqlar, millətlər arasında körpülər qurmaq vəzifəsi və müxtəlif irqə, dinə, dilə mənsub insanları humanist fəlsəfə ətrafında birləşdirmək amilidir. Bu kontekstdə teatrın imkanlarından istifadə etmək mədəni mübadilə üçün mühüm əhəmiyyət daşıyır”.
UNİMA-nın baş katibi Jak Trüdo, Beynəlxalq Teatr Tədqiqatçıları Federasiyası idarə heyətinin üzvü Boris Daussa-Pastor, ASSİTEJ-in prezidenti İvet Hardi, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının baş katibi Mişel Vais, Beynəlxalq Teatr Rəssamları, Memarları və Texniki İşçiləri Təşkilatının prezidenti Luis Yansen, Qərb və Şərq Sənətləri Mərkəzinin rəhbəri Dominik Dolmyö, Qazaxıstan Teatr Xadimləri İttifaqının sədri Tunqişbay Camankulov, “Piano-pianissimo” teatrının rəhbəri Peter Paxl belə konfransların yaradıcı mübadilə üçün əhəmiyyətini vurğulamışdılar. Çıxışlarda o da vurğulanırdı ki, müasir teatr zamanın diktə etdiyi mövzulara müraciət edir. Bu sıraya müharibələr, qeyri-sabit həyat, təhtəlşüurda saxlanılan niyyətlər, arzular, gizli əməllər və eyiblər, gender bərabərliyi və digər mövzular daxildir. Hər hansı ölkənin özünəməxsusluğunu itirmədən qloballaşma prosesinə qoşula bilməsinə imkan yaradan komponentlər mövcuddur. Ən yaxşı olanı özünə hopdurmaq və özündə olanı digərlərinə göstərməyə hazır olmaq, hər kəsə anlaşıqlı ola biləcək ortaq və qlobal məsələləri tapmaq və onu ifadə etmək bacarığı vacib şərtlərdəndir.
Əslində səsləndirilən bu tezislər əsrlərdir Azərbaycan mühitində mövcud olan multikulturalizm ənənələrinə duyulan ehtiyacın bir göstəricisi idi.
“Multikulturalizm və teatr”
2016-cı ilin 6-10 noyabr tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Əvvəlki konfranslardan sonra baş verən proseslər göstərdi ki, beynəlxalq teatr tədbiri dünyada tanınan sənət adamlarının diqqət mərkəzindədir. Bu mənada dördüncü dəfə keçirilən konfransın Azərbaycan və dünya teatr sənətinin yeni inkişaf mərhələsinə qədəm qoyması və birgə layihələrin hazırlanması baxımından əhəmiyyətli olacağı şübhə doğurmur. Teatrla bağlı tanınmış qurumların təmsilçilərinin Bakıda bir araya gəlməsi yenidən dünyanın teatr ictimaiyyətinin diqqətini ölkəmizə cəlb edəcək. Təbii ki, bu dəfə də konfransda təkcə bugünkü dünya teatrının taleyi deyil, onun gələcək inkişaf yolları rejissorlar, prodüserlər, teatr mütəxəssisləri tərəfindən müzakirə ediləcək.
Builki konfrans “Multikulturalizm və teatr” mövzusuna həsr
olunacaq. Məlum
olduğu kimi, Azərbaycan Prezidentinin müvafiq sərəncamı
ilə bu il ölkəmizdə
“Multikulturalizm ili” elan olunub. Bu kontekstdə
müxtəlif müsabiqələr, sərgilər, festivallar
təşkil olunur. IV Bakı Beynəlxalq
Teatr Konfransının da multikulturalizm mövzusunu əhatə
etməsi bir çox cəhətdən əhəmiyyət
daşıyır. Yəni bu tədbir sayəsində
konfrans iştirakçıları Azərbaycanın
bütün sahələrində, o cümlədən teatr
mühitində də bir tolerantlığın olduğunun
şahidinə çevriləcəklər. Çünki ölkəmizdə tarixən müxtəlif
xalqlar öz mədəniyyətlərini yaşadıb və
inkişaf etdiriblər. Azərbaycanda
müxtəlif xalqların teatrları milli teatrımızla
çiyin-çiyinə fəaliyyət göstərməklə
ümumi mədəni irsin zənginləşməsinə xidmət
edirlər. Hazırda Azərbaycanda rus, ləzgi
və gürcü teatrları da fəaliyyət göstərir.
Çağımızda multikulturalizm müasir
dünyanın ən vacib mövzularından biridir və bu məsələnin
teatr sənəti kontekstində müzakirəsi xüsusi maraq
doğurur.
IV Bakı Beynəlxalq Teatr Konfransına maraq əvvəlki
konfranslardan daha böyükdür. Tədbirə 40-dan
çox ölkədən 150-dək teatr mütəxəssisi
qatılacaq. Dünyanın məşhur teatr, incəsənət
xadimləri - rejissorlar, aktyorlar, dramaturqlar, ssenaristlər, bir
neçə ölkənin teatr xadimləri
ittifaqlarının, beynəlxalq teatr festivallarının rəhbər
şəxsləri, teatrla bağlı beynəlxalq
qurumların, eləcə də müxtəlif ölkələrin
teatrlarının rəhbərləri tədbirdə
iştirak üçün Təşkilat komitəsinə
müraciət ediblər. Müzakirə olunacaq
məsələlər, treninqlərdə ediləcək məruzələr,
ümumilikdə konfransın gündəminə çıxan
mətləblər teatr bilicilərinin canlı ünsiyyətini
təmin etməklə, təbii ki, uğurlu nəticəyə,
gələcək qarşılıqlı yeni əlaqələrin
qurulmasına zəmin yaradacaq. Konfrans
çərçivəsində beynəlxalq ekspertlər tərəfindən
ustad dərsləri və treninqlər keçiriləcək.
* * *
Əminliklə söyləmək olar ki, IV Bakı Beynəlxalq
Teatr Konfransı da dünyada baş verən teatr proseslərini
təhlil edib, nəticələr çıxarmaq
üçün gözəl fürsət olacaq. Çünki
mədəniyyətlərin yaxınlaşması prosesində
teatrın da imkanlarından yararlanmaq lazımdır.
Burada müzakirə olunan mövzular teatrların gələcək
inkişafı üçün nə dərəcədə əhəmiyyətlidirsə,
sözün geniş mənasında, qlobal miqyasda mədəni
inteqrasiya, humanist dəyərlərin təsir
imkanlarının genişləndirilməsi baxımından
bir o qədər faydalı ola bilər. Eyni zamanda beynəlxalq konfranslar mövcud
potensialımızı, gələcək plan və perspektivləri
bir daha nəzərdən keçirməyə imkan verir.
İnanırıq ki, dünya miqyaslı tədbirləri
yüksək səviyyədə keçirmək təcrübəsini
dəfələrlə nümayiş etdirən ölkəmiz
IV Bakı Beynəlxalq Teatr Konfransına da layiqincə ev sahibliyi edəcək.
“Mədəniyyət”
Mədəniyyət.- 2016.- 23
sentyabr.- S.6-7.