Üzeyir Hacıbəyli beynəlxalq musiqi festivalı sona
çatdı
Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalına sentyabrın 27-də yekun vurulub.
Festivalın son konsertində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, V.Saraçişvili adına Tbilisi Dövlət Konservatoriyasının Gənclər xoru və Azərbaycan Dövlət Xor Kapellasının kiçik heyəti konsert proqramı ilə çıxış edib. Orkestrlərə Xalq artisti Fəxrəddin Kərimov dirijorluq edib. Gürcüstanlı Liana Çonişvili və Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə keçən konsertdə görkəmli bəstəkarlar Dmitri Şostakoviç və Coakkino Rossininin əsərləri səsləndirilib.
Qeyd edək ki, 2009-cu ildən başlayaraq ölkəmizdə hər il keçirilən Üzeyir Hacıbəyli festivalında müxtəlif ölkələrin tanınmış musiqiçiləri, bədii kollektivləri, solistləri və dirijorları iştirak edirlər.
Builki festivalda
Azərbaycan, Rusiya, ABŞ, İsrail, Almaniya,
Türkiyə və Gürcüstandan
musiqiçilər çıxış etdilər. Festival günlərində ümumilikdə
30-dan artıq tədbir keçirilib.
Paytaxtımızın müxtəlif mədəniyyət
ocaqlarında təşkil olunan tədbirlərdə
musiqisevərlər Üzeyir Hacıbəylinin,
eləcə də digər Azərbaycan və xarici
ölkə bəstəkarlarının əsərlərini
dinləyiblər.
Mədəniyyət.- 2016.- 28
sentyabr.- S.3.