Paytaxtımızda növbəti beynəlxalq
uşaq muğam
festivalı
Xəbər verdiyimiz kimi, oktyabrın 13-14-də “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin, digər qurumların dəstəyi ilə 8-ci Beynəlxalq Uşaq Muğam Festivalı keçiriləcək. Festival hər il müxtəlif ölkələrdən istedadlı uşaqları bir araya gətirir, muğam sənətinin təbliğinə töhfələr verir. Budəfəki festivalda 9 ölkənin (Azərbaycan, Misir, Türkiyə, İran, İraq (Kərkük), Özbəkistan, Qazaxıstan, Türkmənistan, Tacikistan) təmsil olunacağı gözlənilir.
Ölkəmizi festivalda təmsil edəcək ifaçıların müəyyənləşməsi üçün son seçim turu sentyabrın 24-də Bakıdakı V.Mustafazadə adına 2 saylı Uşaq incəsənət məktəbində keçiriləcək.
Baba Salahov adına “Araz” xalq çalğı alətləri ansamblının müşayiəti ilə Azərbaycandan və xarici ölkələrdən finala vəsiqə qazanmış gənc istedadların son məşq prosesi və finalçıların müəyyənləşdirilməsi də oktyabrın 13-də bu tədris ocağında gerçəkləşəcək. Beynəlmiləl tərkibli münsiflər heyətinin sədri Azərbaycanın Xalq artisti, tarzən Ağasəlim Abdullayevdir.
Oktyabrın 14-də isə Beynəlxalq Muğam Mərkəzində
finalçıların çıxışı və qaliblərin
mükafatlandırma mərasimi olacaq.
Mədəniyyət.- 2016.- 23
sentyabr.- S.10.