Azərbaycan və kalmık teatrlarının əməkdaşlığı Rusiya jurnalında

 

Ötən mövsümdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Rusiyanın Əməkdar incəsənət xadimi Boris Manciyevin quruluşunda tamaşaya qoyulan “Xortdanın cəhənnəm məktubları” tamaşası qonşu ölkənin sənət mediasında da maraq doğurub. Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı povesti əsasında hazırlanan tamaşa haqqında növbəti yazı Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının nəşri olan “İnıe bereqa” jurnalında dərc olunub.

Əməkdar mədəniyyət işçisi, teatrşünas Valentina Reznikovanın qələmə aldığı yazıda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Rusiya Federasiyası Kalmık Milli Dram Teatrı arasında dörd ilə yaxın davam edən sıx yaradıcılıq münasibətləri əksini tapıb. Yazıda bu yaradıcılıq mübadiləsində ərsəyə gələn iki yeni səhnə əsəri - Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun Kalmık Milli Dram Teatrında səhnələşdirdiyi “Sevən qadın” (müəllif Əli Əmirli) və Kalmık teatrının bədii rəhbəri Boris Manciyevin Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyduğu “Xortdanın cəhənnəm məktubları” tamaşa haqqında geniş məlumat verilib.

 

Mədəniyyət.- 2016.-  6 yanvar.- S. 6.