Əbədi səslənəsi SƏS

 

 

Bu Səs sahibinin 1897-1961 tarixçəli sənəd ad-soyadı; Murtuza Məşədi Rza oğlu Məmmədov, əbədiyyət müddətli sənət adı; BÜLBÜL!..

 

Canlı və cansız təbiətdəki səs-sədalar haqda xəlqi, elmi, “helmi söhbətlərin cəmində belə bir qənaət də var ki, onların ən gözəli insan səsi, insan avazıdır. Hətta bütün musiqi alətlərindən də! Belə olan surətdə, növcə “azsaylı” musiqi alətləri içərisində seçilib-fərqlənmək hara, sayca notlardan ötə milyarda çatmış insanlar içrə seçilib-sevilmək hara?..

 

Bu bir qədər emosional sualın ən mükəmməl, ana südü qədər halal, laylası təki həzin cavabı - məmləkətimizin bütün gözəl səs-sədalarının cəmi kimi doğulmuş və yarım əsrdən çox oxumuş Bülbül! Ana təbiətimizin bütün bəh-bəh çeşmələrini seçmələyib, cəmiyyətimizin ən polifonik cəh-cəh kanına çevrilmiş titanik avaz-ədalar bülbülü olmuş Bülbül!..

Qədim söz aşiqlərimizdən naməlum birisi haçansa ecazkar avazlı təbiət yavrusuna belə bir xitab etmiş: “Bülbül, sənin işin qandı, Aşiqlər oduna yandı”...

Bəs cəmiyyətin bu Səs Bülbülünü hansı sözlərlə anmalı...

 

“A teşti-teşti-teşti...”

 

Bu yarımbaşlıq bədahətən gəldi nitqimə. Bir az da zərurətdən. Yəni bu dahi həmin mahnıda öz zəngulə çaparı ilə Gilanı-filanı bir anda vurub keçdiyi halda, bəndəniz bir saatdan çoxdu “giriş”də ilişib qalıb. Ha çalışıram, onunÖl-dür-dü məniiii...” gərənayından çıxa bilmirəm. “Sənsiz”ə xəyallanırkən bu ecazkar romansın dahi qəzəlxanı və düha bəstəçisinə heyranlıq notlarımı bəzən korifey ifaçı üstələməsi ilə üzləşirəm. Bəs nə deyim, nə yazım? Əlacım buna qalıb ki, yazım; təbiət bülbülləri tək elə güllü aləm üçün oxuyub (oxuyur, oxuyacaq), bu cəmiyyət Bülbülü küll-aləm üçün. Deyim ki, təbiətdəkilərin adı yalnız cümlənin əvvəlində gələndə böyük hərflə yazılır, cəmiyyətdəki bu ifa azmanının adı həmişə, hər yerdə, hər zaman. Ərz edim ki, bu ad bütöv bir ilahi avaz, allı-güllü milli səs, sirli-sehrli nəfəs obrazıdır. Təbiətdəki o şah səslilərin yeri bəzən qəfəslər olur, cəmiyyətlərdəki bu padşah səslilərin əbədi yeganə yerləri isə yer üzü əşrəflərinin könülləri...

Bizim bu padşah səslinin yurdu da təbiət şahı - Şuşa! Zəngulə-toponimləri: Topxana, Qırxqız, Meşəli, Cıdır düzü, İsa bulağı, Xanbağı... Bu dahi Səs mücəssəməsi çox azını sıraladığım bu məkanların sonuncusunda göz açıb dünyaya. Əsil-nəsilcə qarabağlı bir ana anamız Qarabağın bir ocağından digərinə qonaq gedərkən məhz o Xanbağında - tələsdiyindən ayağı kəndirə düşən simsar faytonçunun “dəh-dəh!”ləri, gələcək rəqiblik “qorxusundan” səs-səsə vermiş bülbüllərin cəh-cəhləri altında dünyaya gətirib bu Səsi...

Elə bu heynidə vurğulayaq ki, bu qədər Səs, sənət ağaları yetirən o torpaq, nə əcəb, özlərini buranın kökən etnosu adlandıran erməni dığaların bircəciyinə belə bu sayaq sənət südü əmizdirməmiş olsun?..

...Bəli, mədəniyyətimizin “Qarabağetiketli ecazkar səs-avaz sahibləri, bəstə, qələm, səhnə ustadları hər fürsətdə, hər söhbətdə, hər yazı-pozuda bu rakursdan da təqdim-təfsir edilməlidir...

 

Xalqın artisti

 

Bu böyük, universal sənətkar haqda düşünərkən çox nüanslar oyanır adamda. Məsələn, məncə, Bülbülün professor, musiqi folkloru tədqiqatçısı, professional vokal məktəbimizin banisi olması faktları öz yerində, onun ifaçılıq taktları ayrıca bir institutdur. Onun oxuyacağı hər hansı bir mahnının, təsnifin, ariyanın ilk sözünə qədərki sədaları bitkin bir elmi-populyargirişdir. Hər biri beş-üç dəqiqə çəkən bu şifahi (lentlərdə “yazılı” olsa da) əsərlərin ilk misrasına verdiyi xarakter “məqsədli aspirantura”dır. O əsərlərin son sətir-bəndlərində çilədiyi vüsali zəngulələr müdafiəyə ehtiyacı olmayan audio-vizual “dissertasiya”lardır.

Bir kərə Bülbül haqda bir televiziya verilişinə hər “növ” səviyyə zümrələri, intellekt adamlarıyla birgə baxırdım. Bu böyük mərasim sahibinin özüböyük adam idi, qonaqlıq təşkil etdiyi otağı (və televizor cihazı) da.

