Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

 

Bakının 12 rayonunun hər birinin maraqlı keçmişi, inkişaf tarixi var. Bu sırada paytaxtın cənub-şərqində yerləşən, ərazisinin bir qismi (13 km) Xəzər dənizi ilə əhatə olunan Suraxanı rayonu da məxsusi yerə malikdir. Suraxanı ərazisinə görə (122 kvadrat kilometr) Bakının 5-ci, əhali sayına görə (210 min nəfər) 6-cı rayonudur. Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın təxminən 30 mini də burada məskunlaşıb. Rayonda 6 qəsəbə (Əmircan, Bülbülə, Qaraçuxur, Hövsan, Yeni Suraxanı, Zığ) var. 60-dək iri sənaye müəssisəsi, 35 məktəb, bir o qədər məktəbəqədər tərbiyə müəssisəsi, 8 mədəniyyət evi, 7 kitabxana, 17 səhiyyə müəssisəsi fəaliyyət göstərir.

Bu yığcam statistikanın arxasında isə zəngin tarix və onu dolğunluğu ilə tamamlayan müasir inkişaf, sosial-iqtisadi, mədəni sahədə əldə olunan nəticələr və təbii ki, həlli vacib problemlər də var.

 

Tarixdən bu günə

 

Suraxanı (sovet dövründə Orconikidze adlanıb) rayonu 1920-ci ildə təşkil edilib, amma tarixi yüzilliklərin öncəsinə gedib çıxır. Suraxanı Abşeron yarımadasında ən qədim yaşayış məskənlərindəndir. Ölkəmizi Odlar Yurdu kimi tanıdan “Atəşgah” məbədinin burada yerləşməsi də bu tarixin qədimliyini göstərir. İlkin tarixi II-IIII əsrlərə aid edilən məbəd atəşpərəstliyin nişanəsi sayılır. Azərbaycan tarixən mədəniyyətlərin qovuşduğu, fərqli inancların yanaşı var olduğu diyar kimi tanınıb. Qərinələr ötdükcə Bakıya Şərqdən və Qərbdən gələn karvanlar özləri ilə fərqli mədəniyyətləri də gətirirdi. XVII-XVIII əsrlərdə müsəlman şəhərində hindistanlı zəvvarların atəşpərəstliyin yeni odunu yandıraraq bu məbədi inşa etməsi də Azərbaycandakı tolerantlığın nümunəsidir. Bu gün UNESCO-nun “Dünya irsinin ilkin siyahısı”nda yer alan, xarici turistlərin böyük maraq göstərdiyi məkan təkcə Azərbaycanı, Bakını deyil, eyni zamanda bu rayonu da dünyaya tanıdır. Ötən il ölkəmizin ev sahibliyi etdiyi ilk Avropa Oyunlarının məşəli də burada alovlanaraq şöləsini dünyaya yaydı.

Suraxanının adını tarixə yazan belə misallar çoxdur. 1880-ci ildə Azərbaycanda ilk dəmir yolu burada salınmışdı. 20 km-lik Bakı-Suraxanı polad magistralı o zaman üçün texniki tərəqqinin göstəricisi idi. Bu, Bakının neft erasına qədəm qoyduğu, dünyanın gözünün bu torpağa dikildiyi dövr idi. Neft bumunun fontan vurduğu əsas məkan da Suraxanı torpağı idi. Milli burjuaziya burada təşəkkül tapırdı. Əmircanlı Murtuza Muxtarov, Şəmsi Əsədullayev kimi neftxudalar savab əməlləri, elmə, mədəniyyətə xeyriyyəçiliyi, inşa etdirdikləri memarlıq nümunələri ilə tarixdə iz qoydular.

Azərbaycanın neft sənayesinin inkişafı Suraxanı neft yatağı ilə bağlıdır. 1904-cü ildə dünyada ilk dəfə burada neft yatağının sənaye üsulu ilə istismarı başlanıb. 1994-cü ilin avqustunda bu hadisənin 90 illiyinə həsr olunmuş mərasimdə çıxış edən Prezident Heydər Əliyev Azərbaycan sənayesinin, iqtisadiyyatının inkişafında Suraxanı neftçilərinin böyük rolunu qeyd etmişdi: “Suraxanı neft yataqlarının istismarı respublikamıza böyük fayda vermişdir. Bu tarixi salnamədə Suraxanı neftçilərinin xüsusi yeri var. Suraxanı neftçiləri və bütün suraxanılılar Azərbaycan tarixində özünəməxsus yer tutmuşlar”.

