Qobustanın sirrini açan alim

 

XX yüzillikdə adı respublikamızın hüdudlarını aşan görkəmli alimlərimizdən biri Azərbaycan arxeologiyasının yaradıcılarından sayılan və əfsanəvi Qobustan daş salnaməsinin ilk tədqiqatçısı kimi tanınan Əməkdar elm xadimi İshaq Cəfərzadədir.

 

İshaq Məmmədrza oğlu Cəfərzadə 14 avqust 1895-ci ildə Gəncədə sənətkar ailəsində dünyaya göz açıb. İlk təhsilini mədrəsədə alır, burada ərəb və fars dillərini dərindən mənimsəyir. Erkən çağlardan dahi Nizami Gəncəvinin əsərlərini mütaliə edir. Sonra altıillik şəhər məktəbində təhsilini davam etdirirrus dilini də öyrənir.

Gənc yaşlarından qədim Gəncənin memarlıq abidələri, Xaçbulaq yaylağının qalaları onda tarixarxeologiya elminə dərin maraq oyadır. 1924-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə qəbul olunur. Buradan məzun olduqdan sonra Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olur.

İ.Cəfərzadə 1925-ci ildən “Azərbaycanı tədqiq edən və öyrənən cəmiyyətin” və “Azərbaycanın qədim abidələrini qoruyan komitə”nin üzvü olur. Həmin illərdə o, indiki Milli Azərbaycan Tarixi Muzeyində elmi işçi kimi işə düzəlir və bütün ömrünü Azərbaycan abidələrinin tədqiqinə həsr edir. Bir müddət akademik İ.Meşşaninovun və Azərbaycanın ilk milli arxeoloqlarından olan Davud Şərifovun rəhbərliyi ilə fəaliyyət göstərən ekspedisiyaların tərkibində Qarabağda Xocalı, Naxçıvanda Qızılburun, Daşkəsəndə Çovdar, Qəbələdə Yaloylutəpə abidələrinin tədqiqində iştirak edir.

1933-cü ildən SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan şöbəsində çalışan İ.Cəfərzadə respublikada aparılan arxeoloji tədqiqat işlərinə elmi-təşkilati rəhbərlik edir.

Görkəmli alim haqqında araşdırmalarda qeyd olunur ki, İ.Cəfərzadə xalqımızın qədim tarixini, məişət və təsərrüfatını, mədəniyyət və incəsənətini öyrənmək məqsədilə Azərbaycan torpağını qarış-qarış gəzib və yüzlərlə tarixi abidə aşkar edib. 1937-1939-cu illərdə Kiçik Qafqaz silsiləsinin əlçatmaz yerlərində son tunc, ilk dəmir dövrünə aid 120-dən artıq qalanı qeydə alır. Onun bu abidələrə həsr etdiyi tədqiqat əsəri elmi əhəmiyyətinə görə gənc alimlərin ümumittifaq müsabiqəsində müvəffəqiyyət qazanır və xüsusi mükafata layiq görülür.

Tədqiqatçının axtarışlarında qədim Gəncə qazıntıları xüsusi yer tutub. N.Gəncəvinin 800 illik yubileyinə hazırlıqla bağlı təşkil edilən qazıntılara bilavasitə o, rəhbərlik edir. Az vaxt ərzində qədim Gəncə şəhərinin yeri dəqiq şəkildə müəyyən olunur. Burada qala divarlarının, sənətkarlıq məhəllələrinin, şəhər körpülərinin və başqa tikililərin qalıqları üzə çıxarılır. Yüzlərcə dəyərli maddi mədəniyyət nümunəsi əldə edilir. Böyük Nizaminin qəbrini açmaq da ona nəsib olur. Yubiley günlərində böyük mütəfəkkirin cənazəsinin qalıqları ölməz “Sənsiz”in ecazkar sədaları altında şairin şərəfinə yeni ucaldılan türbədə qara mərmər sənduqəyə qoyulur.

Tarix üzrə elmlər doktoru Qüdrət İsmayılov yazır ki, İ.Cəfərzadə Qobustan təsvirlərinin ən qədim nümunələrini orta daş - mezolit dövrünə aid edib. Onların 9-10 min il əvvəl çəkildiyini sübuta yetirib. Yer kürəsinin müxtəlif guşələrində tapılmış bütün qədim qayaüstü təsvirlərə yaxşı bələd olan tədqiqatçı Qobustan təsvirlərinin səciyyəvi xüsusiyyətini, bədii və tarixi əhəmiyyətini müəyyənləşdirə bilib. Görkəmli alimin tədqiqatlarında diqqəti cəlb edən cəhətlərdən biri də Qobustanın qədim təbii-coğrafi şəraitinin nəzəri bərpası ilə bağlıdır. İ.Cəfərzadəyə görə, uzaq keçmişdə Qobustanın iqlimi rütubətli və tropik iqlimə yaxın olub. O zaman bu ərazi sulu çaylar, çoxlu bulaqlarbol ot örtüyü ilə əhatə olunub. Burada saysız-hesabsız ov heyvanları özlərinə sığınacaq tapıb. Yerli qəbilə və tayfaların böyük mal-qara sürüləri saxlanılıb. Onun tərəfindən başlanılan Qobustan arxeoloji tədqiqatları Azərbaycan və keçmiş sovet arxeologiya elminin inkişafına böyük təsir göstərib.

1973-cü ildə aliminQobustan” adlı sanballı elmi əsəri işıq üzü görür. Əsər Qobustan tədqiqatlarının ilk yekunlarına həsr olunsa da, mühüm elmi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, 1999-cu ildə “Dədə Qorqud” dastanlarının 1300 illiyinin qeyd edilməsi ilə bağlı tədbirlər çərçivəsində İ.Cəfərzadənin “Qobustan” kitabı Azərbaycan və rus dillərində yenidən nəşr olunur.

Milli arxeoloq kadrların yetişməsində böyük xidmətləri olan İshaq Cəfərzadə 1982-ci il yanvarın 5-də vəfat edib.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 6 yanvar.- S.  10.