“Diplomatik fəaliyyətimdə
mədəniyyət hər zaman xüsusi yer tutur”
“Azərbaycanın klassik musiqisinin dünya mədəniyyətinə verdiyi töhfələri qardaş Türkiyədə də lazımınca tanıtmalıyıq. Mədəniyyətlərimiz yaxındır deyib bunun üzərindən keçmək olmaz”
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov 2010-cu ildən bu postda fəaliyyət göstərir. Ötən altı ildə diplomatik fəaliyyətində mədəniyyətimizin qardaş ölkədə daha geniş tanıdılmasına, bu sahədə əlaqələrin inkişafına xidmət edən təşəbbüs və layihələrə də xüsusi diqqət ayırıb. Özünün dediyi kimi, Türkiyə ilə münasibətlərimiz “İki dövlət, bir millət” məfhumu üzərində qurulsa da, bir-birimizin tanımadığı, öyrəniləsi çox məqamlar var.
Elə söhbətə də körpünü mədəniyyət mövzusundan salırıq.
- Cənab səfir, hələ Misirdə səfir kimi çalışdığınız dövrdə mədəni əlaqələrə mühüm diqqət ayırdığınızı bilirik. Bu təşəbbüsləri Türkiyədə də davam etdirirsiniz. Diplomatik fəaliyyətinizdə mədəniyyət nə üçün bu qədər prioritetdir?
- İnsan üçün bağlı olduğu tarixi kökləri, milli mədəniyyəti hər zaman müstəsna önəm kəsb edir. Mədəniyyət xalqın ümumi dəyəridir. Azərbaycanın tarixən zəngin mədəni dəyərlərə malik olmasını nəzərə alaraq, dövlətimizin, xalqımızın mədəniyyətə verdiyi dəyərdən irəli gələrək, bu sahədə əldə olunmuş nailiyyətləri təmsil etdiyim xarici ölkələrin xalqlarına da çatdırmağı özümə vəzifə borcu bilirəm. Ona görə də mədəniyyət diplomatik fəaliyyətimdə hər zaman xüsusi yer tutur. Ümumiyyətlə, müasir dövrdə diplomatiya təkcə siyasət deyil. Diplomatiya artıq keçmişdə olduğu çərçivədən çıxaraq geniş bir fəaliyyəti ehtiva edən bir faktora çevrilib. Bu həm də mədəniyyətin təbliği istiqamətində qurulan fəaliyyətdir.
Buna görə də
2005-ci ildə Misirə səfir təyin olunandan
sonra fəaliyyətimin əsas istiqamətlərindən
biri bu ölkədə
Azərbaycanın mədəni irsinin, incəsənətinin
tanıdılması oldu. Həmin il Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə ilk
dəfə Misirin paytaxtı Qahirədə
və İsgəndəriyyə şəhərində Azərbaycan
mədəniyyət həftəsi keçirildi.
Bu tədbirlər
böyük maraqla
qarşılandı. Sadəcə ifaçılıq sənətimiz
deyil, Azərbaycan xalçaları, rəsm
əsərləri, qədim mis qablardan ibarət olan əşyaları,
qədim musiqi alətləri çox yüksək səviyyədə təqdim
olundu. Hətta Misir tərəfinin təklifi ilə eksponatlar tədbirdən sonra
təxminən bir ay
müddətində Qahirənin möhtəşəm opera binasının foyesində sərgiləndi.
2007-ci ildə isə səfirliyin təşəbbüsü və
Azərbaycanın Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə görkəmli
bəstəkarımız Fikrət Əmirovun “Min
bir gecə” baletinin Misir Opera və Balet Teatrının repertuarına
salınması və səhnəyə qoyulması böyük rezonans doğurdu. Balet bundan sonra bir neçə
il Qahirə
teatrının repertuarında
qaldı.
- Sonra “mədəniyyətə
dəyər vermə”
ənənəsini Türkiyədə
davam etdirdiniz və 2012-ci ildə Türkiyədə ilk dəfə
Azərbaycan mədəniyyəti
həftəsi keçirildi.
Niyə belə gec?
