Çağlar Müşfiq...
Ömrü yarımçıq, sözü bütöv, irsi əbədi Mikayıl Müşfiq
Ulu sələfinin dediyi
“yoxdan var olan söz”lərlə özünə
ayrıca bir poeziya
odası yapmış, “Kainat olduqca, şer olacaq” - deyə, yeni-yeni
sözlər, hikmətlər bulmuş, otuzca yaşa qədər qosqoca bir ömür
yaşamış həmişəcavan Müşfiq!..
Bu şair hər
duyan qəlbə poetik
atəşlər çilədi, məhəbbət alovlu odlar saldı. “Arzuya bax, sevgilim!
Tellərindən incəmi? Söylə, ürəyincəmi?!”
sayaq poetik şamlar yandırıb, SÖZdən estetik kamlar aldı...
Misralarının hər biri qulaqlara çatar-çatmaz, ürəklərə işləyir bu şairin. Heç zaman solmaz güllər kimi, eşqsaçan güllələr, küləçevrilməz közlər sayaqdır bu sənətkarın sözləri. “Eşqsaçan güllələr” dedim, 1937-nin bu günü - 6 yanvar gecəsində bu bənzərsiz şairimizə açılan güllə də səsləndi qulağımda. Ardınca da, sonralar xələflərindən birinin - İsa İsmayılzadənin İkinci Dünya müharibəsi güllələrilə bağlı yazdığı bir şeirdən iki misra gəldi nitqimə: “Güllələr demədi qayıdın geri, hələ uşaqsınız - nə yaşınız var”...
Bu misralardan sonra istədim daha sonralara keçəm, onu qaralamış qara keçmişin daha bir kəsiyi saxladı məni. Qırmızı bolşeviklərin bu neftrəng məmləkətin “gödənçi”-“Vətənçi” sinifləri arasında işini bitirib qələmçilərə keçdiyi çağları deyirəm. Onlar o qələmçilər arasındakı istedadsızlardan ibarət qruplar yaradır, ədəbiyyat-irfaniyyət aləmimizdəki Cavidlik-Müşfiqlikləri üzə çıxarmaqçün “kəndçi”-“şəhərli”, “asfalt şeri”-“torpaq şeri” nifaqlarına da əl atırdılar. Bu süni “tərəflər”in o dövr başçıları isə öz milli-bəşəri işlərində idilər; Yerlə kifayətlənməyən Hüseyn əfəndi “səma şairi” adlandırılmaqda, öz ali-əxlaqi, mədəni-mənəvi davranışı, “qumral gözlər”, “mənimlə əyişəydin”, “sular xırçın olaydı” kimi doğal-doğanaq ifadələr kanı Mikayıl söz aləmimizə təzə-tər nəfəs, bu əvəzsiz sərvət təsərrüfatımızın əkin-biçinçiləri arasına ümummilli bir konsensus gətirməkdə...
Onun öz Söz Tarı...
“Müşfiq “Oxu, tar” şeirində həmin çalğı alətini Sözlə çalıb” desəm, nə deyərsiz, əfəndilər?! Bəs dilimi “dolaşdırıb”, tarı sözlə, sözü tarla çalıb, desəm? Bu deyimdə bir “problem” yoxdursa, əlavə edim ki, tara “çal” əvəzinə “oxu” deyən bu ecazkar sənət aşiqindən yaxşı bir yazı yapmaq üçün gərək bunların hamısından əzəl yaranmış Söz də oxuya! Tarixən saz ilə, avaz ilə dediklərimizi sonda aydınlatmalı olduğumuz yeganə vasitə, “su kimi lətafəti”, “hər ləhzə yoxdan var olan”, “Nə söz qaldı sənətkara dəyməmiş?!” kimi, öz klassik “avtoportret”ini yaratmış Söz. Qol-qanadlanıban bu könlü fırça, dəftəri tablo sənətkarı layiqincə vəsf üçün təzə-tər bir vər açması amacında olduğum Söz. Bir cansız mübtəda ki, nəqli epizodlar, epik təhkiyələr qanıq vermədikdə, dərhal yanıq taktlar, lirik notlar saçmasını, polifonik prelüdlər, folklorik etüdlər etməsini istərəm. Özü də öncə, bu böyük Azərbaycan Oğlunun ata-baba odasına - əfsanəvi Xızır nəbi qədəminə də məkan olmuş Xızı rayonunun Sayadlar obasına fövqəl-xəyalicə səfərimi barındırsın...
