“Heç
bir kənar qüvvə bizim
iradəmizə təsir edə bilməz”
“Bundan sonrakı illərdə də Azərbaycan prinsipial siyasətdən dönməyəcək, müstəqil siyasət aparacaq”
2015-ci ildə
yaşadığımız regionda iqtisadi, siyasi, hərbi böhran daha da dərinləşdi, risklər artdı, təhlükələr
artdı, yeni
çağırışlar meydana gəldi.
Bütün bunlara baxmayaraq, Azərbaycan 2015-ci ildə uğurla inkişaf etmişdir. Bizim əsas vəzifəmiz
ondan ibarət idi ki, Azərbaycan xalqının təhlükəsiz
həyatını təmin edək, ölkəmizin dinamik inkişafına nail
olaq.
Bu sözlər Prezident İlham Əliyevin dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrik müraciətində yer alıb.
Dövlət başçısı televiziya efirindən səslənən ənənəvi müraciətində bildirib ki, Azərbaycan xalqı indiyədək olduğu kimi, bundan sonra da təhlükəsizlik şəraitində yaşayacaq: “2015-ci ildə neftin qiyməti kəskin şəkildə, üç dəfə aşağı düşmüşdür. Bunu ilin əvvəlində təsəvvür etmək mümkün deyildi. Ancaq bu, reallıqdır və yenə də Azərbaycanda aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində iqtisadi artım təmin edildi, Azərbaycanda qeyri-neft sektoru inkişaf etdi. Xüsusilə qeyri-neft sənayesinin 7 faizdən çox artması məni xüsusən sevindirir. Bu, onu göstərir ki, əvvəlki illərdə apardığımız siyasət öz bəhrəsini verir. Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır və neftdən asılılığımız getdikcə daha da azalacaq.
Ancaq təbii ki, bizim gəlirlərimiz kəskin şəkildə azalmışdır, milli valyutamız manat devalvasiyaya uğradı. Ancaq yenə də biz çalışırdıq, çalışırıq və çalışacağıq ki, bu vəziyyət insanların yaşayış səviyyəsinə təsir etməsin. Xüsusilə istehlak qiymətlərinin sabit saxlanması bizim əsas vəzifəmizdir”.
Prezident qeyd edib ki, 2015-ci il ölkəmizdə “Kənd təsərrüfatı ili” elan olunmuş və bu il kənd təsərrüfatı təxminən 7 faiz artmışdır. Bütövlükdə götürəndə bizim iqtisadi sahədə apardığımız siyasət mötəbər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 40-cı yerdədir. Bu, böyük nailiyyətdir. Bu, onu göstərir ki, biz düzgün siyasət aparırıq və gələcəkdə, əlbəttə, Azərbaycan xalqının maraqlarını daim təmin edəcəyik.
Dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, 2015-ci ildə gəlirlərin kəskin şəkildə azalmasına rəğmən, bir dənə də sosial proqram təxirə salınmayıb: “Bütün sosial layihələrimiz icra edilmişdir. Bu da siyasətimizin mahiyyətini göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz güclü dövlət qururuq, güclü iqtisadiyyat qururuq, eyni zamanda, insanların rifahı bizim üçün həmişə prioritet məsələ olubdur və olacaqdır”.
Prezident ötən il ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığını bildirib. 2015-ci ildə ölkə başçısı 20 xarici səfər həyata keçirib, 15 dövlət və hökumət başçısı Azərbaycanda rəsmi və qeyri-rəsmi səfərlərdə olub: “Eyni zamanda, bizim apardığımız xarici siyasət dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Çünki biz müstəqil siyasət aparırıq. Bizim hər bir məsələ ilə bağlı prinsipial mövqeyimiz vardır. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət Azərbaycan xalqının maraqlarını müdafiə edir. Bizə qarşı olan təzyiqlər, hədə-qorxular bizim siyasətimizə zərrə qədər təsir etmir və etməyəcək. Biz heç kimdən və heç nədən qorxmuruq. Bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir və ölkəmizin beynəlxalq nüfuzunu qaldırmaqdır.
Sizi əmin edirəm ki, 2016-cı ildə də və bundan sonrakı illərdə də Azərbaycan prinsipial siyasətdən dönməyəcək, müstəqil siyasət aparacaq və bizə qarşı kampaniya aparmaq istəyənlər bunu nəzərə alsınlar. Onların səyləri əbəsdir, bizim siyasətimizə təsir etmir və heç vaxt etməyəcəkdir”.