Həmin çıxışdan bir ay sonra Azərbaycanda yeni neft salnaməsinin səhifəsi açıldı. Dənizdə neftçıxarmanın genişlənməsi ilə bərabər, quruda neft yataqları da perspektivliyini saxlamaqdadır və bu sırada Suraxanı yenə flaqmandır. 2006-cı ildə Zığ və Hövsan yataqlarının işlənməsinə dair beynəlxalq müqavilənin imzalanması da buna sübutdur.

 

İqtisadi inkişaf və sosial mənzərə

 

Bu gün rayonun iqtisadi spektrində neft-qaz sənayesi aparıcı yer tutur, burada üç əməliyyat şirkəti (“Absheron Operating”, “Bahar Energy”, “Suraxanı Oil”), bu sahəyə bağlı müəssisələr fəaliyyət göstərir. Neft-qaz sənayesi ilə yanaşı, rayonun iqtisadiyyatında digər sahələrin də payı var. Hövsan qəsəbəsində quşçuluq və zeytunçuluq, Zığ qəsəbəsində fərdi maldarlıq təsərrüfatları inkişaf edib.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun 2015-ci ilin 9 ayının yekunlarına dair məruzəsində əsas sosial-iqtisadi göstəricilər üzrə müsbət dinamika əksini tapıb. Qeyd olunan dövrdə rayonda sənaye məhsulunun istehsalı 198,1 milyon manat, tikinti-quraşdırma işləri 34,2, əsas kapitala yönəldilən investisiyalar 30,2, kənd təsərrüfatı 2,2 milyon manat təşkil edib, 2355 yeni iş yeri açılıb. “2014-2016-cı illərdə Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Suraxanı rayonu üzrə 54 tədbir nəzərdə tutulub, onların 4-ü icra olunub, 20-nin icrası davam edir, başa çatdırılan və başlanılan tədbirlər proqramın 45 faizini təşkil edir.

Rayonun sosial-iqtisadi mənzərəsində quruculuq-abadlıq işlərinin, ekoloji layihələrin də mühüm yeri var. Onilliklər boyu neft istehsal olunmuş rayonda bu tədbirlər xüsusilə əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, hələ ötən əsrin 70-ci illərində respublikaya rəhbərlik edən Heydər Əliyev bu məsələlərə böyük diqqət ayırmışdı. Ümumiyyətlə, ulu öndər Bakının rayonları içərisində Suraxanıya xüsusi münasibət bəsləyib. Heydər Əliyev 1970-80-ci illərdə bu rayondan SSRİ Ali Sovetinə deputat seçilib və rayonun sosial qayğıları ilə yaxından maraqlanırdı. Onun təşəbbüsü ilə Bakıda həyata keçirilən abadlıq və yaşıllaşdırma işləri burada xüsusi vüsət alımışdı. Heydər Əliyev illər sonra rayon sakinləri ilə görüşündə o dövrü belə xatırlamışdı: “Həmin planın həyata keçirilməsində suraxanılıların da böyük rolu vardır. Mənə deyirdilər ki, burada ağaclar bitməyəcəkdir. Ancaq nəinki yol qıraqlarında, yoldan kənarda, neft buruqların yanında, neftə bulaşmış torpaqda da ağaclar əkildi. İndi bu ağaclar böyüyüb, ətrafda yaşıllıq var”.

Heydər Əliyevin respublika rəhbərliyinə qayıtmasından sonra paytaxtda başlanan yeni abadlıq işlərində də Suraxanı rayonu öncüllüyü ilə seçilib. Paytaxtda sakinlərin istirahət yerinə çevrilən ilk Heydər parkı da 1999-cu ildə burada salınmışdı. Parkın açılışında çıxış edən ulu öndər rayon rəhbərliyinin, icra başçısı Hacıbala Abutalıbovun müəssisə və təşkilatların potensialından səmərəli istifadə etməsini, aparılan abadlıq işlərini yüksək qiymətləndirərək bu fəaliyyəti digər rayonlar üçün nümunə göstərmişdi. Bundan bir qədər sonra Prezident Heydər Əliyev Suraxanıda sosial-iqtisadi inkişaf, quruculuq-abadlıq işləri sahəsində əldə olunan təcrübənin respublikanın rayonlarında yayılması ilə bağlı xüsusi sərəncam imzaladı.

