20 Yanvarın ildönümü ilə bağlı tədbirlər
planı təsdiq edilib
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib.
Sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi əksini tapıb. Həmçinin bu tədbirlərin mediada geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri, diaspor qurumları və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.
Tədbirlər planına əsasən, respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs aparılacaq, Azərbaycanda təmsil olunan əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə dini mərasimlər təşkil ediləcək.
Bundan başqa, sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də
Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün
ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla
yad edilməsi, respublikanın şəhər
və rayonlarında, kənd və qəsəbələrində
hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi
və digər tədbirlər əks olunub.
Mədəniyyət.- 2016.- 6
yanvar.- S. 3.