Budur, onun ev-muzeyi...
Elə bu elatın özü də canlı, təbii, lirik, dramatik bir muzey; həm də - otuzuna çatmamış başdan-başa lirik Mikayılın, otuz beşinə varmamış təpədən-dırnağa dramatik Cəfərin peyzaj-portret obrazlar qalereyalarına rəğmən. Hələ bəri başından başlanan bənzərsiz mənzərələr; təbiətən ulu, məziyyətən xalça-xalı dağlar, ürək-göbəyi boyunca çeşməli-sulu bağlar, ağıl-kamalca xoca, xaraktercə ərən, mənlik-mərdlikcə uca insanlar!..
Və tarixən ozanların tapındığı, aşıqların aşiqlənib, yazanların obrazlandığı bu dağların ətəklərində adına “ab-hava” deyilən həb, döşündə-qaşında fitrəti-qüdrəti təb, bəsirət gözüylə də baxa bilsən, - başından başda Rəbb! Çeşməli-sulu bağlarının mənzərəsi bəh-bəh, nər-nəğməsi cəh-cəh, meyvələri mey, bağbanları xoş-beş. Sakinlərinin insanlığı isə bu çətin, bu mürəkkəb dünyanın asanlığı! Sayğılı bir münasibətə qayğı dolu qarşılıq...
Belə-belə məsələlər, səninlə bu “xalqın acısı-şirini”ni çalmış və elə sənin bir neçə yalan üzvünlə cavanca canına qıyılmış əlahəzrət Söz! İndi gözaltıla ki, könülcə çox yaxın olan o binəyə məsafəcə hələ bir az var; yəni bu yolda çox da hədd keçib əhəd kəsmə ki, orda da qəhət çəkməyəsən. Gözətlə ki, o tikili içrə həm milli bir Minorluq, həm bəlli bir Majorluq var. Yəni, hədsiz qüssələnib qəmlənəndə şənliyə, fəxarətlənib şənlənəndə qəmliyə yer saxlamalı...
Obrazlarına elçi düşüm, məntiq-mənalarına yolçu olum, Söz! “Qələm” adlı əl mənim, aləm namlı ətək sənin. Məni, şair etdiyin bir rəhmətliyin “Söz çıxıb ceyran belinə!” misrasına süvar etmə. Hərdən “ayrılıq məndən düşəndə”, qafiyəvi pıçılda ki; “darıxma, a qələm, darılma kədər, o mövzu doğmadırsa, qayıdıb gələr”...
Əslində, mövzu doğmadan da doğmadır, cənab loğman Söz! Söhbət yalnız Səni necə seçmələyib, cümlə sapına nə cür muncuqlamaqdan gedir. Yoxsa xəyala nə zaval? Çətini - yürüyüb-yüyrənib o ocağa yetənəcən, hərlənib-fırlanıb bu mətləbi tutanacandı. O gözəllik sultanı, Söz kanının adını daşıyan bu muzeyin kandarına yetcək, birər-birər bitcək olarsan, inşallah. O obrazlar Xanı:
“İlhamımın yelkəni
zərrin saçın olaydı,
Sular xırçın olaydı” -
deyib, axı. Hərdən dramatikləşib:
“Çəkinərək çox zaman
söhbəti dəyişəydin,
Mənimlə əyişəydin”
söyləsə də, əlbəəl yundan yüngülə, pambıqdan yumşağa çevrilib:
“Saçın kimi qıvrılan
dalğalara dalaydım,
Dalıb ilham alaydım!”
Nəhayət, sən bir bu sözlərə fikir ver, ay Söz
(!):
Asılaydı sözlərim -
Könlünün qulağından
bir qızıl tana kimi,
Günəş doğana kimi...
Arzuya bax, cənab Söz! Bütün zərfliklərindən zərif, fellərindən
hərəki, gül-bülbül
isimlərindən incəmi?
