O, illərlə belə də deyib: “Nə
bağırırsan, xalq?! Varındır
- ver, yoxundur - sus, öl!..”
Həsənağa Salayev hayqırırdı bunu. Oqtay
Eloğlunun dilindən desə də, elitar
tamaşaçı bu sözləri onun öz xitabı kimi qəbul
edirdi. Proletar tamaşaçılar
arasında isə, bu hədə-təhdidli sual-nidalara təəccüblənib
nifrətlənənlər də olurdu, təəssüflənib
xiffətlənənlər də.
İllər
sonra həmin tamaşaçı “tərəflər”in
hamısına aydın olacaqdı ki, bu aktyor öz zəmanəsinin
həyat səhnəsindəki qaçılmaz siyasi-doktrinal
pafosunu teatr səhnəsində öz ecazkar sənət pafosu
ilə yumşaldanlardan biri, bəndənizin fikrincə isə,
birincisi olub...
Bu aktyor səhnədə
hər hansı bir fikir və duyğunu tamaşaçıya
vurğulamaqçün, bir çoxları kimi, stilizə səs
uğuruna, ton çığır-bağırına getmir,
sadəcə, dram mətnlərinə müvafiq səs-səda
və qırım-durum “val”larını dəyişirdi...
Deyirlər, hər bir sənət-peşə adamı
mütləq məktəb “şinel”indən
çıxmalıdır. Bu, 99 faiz doğru.
Amma bir faizin həqiqəti də var;
bütün dünya və Azərbaycan təcrübəsində
məktəb görmədən canlı məktəbə
çevrilən müqtədirlər də olub. Elə Həsənağa
Salayev də - zəmanəsinin ictimai-siyasi
sıxıntıları və müharibə maneələri
gərginliyində alayarımçıq oxuduğu Teatr Məktəbi
istisna edilməklə, səhnə və ekran sənəti
tariximizə “öyrənən”lərdən çox, “öyrənilən”lərdən
biri kimi düşüb.
Söylənən “canlı məktəb”lik
nüanslarına misal kimi, bu aktyorun uzun illər şəriksiz
və tamamilə bənzərsiz bir ustalıqla
oynadığı Bəhram (“Solğun çiçəklər”
- C.Cabbarlı) obrazını xatırlamaq kifayətdir. Və məncə,
haçansa eşitdiyim “...lent yazısı olmayan dövrlərdə
elə fenomenal səslər olub ki, onlar teatrların “divar
yaddaşında” gələcəyə də çatacaq” qənaəti
H.Salayevin həmin tamaşadakı monoloqundan bu parçaya da
aiddir: “Qəhr olsun dünyanın milyonlar üstündə
vücuda gələn səadəti!”
Qeyri-adi
mental ciddilik, həyati və teatral dinamiklik, hər
sözünə sanki xəyallardan indicə
ayrılmış kimi başlaması, fikrini, qənaətini
dahilərdən, müdriklərdən gətirdiyi sitatlarla
daha aydın isbatlaması və nəticə etibarilə həmsöhbətcilliyi!
Doyulmaz müsahib idi. Hədsiz
hökmlü, xeyli dərəcədə bariton səs tonu, sənət
dramatizmi mahiyyətcə zəriflik dünyası olan poeziya ilə
tutuşmasa da, bəzən söhbətini Füzulidən
söylədiyi qəzəllərlə bəzəyərdi.
Dostları çox idi və onu dövrün ünlü
şairləri, dərin söz adamlarıyla calaşdıran səbəblərdən
biri də elə Füzuliyə məhəbbət “divanəliyi”ndəndi. Bəxtiyar Vahabzadə, Xudu
Məmmədov, Nurəddin Rza, Hüseyn Arif, Şahmar Əkbərzadə,
Zeynal Məmmədov və daha bir neçə ziyalını
“səhnədənkənar tərəf-müqabillərim”
adlandırardı. Onlarla söhbətlərini
“yeni dövrün dastan gecələri” kimi də qiymətləndirər,
“vaxt olur ki, “ardı gələn gecə” - deyə
ayrılardıq” - deyərdi.
Mən bu sətirləri qeybdən yox, tələbəlik
illərimdə (və bir qədər sonralar) bloknotuma etdiyim
qeydlərə istinadən yazıram. Bəli, H.Salayev həm də təvazökar
sənətkar idi; o qədər nəhəng, populyar, məşğul
(özü demişkən, çox “qıtvaxt”) bir sənətkar
ola-ola, bizimlə - jurnalistika fakültəsinin üç tələbəsilə
- ilk görüşdə üç saata yaxın həmsöhbət,
sonralar isə öz zərafat təbirilə desəm, “bir
köynək uzaq dost” olmuşdu.
