Naxçıvanın tarixinə dair yeni kitab

 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının “Naxçıvanın VII-XII əsrlər dövrü tarixdə və tarixşünaslıqda” kitabı çap olunub.

Muzeydən bildiriblər ki, kitabda Naxçıvanın altı əsrdən çox müddətdə tarixi araşdırılır. “Naxçıvan ərəb xilafəti dövründə”, “Azərbaycanın feodal dövlətləri dövründə Naxçıvanın siyasi durumu”, “Naxçıvan Azərbaycan Atabəyləri dövründə” fəsillərində Naxçıvanın ictimai-siyasi, sosial-iqtisadi tarixi öyrənilir, baş vermiş hərbi-siyasi hadisələr tarixi mənbələr əsasında tədqiq olunur.

Kitabın vacib məqamlarından biri Naxçıvanın müvafiq dövr tarixinin sovet dövrü və müstəqillik illərində tədqiqinin araşdırılmasıdır. “Azərbaycan Atabəyləri dövlətinin süqutundan sonra xanədanın qadınlarının Naxçıvanın ictimai-siyasi həyatında yeri” adlı fəsildə ilk dəfə orta əsrlər dövründə Naxçıvanda fəaliyyət göstərən, Azərbaycanın siyasi-ictimai və mədəni həyatında vacib rol oynamış qadınlar haqqında müfəssəl məlumatlar verilir.

Naxçıvanın “Əcəmi” nəşriyyat-poliqrafiya birliyi tərəfindən nəfis tərtibatla nəşr olunan kitabda xəritələr, fotoşəkillər, illüstrasiyalar da yer alıb.

 

Mədəniyyət.- 2016.- 8 yanvar.- S. 15.