İstanbulda Nadir şah haqqında kitabın təqdimatı

 

İstefada olan polis polkovniki, professor Cahangir Hüseyn Əfşarın türk dilində nəşr olunmuş “Azərbaycan Nadir Əfşar dövləti” elmi-publisistik kitabının İstanbuldakı “Aydınlar Ocağı”nda təqdimatı keçirilib. Şərqin son fatehi Nadir şah Əfşardan bəhs edən 400 səhifəlik kitab İstanbulda nəşr olunub.

Təqdimat mərasimində “Aydınlar Ocağı”nın Anadolu bölməsinin rəhbəri, professor İbrahim Öztək, kitabın tərcüməçisi Cumhur Turan və başqaları çıxış ediblər. Bildirilib ki, müəllif Nadir şahın həyatı, şahlıq taxtına çıxması, apardığı müharibələr, Azərbaycan Əfşarlar dövlətinin qurulması və s. tarixi faktları oxuculara çatdırır. Kitabda azərbaycançılıq ideyası əksini tapıb, həmçinin türk dövlətlərinin 4 minillik tarixinə ekskurs edilib. Çıxışlarda qeyd olunub ki, “Azərbaycan Nadir Əfşar dövləti” kitabı Nadir şah dövrünü araşdıran, bu bölgənin dövlətçilik ənənələrinə, mədəniyyətinə və s. maraq göstərən mütəxəssislər üçün əhəmiyyətli mənbədir. Müəllif Nadir şahla əlaqədar yazılmış əsas mənbələrə baş vurub, təhlillər aparıb.

Mərasimdə çıxış edən Cahangir Hüseyn Əfşar kitabın yazılma səbəbləri, istifadə etdiyi mənbələr barədə məlumat verib, əsərin türk dilində nəşrinin əhəmiyyətindən danışıb.

Qeyd edib ki, kitabı yazmaqda məqsədi Azərbaycanın zəngin dövlətçilik tarixi barədə oxuculara məlumat vermək olub. Kitabda Nadir şahın təkcə yenilməz sərkərdə yox, eyni zamanda qurucu, islahatçı dövlət xadimi kimi təqdim edilir. Nəşr Nadir şah Əfşarın anadan olmasının 325 və qurduğu dövlətin 280 illiyinə həsr edilib.

 

Mədəniyyət.- 2016.- 6 yanvar.- S. 15.