Bu böyük, geniş otaq-salonda böyüklərin bir qulağı və bir gözü ekranda olsa da, əslində, hərə öz aləmində idi. Balaca bir qızcığazsa evlərindən özüylə oyuncaq qismində gətirdiyi və bu kübar evin zalında da üfürə-üfürə başı üzərində qovduğu zərif, pırpız bir tükcüyün dalınca qaçmaqda idi. Bülbül isə “Koroğlunun ariyası”ndakı hicr dolu zəngulələrlə qoç Koroğlunu xas aşiqlik oduna yandırır, “ah, Nigarım!” - deyə dad döyürdü. Ariyanın ən yuxa bir məqamında dörd-beş yaşlı o qızcığaz öz məşğuliyyət “qovunu qovmaqda ola-ola, məclisin aşağı başında oturmuş anasını çox ucadan səsləyərək: “Ana, ana, o kişi ölür, qoymuyun, yazıxdı!” dedi və...”inanarmı-inanmazmı”sız, bu tər-təmiz uşaq səsi, fidan sözü o məclisi əməlli-başlı diriltdi! Buradakı bütün yar-yoldaşlar, qohum-qardaşlar arınıb-durulub həm də vətəndaş oldular. Gözlənilmədən təbii, xəlqi bir konfrans, milli bir məclis alındı.

“Kələm qonaqlığından kəlam mərasiminə” çevrilən o yığıncağı “giriş sözü” ilə elə o qızcığazın atası açdı. Dedi ki, Bülbülün səsi eşq adlı əbədi müəmmanı Füzulinin sözü, Üzeyir bəyin musiqisi qədər aça bilir. Belə məclislər üçün hələ naşı olan bir tələbə qız çəkingən tərzdə buyurdu ki, Bülbülün səsində bütün ataların - yəni kişilərin bütün analara - yəni qadınlara nisbətdə amiranəlik, mənəm-mənəmlik iddialılığını kompensasiya etmək cövhəri var. O gözəl tələbə qızla üzbəüz oturmuş gənc və yaraşıqlı professor dərhal əlavə etdi: “Demək istəyirsiz ki, Bülbülün səsi məhəbbət haqda deyilməmiş, yazılmamış bütün fikirləri ifadə edir, hə?” Gənc professorun obyektə tərifdən çox, qarşısındakı subyektə komplimentə bənzəyən bu sözlərinin fonunda veriliş aparıcısı Bülbülün həm də fenomenal alimliyindən, professor şöhrətindən, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı olmasından, “Lenin”, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” (və təhsil aldığı İtaliyanın “Haribaldi”) ordenləriylə təltif edilməsindən danışırdı. Bu uzun titul sadalamasından canı darıxan ağsaqqal bir sürücü başını başlara qoşub, sehrli şüşənin əks tərəfindəki aparıcının qarasına:Ay zalım oğlu, bu mükafatlar onun səsinin yanında nəmənə şeydi, qoysana kişi birinioxusun!” - dedi. Bu kələ-kötür “çıxış”dan sonraNuhun gəmisi” timsallı “xalqsusdu. Hamı bayaqdan bəri yerində qurcuxan bir kişiyə - düzəltdiyi əşyalara nəfəsdən başqa hər şey verən Dəmirçi Aydına baxdı. Dəmirçi isə bir-bir bu ecazkar Səsin normal eşidilməsinə mane olanlara baxdı və çəkic-zindan sədalı səsiylə bir nəqəratlıq nitq elədi: “Bülbüldən zövq almaq üçün gərək onu dinləyərkən bir sən olasan, birözün...”

O “beynəlzümrə” yığıncaqda mən də bir-iki kəlmə dedim, amma, deyəsən, ən diqqətcil dinləyicim də elə özüm oldum. Ərz etdim ki, Bülbül oxuduğu məqamlarda həm ifaçı olub, həm də dinləyici, tamaşaçı, tənqidçi, təlimçi, münsif... O, ifa etdiyi mahnı, təsnif mətnlərindəki zəif söz, misra və bəndlərə ecazkar səsi ilə elə şəkər qatır ki, heç kəs daha o fikrin mənasına varmır. Söz, fikir güclü olanda isə! Bəli, söz çox güclü olanda o, səsindəki ilahi emosiyaları yığışdırıb, bütün diqqətləri “deklamasiyaetdiyi sözün üstünə yönəldir. Məsələn? Xatırlayın; “Bir gün evlərinin lap qabağından, Titrəyib keçdiyim yadıma düş-düüü, aman, a-man, aa-y a-maa-an...”

Mən o nisbətən məhrəm məclisdə bu ifanın həmin parçasını, pisdən-yaxşıdan, təqlid də etdim. Heyf ki, yazıda oxumaq olmur...

sonda bu əbədi sənətkarın həyat yoldaşının xatirə-yazılarından bir fraqment. Moskvada keçirilən növbəti Azərbaycan dekadasında İ.V.Stalin Üzeyir bəylə Bülbülü möhtəşəm “Koroğlu” operası ilə ilgili təbrik edir, Üzeyir bəyə “...daha belə bir dahiyanə əsər yazarsızmı”, Bülbülə isə “Moskvada qalıb çalışarsınızmı” suallarıyla müraciət edir. Nəticə hamıya məlum, Bakıya qayıdarkən kupedə xanımının “niyə razılaşmadın” sualına isə cavabı çox az oxucuya bəlli: “Mən Moskvada qalaramsa, yarımçıq qalmış aşıq mahnılarının nota köçürülməsi işi necə olar?..”

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2016.- 23 sentyabr.- S.13.