- Azərbaycanın müstəqilliyini
ilk tanıyan ölkə
Türkiyədir. Bizim qardaşlıq
münasibətlərimiz ulu
öndər Heydər
Əliyevin bəyan etdiyi “İki dövlət, bir millət” məfhumu üzərində təşəkkül
tapıb. Amma maraqlı hal ondan ibarətdir ki, 2012-ci ilə qədər, yəni 20 il ərzində
bizim əlaqələrimizin
ən yüksək səviyyədə olmasına
baxmayaraq, Türkiyədə
Azərbaycan mədəniyyət
günləri keçirilməmişdi.
Bunun izahı da çox idi:
mədəniyyətimiz eyni
köklərə dayanır,
qardaş xalqlar bir-birini onsuz da tanıyır və s. Amma Türkiyəyə səfir
təyinatımdan sonra
belə bir qənaətə gəldim
ki, Azərbaycanın çoxşaxəli mədəniyyəti
Türkiyədə yetərincə
tanınmır. Burda sadəcə
bəzi ifaçılarımızın,
böyük şairlərimizin
adlarını bilirdilər.
Amma çoxları Azərbaycanın
muğam musiqisindən,
klassik musiqi əsərlərimizdən xəbərsiz
idi. Mədəniyyətlərimiz yaxındır deyib
bunun üzərindən
keçmək olmaz.
Azərbaycanın klassik musiqisinin
dünya mədəniyyətinə
verdiyi töhfələr
var, bunu qardaş Türkiyədə
də lazımınca
tanıtmalıyıq. Ona görə də Azərbaycan mədəniyyəti
həftəsinin Türkiyənin
bir neçə şəhərində keçirilməsini
təklif etdik. Nəhayət, 2012-ci ilin
may ayında Ankara, İstanbul
və İzmirdə Azərbaycan mədəniyyəti
həftəsi baş tutdu, gözəl tədbirlər keçirildi.
Konsert proqramları gerçəkləşdi,
Türkiyənin Mədəniyyət
və Turizm Nazirliyinə bağlı sərgi salonlarında Azərbaycanın qədim
musiqi alətləri, xalçaları, rəsm əsərləri nümayiş
olundu. Azərbaycan muğamı, balet
və opera musiqiləri
bu üç şəhərdə təqdim
edildikdən sonra sıra gəldi Azərbaycanın şedevrlərinin
Türkiyə səhnəsində
ifa olunmasına.
- Yəni söhbət “Koroğlu” və “Leyli və Məcnun”
operalarından gedir. Üzeyir Hacıbəylinin ölməz
“Koroğlu”su Mersin şəhərində
tamaşaçıların görüşünə gəldi.
“Leyli və Məcnun” operası isə öz tarixində ilk dəfə
olaraq Azərbaycandan kənarda bir teatrın repertuarına daxil edildi...
- Əslində, “Koroğlu”
2009-2010-cu illərdə Türkiyədə
TÜRKSOY-un beynəlxalq layihəsi
kimi səhnəyə
qoyulmuşdu. Əsərin bütün xoreoqrafik tərəfi, dekorasiyası,
kostyumları və s.
mövcud olduğunu diqqətə alaraq belə bir fikir
yarandı ki, “Koroğlu” operasını
Türkiyə teatrlarının
repertuarına salaq və opera Mersin Opera və
Balet Teatrının
2015-2016 mövsümünün repertuarına daxil edildi. Şərqin ilk operası olan “Leyli və Məcnun”
operasının da
Ankara Dövlət Opera və
Balet Teatrının repertuarına salınmasına
nail olduq. Hər iki tamaşa
böyük uğurla
səhnələşdirildi.
2015-ci ilin yanvar ayında Mersində “Koroğlu”nun premyerası oldu və tamaşa
böyük əks-səda
doğurdu. Amma Azərbaycan və
Türkiyə sənətçilərinin
iştirakı ilə
“Leyli və Məcnun” tamaşası daha böyük rezonansa səbəb oldu. Hətta teatrdan belə bir təklif də gəldi ki, operanı 2016-2017-ci il repertuarında
da saxlamaq istəyirlər. O istəyi
bizim Mədəniyyət
və Turizm Nazirliyinə də çatdırmışıq və
güman edirəm ki, müsbət cavab veriləcək.
- Cənab səfir, Türkiyənin müxtəlif
bölgələrində çoxlu
sayda azərbaycanlı
incəsənət xadimi
yaşayıb çalışmaqdadır.
