Bölgələrdə
qış turizmi inkişaf
edir
Bayram günlərini ölkəmizin
bölgələrində, qış mənzərəli təbiət
qoynunda keçirmək istəyənlərin
seçim imkanları kifayət qədər
geniş olub. Bu günlərdə “Şahdağ”
Turizm Mərkəzi ilə yanaşı, Qəbələyə
də çoxlu turist
gəlib.
Qəbələ rayonunun füsunkar təbiəti, burada yaradılan müasir turizm infrastrukturu həm yay, həm də qış aylarında turistlərin diqqətini cəlb edir. “Tufandağ” dağ-xizək kompleksi bu günlər istirahət həvəskarlarının xüsusilə maraq göstərdiyi məkandır. Qarlı dağlarda motorlu xizəklərlə, at və faytonlarla gəzintiyə çıxmaq, kanatla dağlarda gəzmək və buz üstündə xizəklə sürüşmək barədə düşünənlərin arzusu burada gerçəkləşib.
Bayram günlərində qonaqların istirahətinin mənalı təşkili üçün hotellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncəli tədbirlər keçirilib. Rayonda yerləşən müasir hotel və istirahət mərkəzləri bayram günlərində, ümumilikdə, 3 minə yaxın yerli və xarici turistə xidmət göstərib. Qəbələyə gələn turistlər təkcə rayon mərkəzini gəzməklə kifayətlənməyib, həm də dağ kəndlərinə üz tutublar. Yeni ili Qəbələdə qarşılayanlar arasında Hindistan, Türkiyə, Rusiya və Latviyadan gələnlər də olub.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarova bildirib ki, ötən 2015-ci il Qəbələdə turizm sektoru üçün uğurlu olub. Çünki istirahət üçün burada bütün imkanlar var. Hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Bu turizm obyektlərində gün ərzində 2500 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. 2015-ci ildə Qəbələ rayonuna gələn xarici və yerli turistlərin sayı 50 mindən çox olub.
Şöbə müdirinin sözlərinə görə, bu il Qəbələnin hotellərində Yeni il şənlikləri daha maraqlı keçib, müxtəlif əyləncəli tədbirlər təşkil olunub. “Tufandağ” dağ-xizək kompleksi, “Qəbələnd” istirahət və əyləncə mərkəzi turistlərin marağını daha çox cəlb edən məkanlardır.
* * *
Qax rayonunda
da son illər qış turizmi inkişaf etməkdədir. Füsunkar bir
məkanda yerləşən
“El Resort” hotel kompleksi də
rayonda turizmin inkişafına töhfə
verməkdədir. Uca dağların
qoynunda yerləşən,
qədim kənd və müasir şəhər elementlərini
özündə birləşdirən
bu hotel ilin bütün fəsillərində
turistlər üçün
əsl istirahət məkanıdır.
Hotelin meneceri Şamil Əfəndiyev bildirib ki, burada Yeni
il şənlikləri
dekabrın 30-dan yanvarın
2-dək davam edib. Hotelə gələnlərin əksəriyyəti
ailəvi istirahət edənlər olub. Üçgünlük bayram paketinin
qiyməti bir nəfər üçün
330 manat təşkil edib. Ötən il isə
bayram paketinin qiyməti 450 manat olub. Turistlər gündə 3 dəfə
yemək daxil olmaqla, hotelin bütün xidmətlərindən,
idman qurğularından,
həmçinin yeni istifadəyə verilən
əyləncə zalı
- boulinq mərkəzinin
xidmətindən geniş
istifadə ediblər.
Onlara Azərbaycan və dünya mətbəxinin ləziz təamları ilə yanaşı, bu yerlərə xas olan milli
yeməklər də təqdim olunub.
* * *
Bayram günlərində
Quba rayonuna gələn turistlər isə daha çox
Qəçrəş istirahət
zonasına üz tutublar. Şimal bölgəsinə
yağan güclü qar səbəbindən təbiətin ağ
örpəyə bürünməsi
onların diqqətini
daha çox cəlb edib. Quba Turizm İnformasiya Mərkəzindən verilən
məlumata görə,
bu günlərdə rayona gələn turistlərin sayı adi vaxtlardakından 50-60 faiz çox olub.
Bayram günləri ilə əlaqədar gücləndirilmiş
iş rejimində çalışan mərkəzdə
“qaynar xətt” yaradılıb. Əcnəbi və yerli turistlər 24 saat ərzində (070) 530-76-70 nömrəsinə
zəng edərək istirahət mərkəzləri,
turizm marşrutları
barədə ətraflı
məlumat ala bilərlər.
Mədəniyyət.- 2016.- 6 yanvar.-
S. 9.