Səhnə
+ lər...
5 dekabr 1921-ci ildə Bakıda doğulmuş Həsənağa
romantik və realist aktyor məktəblərinin hər müddəasını,
bütün estetik prinsiplərini cazibələr süslü
ahəngdarlıqla təcəssüm və tərənnüm
etdi.
Yeddi yaşında ikən atası onu Bakıdakı
6-cı Şura məktəbinə yazdırıb. Burada doqquzuncu
sinfi yüksək qiymətlərlə bitirərək Bakı
Teatr Texnikumuna daxil olub. 1938-ci ildə isə
- tələbə ikən Akademik Milli Dram Teatrının
aktyor heyətinə qəbul edilib. Lakin
müharibə bu qeyri-adi istedadın özünü daha erkən
reallaşdırmasına mane olub. Təhsilini
başa vurduğu günlərdə müharibəyə gedib
və doğma teatra bir də 1946-cı ildə
qayıtmalı olub. Bu teatrın tamaşalarında
maraqlı rollar oynayıb: M.F.Axundzadənin “Hacı Qara”,
C.Cabbarlının “Solğun çiçəklər”, “Od gəlini”,
“Almaz”, “Oqtay Eloğlu”, H.Cavidin “Səyavuş”, B.Şounun
“Şeytanın şagirdi”, B.Vahabzadənin “İkinci səs”,
N.Hikmətin “Şöhrət və ya unudulan adam”,
F.Şillerin “Orlean qızı” əsərlərinin
tamaşalarında xarakterik səhnə surətləri
yaradıb.
Öz
dövrünün “səhnə cəngavəri”
adlandırılan H.Salayev “Fətəli xan”,
“Görüş”, “O olmasın, bu olsun”, “Onu
bağışlamaq olarmı?”, “İstintaq davam edir”,
“Aygün” filmlərində Süleyman, Musa, Əzim Əzimzadə,
Qüdrət, mayor Rüstəmov, Əmirxan rollarını da
ustalıqla yaradıb.
Klassik əsərlərdə ifa etdiyi obrazları
çağdaş dövrün ictimai-sosial, mənəvi-əxlaqi
ab-havasıyla uzlaşdırır, səhnəmizə tərcümələrdən
gələn obrazları elə əcnəbi-milli elementlərlə
calaq-ortaqlayırdı ki, aqil tamaşaçı “bəşəri
sənət də Tanrı təki təkdir” qənaətinə
gəlməyə bilmirdi.
Çılğın
ehtirası, vüqarlı görünüşü, sərbəst-şahanə
səhnə davranışı, əzəmətli boy-buxunu, səhnə
yöndaşlarına lütfkar diqqətilə
seçilmiş, 1959-cu ildə Əməkdar artist, 1974-cü
ildə Xalq artisti fəxri adlarıyla təltif edilmiş, yaradıcılığının
qaynar, yaşının məhsuldar çağında qəfildən
iflic xəstəliyinə düçar olaraq 1981-ci il
oktyabrın 2-də dünyasını dəyişmiş bu sənətkar
haqqında deyilib-yazılmışlardan və
çoxlarının xəbərsiz olduğu -
Olğu-olaylardan...
İlk
rolunu jandarm (S.Vurğun - “Xanlar”) obrazıyla başlayıb, tərəf-müqabili
Mərziyyə Davudovadan “Sən bu rolu elə mükəmməl
oynayırdın ki, mən özümü əsl jandarm
qarşısında hiss edirdim!” tərifini almış bu
müqtədir aktyorumuzun şəxsi tale finalı, qismət
“axirət”i sonralar oynayacağı “Şöhrət və ya
unudulan adam” (N.Hikmət) dramına adekvat...
Yeri gəlmişkən,
Həsənağa Salayevin həmin tamaşada
yaratdığı Doktor obrazı hər dəfə
bütün salonu heyrətə gətirirmiş və xeyli
sonralar böyük səhnə azmanlarından olan M.Məmmədov
yazıb: “Əgər hər hansı bir aktyor qürrəylə
desə ki, “mən səhnədə Hamlet obrazını
yaratmışam!”, ona belə cavab verərdim:
kaş mən də Həsənağa Salayev kimi Doktor
obrazı yaratmış olaydım...”
