Region teatrlarında
yeni mövsüm başlayıb
Paytaxt teatrları
ilə bərabər regionlardakı teatr ocaqları da yeni mövsümün açılışını ediblər. Xəbər verdiyimiz kimi,
Qazax Dövlət Dram
Teatrı 79-cu teatr mövsümünü sentyabrın
20-də Cəfər Cabbarlının
"Solğun çiçəklər"
tamaşasının premyerası
ilə açıb.
Tamaşaya Xalq artisti Zülfüqar Abbasov quruluş verib.
Ağdam
teatrında “Qaçaq
qocalar"
Sentyabrın 22-də Ağdam Dövlət Dram Teatrında yeni mövsümün açılışı
olub. Yaradıcı kollektiv tamaşaçıların
görüşünə Elçin
Hüseynbəylinin “Qaçaq
qocalar" əsəri
ilə gəlib.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist S.Əliyev,
quruluşçu rəssamı
E.Balakişiyev, musiqi tərtibatçısı A.Şükürovdur. Rolları
N.Əsgəroğlu, S.Quliyev
və F.Yusifova ifa ediblər.
Tamaşadan öncə teatrın direktoru M.Hüseynov çıxış edərək
yeni mövsümdə
hazırlanacaq səhnə
əsərləri, yeni
layihələr haqqında
məlumat verib.
Lənkəranda sənətsevərləri yeni səhnə əsərləri gözləyir
Sentyabrın 24-də Lənkəran Dövlət
Dram Teatrı özünün
126-cı mövsümünə başlayıb. Bu münasibətlə
keçirilən açılış
mərasimində teatrın
direktoru Tofiq Heydərov, baş rejissoru Tural Mustafayev, aparıcı aktrisalar - Xalq artisti Böyükxanım
Əliyeva və Şahrud Mehdiyeva çıxış edərək
kollektivin ötən mövsümdə qazandığı
nailiyyətlərdən, yeni
mövsümdə qarşıda
duran vəzifələrdən
danışıblar.
Bildirilib
ki, bu il truppa Bəhram Beyzayinin “İlan Sultan” tamaşası
ilə İranda keçirilən beynəlxalq
festivalda mükafata layiq görülüb. Kollektivin may ayında iki tamaşa ilə Bakıda sənətsevərlər qarşısında
hesabat xarakterli çıxışı da
maraq doğurub.
Hazırda Yuğ teatrının baş rejissoru Gümrah Ömərin quruluşunda M.F.Axundzadənin
“Hacı Qara” komediyası tamaşaya hazırlanır. Bundan əlavə, italyan dramaturqu Lüidji Lunarinin “Üç nəfər yelləncəkdə”
və Abdulla Şaiqin
“Qoç Polad” əsərləri üzərində
iş gedir.
Açılış mərasimindən sonra Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşası təqdim olunub. Dövlət Gənc
Tamaşaçılar Teatrının
baş rejissoru, Əməkdar incəsənət
xadimi Bəhram Osmanovun quruluş verdiyi səhnə əsəri qədim Azərbaycan dövlətinin
yaranması, yurd sevgisi, dövlətin azad və firavan
şəraitdə bərqərar
olması, amma sonda hökmdarın səhvi ucbatından həmin dövlətin dağılıb parçalanması
kimi məsələlərdən
bəhs edir.
Maraqla izlənilən
tamaşanın quruluşçu
rəssamı Tərlan
Sadıqov, bəstəkarı
Rüfət Ramazanovdur. Rolları əməkdar
artistlər Təvəkkül
Əliyev və Sucəddin Mirzəyev, aktyorlar Əlibala Əsgərov, Niftulla Əsgərov, Aynur Əhmədova, Şəbnəm
Hüseynova və başqaları ifa ediblər.
Gəncə Kukla Teatrında
“Səlim və sehrbaz”
Gəncə Dövlət Kukla Teatrı sentyabrın 22-də
31-ci mövsümünü Sahib İbrahimlinin “Səlim və sehrbaz” əsərinin tamaşası
ilə açıb. Tamaşaya teatrın
baş rejissoru, Əməkdar artist Fərmail
Paşayev quruluş verib, quruluşçu rəssam Sara Məmmədovadır.
Rolları gənc aktrisa Nərmin Şərifova, əməkdar artistlər Xudayət Əsgərov, Nağəddin Məmmədov,
eləcə də Elmar Vəliyev, Nahidə Namazova, Yeganə Məmmədova, Səməd Xanəhmədov
oynayıblar.
Tamaşa 3-8 yaş arası uşaqlar üçün nəzərdə tutulub.
Mədəniyyət.- 2016.- 28
sentyabr.- S.7.