Mədəniyyət və turizm
nazirinin əhali ilə növbəti görüşü Biləsuvar rayonunda keçirilib
Vətəndaş təşəbbüskarlığı
problemlərin həllinə müsbət təsir edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin hər ay şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Ötən müddətdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bölgələrdə 40-dan çox belə görüş keçirib.
Sentyabrın 23-də nazir Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində Biləsuvar, Beyləqan, Neftçala, Salyan, Cəbrayıl və Xocavənd rayonlarından vətəndaşları qəbul etdi.
Görüşdən öncə nazir Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad etdi, sonra mərkəzin ekspozisiyası ilə tanış oldu.
* * *
Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, kadr təminatı, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrdə turizmin inkişaf etdirilməsi və digər məsələlərlə bağlı idi.
Biləsuvar rayonundan qəbula yazılan vətəndaşlar müasir informasiya texnologiyalarından istifadə ilə bağlı kitabxana işçiləri üçün təlimlərin keçirilməsi, Tarix-diyarşünaslıq muzeyi üçün muzey əşyalarının alınması, Uşaq incəsənət məktəbinə əyani vəsaitlərin verilməsi, qeyri-hökumət təşkilatları ilə birgə layihələrin keçirilməsi məqsədilə treninqlərin təşkilinə köməklik göstərilməsini xahiş etdilər.
Beyləqan sakinləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunmuş "Mücirəddin Beyləqani dünyası" kitabının əlavə tirajla çap edilməsi, rayon Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının fəaliyyətinin gücləndirilməsi üçün mütəxəssislərin ezam olunması, məcburi köçkünlərin məskunlaşdığı klub müəssisələrinin təmirinə yardım edilməsi barədə müraciətlərini diqqətə çatdırdılar.
Neftçala rayonundan qəbula gələnlərin müraciətləri yerli sənətkarların əl işlərindən ibarət sərgi-müsabiqənin keçirilməsi, Bakı şəhərində yerləşən musiqi və incəsənət məktəblərinin region məktəbləri ilə əməkdaşlığının gücləndirilməsi barədə idi.
Salyan sakinləri tərəfindən rayon kitabxanalarına multikulturalizmə aid ədəbiyyatın verilməsi, aşıq Pənah Pənahovun ev-muzeyinin yaradılması, "Cəngi" xalq kollektivinin yeni xoreoqrafiya quruluşuna köməklik göstərilməsi, 2012-ci ildə arxeoloji qazıntılar zamanı aşkar olunmuş qədim yaşayış məskəni ərazisində açıq havada muzeyin yaradılması, rayonda müalicə turizmi zonasının təşkilinə dair müraciətlər səsləndi.
Cəbrayıl rayonundan vətəndaşların xahişi rayon Tarix-diyarşünaslıq muzeyinin fondundakı xalçaların sərgisinin təşkili, Böyük Mərcanlı Uşaq incəsənət məktəbinə zəruri musiqi ədəbiyyatının verilməsi barədə idi.
Xocavənd rayonundan qəbula yazılanlar rayon ərazisindəki Nərgiztəpə arxeoloji abidəsinin mühafizəsinə köməklik göstərilməsi və digər məsələlərlə bağlı xahişlərini nəzərə çatdırdılar.
* * *
Qəbula gəlmiş bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verdi.
Nazir jurnalistlərə müsahibəsində bildirdi ki, ölkə başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan görüşlər zamanı vətəndaşlar tərəfindən maraqlı təkliflər, faydalı təşəbbüslər irəli sürülür. Belə canlı ünsiyyət bir sıra məsələlərin operativ həlli baxımdan çox vacibdir. Budəfəki görüşdə də aktual məsələlərə toxunulduğunu vurğulayan nazir mədəniyyət abidələrinin qorunması və bərpası, muzeylərdə ekspozisiyaların yenilənməsi ilə bağlı təkliflərin olduğunu dedi: “Digər qəbullarda olduğu kimi, budəfəki görüşümüz də göstərdi ki, insanlar yerlərdə mədəniyyətin və turizmin inkişafına həssaslıqla yanaşır, faydalı təkliflər irəli sürürlər. Bütün bunlar yerlərdə mədəniyyət və turizm sahəsində mövcud problemlərin həllinə müsbət təsir edir”.
Regionlarda turizmin inkişaf etdirilməsi ilə bağlı təkliflərin də nəzərdən keçiriləcəyini bildirən nazir vətəndaşların təşəbbüskarlığının təqdirəlayiq olduğunu vurğuladı. Bildirdi ki, turizm sənayesinin inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir: “Turizm sənayesi Azərbaycanda sürətlə inkişaf edən və iqtisadiyyatın qeyri-neft sektoru sahəsində əsas prioritet istiqamətlərdən biridir. Sentyabrın 1-də Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam turizm sənayesinin yaxın gələcəkdə inkişaf istiqamətlərini müəyyən edən proqram sənəddir. Hazırda ölkəmizdə yeni turizm zonalarının yaradılması istiqamətində də mühüm işlər görülür. Ölkəmizin bu bölgəsinin də böyük turizm potensialı var. Bu zonada da turizmin inkişafı üçün atılan addımlar davam etdiriləcək".
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 28
sentyabr.- S.5.