Söylən, ən lətif, ən əntiq təbirincəmi?..
Bütün bunlar öz yerində. Fikrimin bir zikri var,
Sözcan! Belə ki, sən də bu növbəti
əsirintək bir anlığa xəyala dal və agah
ol ki, birazdan
o muzeydəki bəzi eksponat və fotoşəkillərdən qəm
repressiyası yüklənib,
depressiyaya köklənəcəyik.
Bunçu da, gəl, elə bu başdan o bədbinlik əleyhinə
bir tablet nikbinlik həbi qəbul edək:
Sənin
gülüşlərin yaz
səhərindən
Hissimə, fikrimə sanki rəng alır.
Gül ki, şeirlərim gülüşlərindən
Qırılmaq bilməyən bir
ahəng alır...
Və bu da bayaqdan gəldiyimiz
ulu yolun solundakı tənha bina. Hər tərəfdən diqqətçəkən, düzəngah-“ada”da odlu bir
oda. Yolçu baxışına bab, dost ürəyinə
qut, düzənlik mövqe-relyefinə hakim bir
tikili. Amma... ətraf dağlara nisbətdə bir az “məhkum”.
Fasad, interyer, ərazi tutumu sarıdan isə, “ey geniş kütlənin
acısı, şirini”
deyə xitablandığı
“Oxu, tar”ının “sarı sim”i kimi...
Amma nə yaxşı ki, yolun sağında - yaranışdan qol-qola girib bu dünyanı
yola verən dağlardan birinin sinəsində - çəkidə
yüngüldən-yüngül, vəzndə ağırdan-ağır
bir abidə. Ladı
- məqam-muğam rübablar,
adı - “Oxu, Tar”! Bu da, adı ilə
tək elə bu düzəngahı yox, bütün Azərbaycanı şərəfləndirən
gənc Müşfiq babanın öz zülüm-ölüm günlərindən
bir il
öncə öz əllərilə əkdiyi
yeddi çinardan hələ də diri qalmış birisi. Diri çinarı kirimişcə
salamlayır, büstü
qarşısında qurumuşca
bağır basırıq.
Cavabəvəzi “Onsuz üzüm
gülməz, açılmaz
aynam” kimi poetik “ərz”lər “eşidib”, içəri keçirik. Ölümündən
5-6 ay öncə yazdığı
“Mənim könlüm
deyir ki...” misrası fonunda son şəkillərindəki “akt”lara baxır, -
Susqun faktları dinləyirik...
Bunlar da, ifadə etdikləri Bəndənin həyatı kimi “ikili”dir. Adamı gah fəxarətdən, gah sıxıntıdan hipnoz edən fotolar, misralar. Bəzisi solğun, bəzisi yorğun. Gah halsız heyrət, gah sonsuz nifrət saçan bu fotoşəkillər zaman-zaman hər bir üzbəüzünün - tamaşaçıların gözlərini yağış-yağmurca yaşardar, misralarsa, bir ipəkcə yaylıq kimi qurular...
Bəs buradakı digər əşyaları nə adlandırıb, necə oxşayaq, yoldaş “37”?! Bax, bu sağdakı 39-cu şəkil həyat eşqli dəmlərin təcəllası... Bəs soldakı 40-cı? Sənin baş qəhrəmanı olduğun “şanlı” hakimiyyətin qanlı məcəlləsi?!.
O muzeydəki bu “rəngli” faktlardan sonra, yazılmayan “ağ-qara” bir “akt”: 1908-ci il iyunun 8-də Bakıda doğulmuş, Azərbaycan Dövlət Universitetini bitirmiş, nadir istedadı ilə poeziyamızın inkişafında xüsusi rol oynamış, orta məktəblərdə 7 il dərs demiş, 22 yaşında ilk kitabını çap etdirmiş, 26 yaşında Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuş Mikayıl Əbdülqadir oğlu İsmayılzadə - Mikayıl Müşfiq ədəbiyyatı dəlicəsinə, xalqını müdrikcəsinə, Dilbərini Məcnuncasına sevdiyinə görə, 6 yanvar 1938-ci ildə güllələnsin...
Tahir Abbaslı
Mədəniyyət.- 2016.- 6
yanvar.- S. 11.