Zərif qəlbli məğrur yazıçı
XX əsr Azərbaycan nəsrində öz dəst-xətti ilə seçilən, müraciət etdiyi həyati mövzularla oxucuların rəğbətini qazanan ədiblərdən biri də yazıçı, tərcüməçi, ssenarist, Əməkdar mədəniyyət işçisi Ələviyyə Babayeva olub.
Ələviyyə Hənifə qızı Babayeva 1921-ci il avqustun 12-də Bakıda dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra Tibb İnstitutuna qəbul olunur. Üçüncü kursda oxuyarkən hiss edir ki, qəlbində həkimlik sənəti yox, ədəbiyyat, şeir çağlayır. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olan Ələviyyə tələbə ikən ədəbi yaradıcılığa dərin maraq göstərir. Mətbuatda tez-tez məqalələrlə çıxış edir. Təhsilini başa vurduqdan sonra, 1936-cı ildə “Ədəbiyyat qəzeti”ndə işə düzəlir. Bu dövrdə “İki həyat” adlı ilk hekayəsi dərc olunur.
Ələviyyə Babayeva daha sonra “Azərbaycan qadını” jurnalında fəaliyyətə başlayır. Bir müddət keçir, Azərbaycan Yazıçılar Birliyində tərcümə bölməsinin rəhbəri təyin edilir.
Yazıçının 1950-ci ildə çap olunan “Mənim müəlliməm” adlı ilk kitabı ona oxucu rəğbəti qazandırır. Onun “Bəlkə sabah olmadı”, “Son döngə” kimi romanları Azərbaycan nəsrinə yeni nəfəs gətirir. “Rəngbərəng yuxular” povesti də oxucular tərəfindən maraqla qarşılanır. 1964-cü ildə müəllifin “Kölgə” povesti işıq üzü görür. Görkəmli ədəbiyyatşünas, professor Əkrəm Cəfər yazıçının yaradıcılığını yüksək qiymətləndirərək yazırdı: “Elmi-bədii ədəbiyyat əsəri necə olar? Əgər məndən bunu soruşsaydılar, deyərdim: “Gedin, Ələviyyənin əsərlərini oxuyun”.
70-ci illərin əvvəllərində Ə.Babayevanın “Adamlar və talelər” romanı çapdan çıxır. Ədəbi aləmdə geniş əks-səda doğuran əsər sonradan təkrar-təkrar nəşr olunur. Müəllif romanda yaradıcılıq imkanlarını yüksək səviyyədə ortaya qoymağa nail olmuşdu. O, əsərdə böyük inamla yazırdı: “Bizim çətin əsrimizdə ən çətini insan olmaqdır. İstər alim, istər sənətkar ol, istər xəstə baxıcısı ol, fərqi yoxdur. Əgər sən qürurla səslənən insan adına layiq deyilsənsə, heç bir şeysən”.
Dövri mətbuatda roman haqqında
bir-birindən maraqlı
resenziyalar dərc olunur. Bildirilir ki, əgər Ə.Babayeva heç bir əsər yazmasaydı belə, “Adamlar və talelər” romanı ilə Azərbaycan ədəbiyyatı
tarixində iz qoyardı...
Onun hekayələri
də oxucuların qəlbinə yol tapır, geniş yayılırdı. Hətta bu hekayələrin
səsi-sorağı respublikanın
hüdudlarını da
aşır. 60-70-ci illərin
məşhur türk yazıçısı Suat
Dərviş Türkiyədə
bir qrup azərbaycanlı gənclə
görüşündə belə bir fikir
səsləndirir: “Mən
Ələviyyə Babayevanın
hekayələrini oxumuşam.
Ona mənim salamımı çatdırın. Hekayələr mənə çox maraqlı təsir bağışlayıb. O, gələcəyin böyük
romançısı olacaq”.
Doğrudan da, Ə.Babayeva nəinki SSRİ-də, hətta onun hüdudlarından çox-çox
uzaqlarda da tanınır və sevilirdi. Müəllifin kitabları Rusiya,
Çin, Fransa, İran, Yaponiya, Türkiyə, İsrail və başqa ölkələrdə işıq
üzü görür.
Yazıçının “Kölgə” povesti
1968-ci ildə Bolqarıstanda
çap olunur. Türk yazıçısı
Kamal Tahir əsər haqqında xoş sözlər söyləyir: “Bolqarıstanda
istirahətdə olduğum
zaman Ələviyyə
Babayevanın “Kölgə”
povestini oxudum. Çox xoşuma gəldi və yüksək dəyər verdim. Ələviyyə xanımın yazar
əlini hörmətlə
sıxıram”.
Tanınmış tənqidçi Qulu Xəlilov ədibin 1985-ci ildə işıq üzü görən “Səni axtarıram” romanını “həqiqətən,
yüksək vüsətli
roman” adlandırıb. Jurnalistlərin
həyatından bəhs
edən əsər haqqında müəllif özü vaxtilə belə yazıb: “Mən jurnalist peşəsinin nə qədər çətin,
nə qədər keşməkeşli və
nə qədər gərəkli, jurnalist adlanan adamların insanın səadəti, ədalətin bərqərar
olması uğrunda mübarizə edən, bu yolda bəzən
hətta səadətini
itirən mərd qəhrəmanlar olduğunu
qələmə almışam”.
Ə.Babayeva bədii yaradıcılıqla
yanaşı, tərcüməyə
də maraq göstərib, rus yazıçılarından L.Tolstoy,
İ.Turgenev, A.Çexov,
M.Qorki, V.Korolenko, A.Qaydar və başqalarının əsərlərini
dilimizə çevirərək
Azərbaycan oxucusuna sevdirib.
Taleyi qəhrəmanlarının
həyatına bənzəyən
Ələviyyə xanım
Tanrının verdiyi ömür payını təmənnasız yaşayıb. Ahıl çağlarında
ümummilli lider Heydər Əliyev ona Prezident təqaüdü
verir. O, bu haqda yazır: “Yazıçılar Birliyindən
Prezident təqaüdünə
xeyli yazıçı
təqdim edilir. Deyilənə görə,
Heydər Əliyev siyahını başdan-ayağa
oxuyur və deyir: “Bəs Ələviyyə Babayevanın
adı hanı?” Heç kəsin cavabını gözləmədən öz
əli ilə adımı həmin siyahıya yazıb. Heydər Əliyev mənim yaradıcılığımı, mərdliyimi, cəsarətimi
qiymətləndirirdi. Əsərlərimi oxuyurdu və
bəyənirdi”.
Ələviyyə Babayeva 23 sentyabr 2014-cü
ildə, 93 yaşında
dünyasını dəyişib.
Savalan Fərəcov
Mədəniyyət.- 2016.- 23
sentyabr.- S.12.