Onlar səfirliyin mədəniyyət
layihələrində nə
dərəcədə iştirak
edir? Onlarla maraqlanır, əlaqə
saxlayırsınızmı?
- Mədəniyyətlə bağlı
fəaliyyətimiz təkcə
Azərbaycan korifeylərinin
tanıdılması, mədəniyyət
günlərinin keçirilməsi
ilə məhdudlaşmır.
Bildiyiniz
kimi, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən, Türkiyə ilə sıx əlaqələr yarandıqdan sonra bir çox sənət adamları dövlət xətti və ya öz
istəkləri ilə
Türkiyəyə gəldilər.
O zamandan bəri Türkiyənin müxtəlif
bölgələrində bir
çox incəsənət
universitetlərinin bünövrəsini
bizim sənətkarlarımız
qoymuşdur. Rəssamlarımız, heykəltəraşlarımız,
bəstəkarlarımız, dirijor və ayrı-ayrı musiqi alətləri ifaçılarımız
hər zaman Türkiyədə böyük
bir rəğbətlə
qarşılanıblar. Bizim sənətkarların Türkiyə
incəsənətinə verdikləri
töhfələr çox
dəyərlidir. Onlar bu gün də öz fəaliyyətlərini
davam etdirirlər.
Əlbəttə, biz onları yaddan
çıxarmırıq. 2010-cu ildən bu
vaxtadək 3 dəfə
Türkiyədə yaşayan
azərbaycanlı rəssamların
sərgilərini keçirmişik.
Onların müxtəlif
bukletlərinin, rəsm
əsərlərini əks
etdirən sərgi-afişalarının
və s. hazırlanmasına
dəstək veririk. Təşkil
etdiyimiz sərgilər
onlara daha geniş auditoriyaya çıxmaq imkanı verir. Gələn il növbəti
belə sərgini keçirməyi planlaşdırırıq.
Məsələn, Xocalı
soyqırımı ilə
bağlı səfirliyin
sifarişi ilə Türkiyənin Kayseri şəhərində
fəaliyyət göstərən
bəstəkar Nazim Mirişli “613” adlı bir əsər yazdı və bu əsər ilk dəfə 2012-ci ilin 26 fevralında Türkiyənin
hökumət rəsmilərinin
də iştirak etdiyi gecədə Bilkent simfonik orkestrinin ifasında səsləndi. Bundan başqa, Türkiyədə
yaşayan azərbaycanlı
teatr xadimləri, bəstəkarlarla əlaqələrimiz
var, tədbirlərimizdə
iştirak edirlər.
Eləcə də TÜRKSOY ilə
də yaxşı əlaqələrimiz var və quruma lazımi dəstəyi veririk.
- Turizm də mədəniyyət kimi bir ölkənin təbliğatının ayrılmaz
hissəsidir. Azərbaycanlıların turizmdə ən çox önəm verdikləri ölkə Türkiyədir. Bəs sizcə,
qardaş ölkədən
Azərbaycana turist axınını necə qiymətləndirmək olar?
- Təbii ki, Azərbaycan turisti üçün Türkiyə
hər zaman maraqlı ölkə olub. Azərbaycanda az insan
tapılar ki, həyatında bir dəfə də olsun Türkiyəyə getməsin. Təəssüf ki, bunu Türkiyə əhalisi üçün demək mümkün deyil. Təbii ki, Türkiyə bizdən böyükdür.
Ola bilsin ki,
Azərbaycanın turizm
potensialını burada
hələ yetərincə
təbliğ edə bilməmişik. Amma ümidverici
hal odur ki, Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyi burada turizm nümayəndəliyini
açdı. Düşünürəm ki, təbliğat nəticəsində Türkiyə
vətəndaşlarında Azərbaycan turizmi ilə bağlı daha geniş fikir formalaşacaq. Bu yöndə atılan
addımların davam etdirilməsi vacibdir.
Bu işdə medianın da rolu mühümdür.
Fürsətdən istifadə edərək,
“Mədəniyyət” qəzetinə
uğurlar diləyir, bu mövzunu da daim diqqətdə
saxlamağınızı arzu
edirəm.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2016.- 30
sentyabr.- S.10.