“İfaçı gərək həmişə formada olsun

 

 

“Məni gözlənilmədən festivala dəvət etdilər, düşünmədən ölkəmə gəldim”

Azərbaycanın Əməkdar artisti, hazırda Almaniyada yaşayan orqan ifaçısı Rəna İsmayılova Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Bakıya gəlib. Sentyabrın 21-də onun iştirakı ilə KameraOrqan Musiqisi Zalında konsert keçirildi. Konsertdən sonra Rəna xanımla görüşüb söhbətləşdik.

- Öncə sizi oxuculara tanıtmaq istərdik. Orqan sənətinə gəlişiniz necə olub?

- Uşaqlıqdan pianino çalmışam. İlk musiqi müəllimim bacım, professor Zemfira Qafarova olub. O, məndəki musiqi bacarığını duyub, inkişaf etdirməyimə yardımçı olub. Sonra Bülbül adına Orta ixtisas musiqi məktəbində fortepiano üzrə təhsilimi davam etdirdim. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası - red.) Tarix-nəzəriyyə fakültəsinə daxil oldum. Birinci kursdan fortepiano ilə yanaşı, orqan aləti ilə məşğul olmağa başladım. Üçüncü kursda oxuyanda fakültəmi dəyişdirib təhsilimi fortepiano üzrə davam etdirdim, 1974-cü ildə oranı fortepianoorqan ixtisasları üzrə bitirdim.

Sonra Musiqili Komediya Teatrında, Sumqayıt Dövlət Musiqi Texnikumunda işlədim. 1977-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında öncə pianoçu-konsertmeyster olaraq çalışdım. 1983-cü ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının assistenturasına daxil oldum. Üç il burada oxudum. 1987-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında orqanklavesin kafedrasında qabaqca baş müəllim, sonra dosent vəzifəsində çalışdım.

- Siz Azərbaycanın iki tanınmış rəssamı - Əməkdar incəsənət xadimi Nəcəfqulu İsmayılov və Xalq rəssamı Güllü Mustafayevanın ailəsində böyümüsünüz. Yəqin rəssamlıq bacarığınız olmamış deyil...

- Düzdür, uşaqlıqdan rəsm çəkirdim, rəssam olmaq istəyirdim. Atam, anam qoymadılar, istədilər ki, musiqiçi olum. Onlar bilmirdilər ki, mən orqan ifaçısı olacağam. Atam biləndə ki, orqan çalıram, dedi: “Bu elə alət deyil ki, qoltuğuna vurub harasa aparasan”. Bəlkə valideynlərim düz edib məni musiqiyə yönəldiblər. Ailədə 4 uşaq idik, hamımız musiqini seçmişdik. Qardaşım Əli Haqverdiyev həm rəssam, həm opera müğənnisi oldu.

- Artıq 10 ildir Almaniyanın Köln şəhərində yaşayırsınız. Necə oldu ki, oraya getdiniz?

- Bu, ailəmin - yoldaşımın oğlumun istəyi oldu. Mənə qalsaydı, getməzdim. Buna baxmayaraq, çox şadam ki, orqan alətinin vətənində yaşayıram. Bu alətə almanlarda ayrıca sevgi var. Orada çalışır, konsert verir, orqan musiqimizi təbliğ edirəm. Almaniyada orqanların hamısı kilsələrdə yerləşir. Mən bazar günləri kilsələrdə konsert verirəm. Avropada mənim kimi sənətkarın zəhmətini yüksək dəyərləndirirlər. Özəlliklə onların dillərini öyrənəndən sonra mənə hörmətlə yanaşırlar.

- Orada neçə konsert vermisiniz?

- Rəsmi olaraq Almaniyanın bir neçə şəhərində 13 konsertim olub. Ancaq, dediyim kimi, bazar günləri kilsələrdə konsertim olur. Ən yaddaqalan konsertlərdən biri 20 Yanvar qırğınının 20 illiyinə həsr olunmuş tədbir idi. Azərbaycandan da nümayəndələr gəlmişdi. Ümumiyyətlə, Almaniyanın digər şəhərləri ilə yanaşı Kölndə hər il 20 Yanvar hadisələri anılır.

Keçən il bir alman orqançalanla konsertim oldu. Mən öz musiqimizi, o isə alman musiqisini çalırdı. Özü bu tədbir Şəmkirdə almanların məskunlaşmasının 195 illiyinə həsr olunmuşdu.

- Oradakı soydaşlarımızla görüşləriniz olurmu?

- Almaniyada azərbaycanlılar çoxdur, müxtəlif tədbirlərdə görüşürük. Kölndə Azərbaycan Mədəniyyət Mərkəzi yaranmışdı. Amma sonradan maliyyə çatışmazlığı üzündən fəaliyyətini davam etdirə bilmədi. Almaniyaya ilk dəfə 1994-cü ildə getmişdim. O vaxt Xocalıdan olan 48 uşağın üstündə rəhbər olaraq ora göndərilmişdim. Uşaqlar üç ay orada müxtəlif ailələrdə qaldı.

- Ölkəmizdə orqan musiqisinin durumunu necə dəyərləndirirsiniz?

- Orqan musiqisinin yaxşı çağları sovet dönəmində olub - 1960-1990-cı illərdə. Mən tələbə olanda bu alətə böyük maraq vardı. Ayrı-ayrı bəstəkarlarımız orqan üçün 20-dən çox əsər yazmışdılar. Onların çoxu mənim ifa etməyim üçün yazılmışdı. Bu, orqan musiqisinin Azərbaycanda intibah dövrü idi. Konsertlərdə tamaşaçı əlindən tərpənmək olmurdu.

- Bu konsertiniz yüksək səviyyədə keçdi.

- Məni gözləmədiyim halda Üzeyir Hacıbəyli festivalına dəvət etdilər, düşünmədən ölkəmə gəldim. Bu, doğma xalqıma olan borcumdur. İfaçı gərək həmişə formada olsun. Bu da çətindir. Yaşım 66-dır, istəyirəm 70 yaşınacan orqan çalım. Avropada daha üstün yaşlarda da orqan çalırlar. Konsert uğurla keçdi, ancaq iki saat çox yorucu oldu.

Kamera Orqan Musiqisi Zalı yaxşı təmir olunub. 2010-cu ildə burada qərara gəldilər ki, orqanı yuxarıdan aşağı endirsinlər. Məncə, bu yaxşıdır. Ancaq Avropa ölkələrində orqan səhnənin yuxarı hissəsindədir. Belə olanda pillələri çıxıb-düşmək çətin olur.

 

S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 28 sentyabr.- S.12.