Prezident qeyd edib ki, xarici siyasətimizin əsas prioriteti əvvəlkitək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir: “Əfsuslar olsun ki, 2015-ci ildə bu istiqamətdə heç bir irəliləyiş olmamışdır. Bunun da səbəbi xalq üçün aydındır. Ermənistan sülh istəmir. Münaqişəni uzatmaq istəyirlər, vaxt udmaq istəyirlər. Danışıqlarda özlərini qeyri-səmimi aparırlar və müxtəlif bəhanələrlə çalışırlar ki, bu danışıqlar prosesi daim davam etsin. Bizim siyasətimiz bundan ibarətdir ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. İşğalçılar işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır və Azərbaycan vətəndaşları doğma torpaqlara qayıtmalıdırlar.
Münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmalıdır. Bu qətnamələr münaqişənin həlli üçün əsas sənəddir və bu məsələ məhz bu çərçivədə öz həllini tapmalıdır. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim torpağımızda ikinci erməni dövləti yaransın. Dağlıq Qarabağın müstəqilliyini heç vaxt heç kim qəbul etməyəcək. Biz çalışacağıq ki, həm siyasi, diplomatik, həm iqtisadi və digər vasitələrlə ərazi bütövlüyümüzü bərpa edək. Haqq-ədalət bizim tərəfimizdədir, siyasi və iqtisadi güc bizim mövqeyimizi dəstəkləyir, gücləndirir. Əminəm ki, biz istədiyimizə nail olacağıq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Buna nail olmaq üçün əlbəttə ki, diplomatik səylərlə yanaşı, güclü hərbi potensial olmalıdır və biz bunu yaradırıq. 2015-ci ildə düşmənin bütün təxribatlarına tutarlı cavab verilmişdir. Düşmənə sarsıdıcı zərbələr endirilmişdir və döyüş meydanında yaranmış vəziyyət bir daha bizim üstünlüyümüzü göstərir. Biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Ancaq öz prinsipial mövqeyimizdən dönməyəcəyik və lazım olarsa hərbi gücdən istifadə etmək bizim suveren hüququmuzdur”.
Prezident ötən il enerji sahəsində atılan mühüm addımlardan da söz açıb. Bildirib ki, TANAP layihəsinin icrası başlamışdır. Burada Azərbaycan tərəfdaş ölkələrlə çox mühüm rol oynayır, böyük işlər aparır. TANAP layihəsinin əsas səhmdarı və əsas investoru Azərbaycandır. Bu layihə bizə imkan verəcək ki, zəngin qaz resurslarımızı bundan sonra onilliklər ərzində dünya bazarlarına çatdıraq və beləliklə, ölkəmizin siyasi və iqtisadi maraqlarını daha dolğun şəkildə təmin edək.
Ötən il nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı çox ciddi işlər aparılıb. Şərq-Qərb nəqliyyat dəhlizi artıq reallaşır. Çindən, Orta Asiyadan Azərbaycana, Azərbaycandan Gürcüstan, Türkiyə vasitəsilə Avropaya uzanan yeni “İpək Yolu” layihəsi reallaşır və burada Azərbaycanın rolu kifayət qədər önəmlidir: “Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması üçün Azərbaycan konkret addımlar atır. Əminəm ki, bu layihə də uğurla reallaşacaq və beləliklə bundan sonra - bu iki mühüm layihə reallaşandan sonra Azərbaycan dünya miqyasında əvəzolunmaz tranzit ölkəsinə çevriləcəkdir. Bu, nə deməkdir, bunu izah etməyə ehtiyac yoxdur”.
Prezident ötən il tarixdə ilk dəfə olaraq ölkəmizdə keçirilən Avropa Oyunlarının əhəmiyyətindən də danışıb: “Avropa Oyunları Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilmişdir. Avropa Oyunları Azərbaycan dövlətinin təntənəsidir. Eyni zamanda, Azərbaycan idmanının təntənəsidir. Çünki bizim idmançılarımız, milli komandamız 56 medal qazanaraq, komanda hesabında ikinci yerə layiq görülmüşdür. Bu, doğrudan da ölkəmizin böyük zəfəridir və hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, biz bu uğura imza ata bilmişik”.
Dövlət başçısı müraciətinin
sonunda Dünya Azərbaycanlılarının
Həmrəylik Günü münasibətilə
xaricdə yaşayan
soydaşlarımıza da ən xoş arzularını çatdırıb: “Bütün dünya azərbaycanlıları
bilirlər ki, bu gün Azərbaycan müstəqillik və inkişaf yolu ilə uğurla gedir. Bu gün müstəqil Azərbaycan
güclü dövlətdir. Bizim əsas vəzifəmiz ondan
ibarətdir ki, dövlətimizi daha da gücləndirək,
Azərbaycan xalqının daha da yaxşı həyatını təmin edək”.
Mədəniyyət.- 2016.- 6
yanvar.- S. 3.