Türkiyədə rəssam soydaşlarımızın sərgiləri

 

Yanvarın 3-də İstanbuldakı Venüs Sənət Qalereyasında Türkiyədə yaşayan və çalışan tanınmış azərbaycanlı rəssam Lətafət Hafizqızının (Məmmədova) fərdi sərgisi açılıb.

Yanvarın 16-dək davam edəcək sərgidə rəssamın Bakı və İstanbula həsr etdiyi 28 mənzərə və kompozisiyası nümayiş etdirilir.

Xalq rəssamı Hafiz Məmmədovun qızı olan Lətafət xanım 1973-cü ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1979-cu ildən Rəssamlar Birliyinin üzvüdür. Azərbaycan Dövlət Pedaqoji Universitetində rəssamlıqdan dərs deyib. Dünyanın bir sıra muzeylərində əsərləri saxlanılır.

* * *

11-29 yanvar tarixində isə Türkiyədə yaşayan rəssam soydaşımız Teymur Ağalıoğlunun Ankaranın Emin Hekimgil Sənət Qalereyasında fərdi sərgisi keçiriləcək. Sərgidə rəssamın mənzərələrdən ibarət 35 əsəri nümayiş etdiriləcək.

Sərgi öncəsi rəssam qəzetimizə bunları söyləyib: “Rəsmləri Türkiyənin müxtəlif bölgələrində çəkmişəm. Əsərlərimdə təbiətin gözəlliklərini və ruhunu əks etdirməyə çalışmışam. Bunu nə qədər bacarmışam, tamaşaçılar dəyərləndirəcəklər”.

 

Mədəniyyət.- 2016.- 6 yanvar.- S. 16.