Keçmiş SSRİ-nin müttəfiq
respublikalarında yaxşı tanınan aktyor hətta qastrol
ünvanlarında da mükafatlandırılırdı.
H.Salayevin
Şekspirin 400 illik yubileyi ərəfəsində səhnəyə
qoyulan “Antoni və Kleopatra” tamaşasında
yaratdığı Yuli Sezar obrazını teatr tənqidi “Azərbaycan
səhnəsinin fenomenlərindən” hesab edir, hətta bu
aktyorun “qaradeyən”lərindən hesab edilən professor C.Cəfərov
yazırdı: “Aktyor öz fitri istedadı ilə mütləq
hakimiyyət və şöhrət hissilə yanan qəhrəmanının
(Sezarın) hətta zahiri parlaqlığa və ədəbazlığa
meylini də göstərməyə çalışır,
yerişində və davranışında belə, saxta
olduğunu hiss etdirir”.
Azərbaycan
Teatr Cəmiyyətinin “Həsənağa Salayev” bukletində
M.Məmmədovun qeydi: “Bu Oqtay məni valeh etdi. Mən indiyə
kimi tamaşa salonunda belə təlatüm görməmişəm...”
…Bu ustad
aktyorun dostluq, vətənpərvərlik keyfiyyətləri də
“görünməmiş nümunələr” seriyasından
imiş. Nazirlər, raykom katibləri, prokurorlar
arasında çox yaxınları olsa da, milli-mənəvi
ziyalılıq mücəssəməsi Xudu Məmmədov və
böyük vətəndaş-şair Bəxtiyar Vahabzadə
ilə dostluğu ayrı bir aləmmiş.
Çoxlarının “qrimli adamlar” seriyasından hesab etdiyi bu
aktyorun məşhur “Gülüstan” poemasından sonra məlum
çətinliklərə məruz qalan müəllifin evinə
göndərdiyi “anonim ərzaq səbətləri” o
dövrün dillərdə gəzən “dosye”lərindən
idi...
Və... yetmişinci illərdən modernizmin
çağlamağa başlaması ilə romantizmin tədricən
“kölgə plan”a keçməsi H.Salayev çağlamı
üzərinə də bulud saldı. Həyat yoldaşı Sərvət
xanımın xatirələrindəki nüanslar da bunu
sübutlayır: “Çox pis əsəbiləşirdi,
hövsələsizləşmişdi. Mərkəzi
komitənin məsul işçisi C.Cəfərovla münasibəti
yaxşı deyildi. Həsənağanın
sovet quruluşuna qarşı barışmazlığından
xəbərləri vardı deyə, ondan xoşları gəlmirdi.
Onu tez-tez ovundurmağa
çalışardım. Amma... hərdən də,
özümdən ixtiyarsız: “Ay Həsənağa, bəs
deyirdin sovet hökuməti dağılacaq?!” deyə, onun
ağrılarını bir az da
artırırmışam. O isə deyirdi ki, hə, Sərvət,
o günü mən görməsəm də, sən görəcəksən!..”
1975-ci ildə infarkt keçirən H.Salayev tədricən
səhnədən uzaqlaşır. Lakin
dolanışıq naminə kiçik qruplarla respublikanın
rayonlarına qastrol səfərinə çıxar (aktyor
R.Əzimovun dediyinə görə), hər yerdə onun şərəfinə
məclislər açılsa da, söhbətlərə
qoşulmaz, kimlərinsə təkidli xahişilə
oynadığı müxtəlif tamaşalardan parçalar
söyləyəndən sonra kövrəlib susarmış.
1976-cı il səfərlərinin birində
(Zəngilanda) beyninə qan sızan sənətkar düz
altı il yataq xəstəsi olur. Baş çəkənlərin
sayının gündən-günə
azaldığını görən bu şöhrətli
aktyor hərdən, bir vaxtlar iştirakçısı
olduğu bir tamaşanın adını
pıçıldarmış: “Şöhrət və ya
unudulan adam”...
Sən demə, bu böyük sənət
adamının oğlu da “ata əqidəli”lərdən
imiş. Vətənin
qeyrətli könüllülərindən biri olan Dəryanur
cəbhəyə yollanır və 1992-ci ilin fevralında həlak
olur...
Bu sənət
və Vətən fədailərinin hər ikisinə qəni-qəni
rəhmət...
Tahir Abbaslı
Mədəniyyət.- 2016.- 30
sentyabr.- S.13.