Vətəndaş şairin
90 illik yubiley gecəsi
“Qabil obrazı yaddaşlarda həqiqəti söyləyən, haqsızlıqlara qarşı mübarizə aparan şair kimi canlanır”
Sentyabrın 29-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, Xalq şairi Qabilin 90 illik yubileyi qeyd olundu.
Mərasim iştirakçıları əvvəlcə filarmoniyanın foyesində şairin yaradıcılığını əks etdirən sərgi ilə tanış oldular. Sərgidə ədibin kitabları, əsərləri yaradıcılığı haqqında yazıların dərc olunduğu mətbu nəşrlər yer almışdı.
Yubiley gecəsi Xalq şairinin ömür yolundan bəhs edən fotoslaydın nümayişi ilə başlandı.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Qabilin müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olduğunu vurğuladı: "Azərbaycan xalqının yaddaşında Qabil obrazı həqiqəti söyləyən, bütün haqsızlıqlara qarşı mübarizə aparmış əsl vətəndaş mövqeli şair kimi canlanır. Qabilə ən böyük qiyməti isə sağlığında ümummilli lider Heydər Əliyev verib. Onun 70 illik yubileyi böyük təntənə ilə qeyd olundu. Qabilin gözəl şeirləri ilə yanaşı, poemaları da oxucular tərəfindən yüksək dəyərləndirilib. Elə buna görə də əsərləri həmişə oxunur, mötəbər tədbirlərdə qiraət ustaları tərəfindən şövqlə səsləndirilir".
Vaqif Əliyev Xalq şairinin 90 illik yubileyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kitabının nəşr olunacağını da vurğuladı.
Yubiley gecəsində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar vurğuladı ki, Qabilin yaradıcılıq yolu həmişə şəxsiyyəti ilə daim həmahəng olub. Eyni zamanda həyatda mehriban, səmimi və duzlu zarafatları ilə yaddaşlara hopub: "Daim poetik duyğularla qəlbində Vətəninə, millətinə tükənməz məhəbbəti olan Qabil böyük ictimai hislər, duyğularla, gərgin zəhməti və yaradıcılıq axtarışları, canlı həyat müşahidələri ilə vicdanla xalqına xidmət edib. Müstəqilliyimizin ilk illərinin ağır sınaq anlarında ürək yanğısı ilə yazdığı “Şəhid anası”, “Qeyrət, a vətəndaşlar”, “Oldu”, “Xəcalət”, “Birini elə, birini belə” və digər siyasi lirika nümunələri ilə Qabil xalqın gözündə daha da yüksəlib".
Şairin yaxınları, poeziya dostları onun həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən danışdılar, haqqında xatirələrini bölüşdülər.
Mərasim konsert proqramı ilə davam etdi. Konsertdə Qabilin şeirlərinə
bəstələnmiş mahnılar
ifa olundu, şeirləri səsləndirildi.
Əməkdar artist Ağalar Bayramov
"İclasdan iclasa",
"Özünü qoru",
Əməkdar artist Sabir
Məmmədov "Gedən
yerim olaydı", Yusif Eyvazov və
Tuncay Eyvazov "Azərbaycan əsgəri"
və başqa şeirlərini səsləndirdi.
Xalq artisti Mələkxanım
Əyyubova "Dünya
nədir", xanəndə
Ehtiram Hüseynov
"Sən hardasan, durna", Rövşən
Əziz "Çayçı"
və digər mahnıları ifa etdilər.
Yubiley gecəsi
şairin öz ifasında "Səhv düşəndə yerimiz"
şeirinin səslənməsi
ilə yekunlaşdı.
Qeyd edək ki, Qabil
İmamverdiyev 1926-cı il avqustun 12-də Bakıda anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində, Moskvada
Maksim Qorki adına Ədəbiyyat
İnstitutu nəzdində
olan ikiillik ali ədəbiyyat kurslarında oxuyub. Onlarla şeir kitabının, poemaların, o cümlədən
“Nəsimi” fəlsəfi-psixoloji,
epik-dramatik poemasının
müəllifidir. Uzun illər
Azərbaycan Yazıçılar
Birliyində Ağsaqqallar
şurasının sədri
kimi fəaliyyət göstərib.
Xalq şairi bir sıra orden və medallara, o cümlədən Azərbaycan
Respublikasının ali dövlət təltiflərinə - “Şöhrət”
və “İstiqlal” ordenlərinə layiq görülüb. 2007-ci il aprelin 4-də Bakıda vəfat edib.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 30
sentyabr.- S.3.