Ölkədə iqtisadi inkişafla yanaşı, sosial layihələrin həyata keçirilməsi, o cümlədən neft hasilatının, sənayeləşmənin doğurduğu ekoloji fəsadların aradan qaldırılması Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Son illər bu sahədə mühüm işlər görülüb və qeyd etmək yerinə düşər ki, dövlət başçısının tapşırığı ilə paytaxtda ekoloji layihələrin icrasına başlanılan ilk rayonlardan biri Suraxanıdır. 2010-cu il Azərbaycanda “Ekologiya ili” elan edildi və bu çərçivədə ən böyük layihələrdən biri Hövsan aerasiya stansiyasının istifadəyə verilməsi oldu. Rayon ərazisində, aeroport yaxınlığında yerləşən, uzun illər antisanitariya mənbəyi olan yarmarkalar köçürüldü və ərazidə meşə zolaqlarının salınmasına başlanıldı.

Rayonda bu istiqamətdə işlər davam etdirilir. Dövlət başçısının sərəncamlarına və qəbul edilmiş Dövlət Proqramına əsasən Bakı şəhərində göllərin, o cümlədən rayon ərazisindəki Bülbülə və Zığ göllərinin təmizlənməsi həyata keçirilir. İcra başçısı İ.Abbasovun bildirdiyinə görə, ötən il lay suları və neftlə çirklənmiş 8,17 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunub, ümumi sahəsi 5 hektar olan 24 gölməçə qurudulub, 30 ədəd quyunun ətraf sahələri neft tullantılarından təmizlənib. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlayan “Yaşıllaşdırma marafonu” çərçivəsində ötən il rayonda keçirilən iməciliklərdə 9 mindən çox ağac əkilib.

Rayonda sosial infrastruktur yenilənir, problemlər tədricən həllini tapır. İcra başçısı İ.Abbasov qeyd edir ki, bu sahədə ən ciddi məsələ sürüşmə zonasında yerləşən, xüsusilə Zığ qəsəbəsində qəzalı vəziyyətə düşmüş yaşayış evlərinin sakinlərinə köməklik göstərilməsidir. Ərazinin relyef xüsusiyyətləri nəzərə alınmadan, tikinti normalarına əməl edilmədən müxtəlif illərdə inşa olunmuş, uzun müddət istifadə nəticəsində aşınmaya məruz qalmış 40-dək qəzalı ev müəyyən edilib, 22 ailə kirayə evlərə köçürülüb, qalanları ilə bağlı tədbirlər görülür.

 

Mədəni irs və turizm imkanları

 

Suraxanı Bakının qədim tarixi ilə yanaşı, mədəni irsi ilə də tanınan rayonlarındandır. Ədəbiyyat və incəsənətimizin bir çox görkəmli simaları bu torpağın yetirməsidir. Əmircanda doğulan böyük tarixçi, mütəfəkkir ədib Abbasqulu ağa Bakıxanov, dünya şöhrətli rəssam Səttar Bəhlulzadə, məşhur satirik Səməd Mənsur, şair Tofiq Bayram, tarixçi, akademik Əlisöhbət Sumbatzadə, Hövsanda dünyaya gələn müqtədir teatr xadimi, SSRİ Xalq artisti Mirzağa Əliyev, XIX əsrdə Bülbülə kəndində yaşayıb-yaratmış aşıq Cavad və başqaları mədəniyyət tariximizin dəyərli səhifələridir. Bu gün onların xatirəsi, irsi yaşadılır.

2014-cü ildə Əmircan qəsəbəsində Səttar Bəhlulzadənin ev-muzeyinin təmir-bərpa və ekspozisiyanın yeni bədii tərtibatından sonra açılışı keçirilib. Ölkə başçısının sərəncamı ilə 220 illiyi qeyd edilən Abbasqulu ağa Bakıxanovun büstü ucaldılıb, adını daşıyan parkda abadlıq işləri görülüb. Rayonun mədəniyyət ocaqları aktiv fəaliyyəti ilə seçilir. Əmircan və Yeni Suraxanı qəsəbələrində Mədəniyyət və Turizm Nazirliyinin xalq dekorativ-tətbiqi və təsviri sənət ənənələrinin dirçəldilməsi üzrə pilot layihələri həyata keçirilib. 3 saylı uşaq incəsənət məktəbinin yetirmələri respublika və beynəlxalq miqyaslı müsabiqələrdə (Polşa, Rusiya, Çexiya, Estoniya, Türkiyə və s.) mükafatlara layiq görülüblər.

Suraxanı rayonunda müxtəlif xalqların nümayəndələri yaşayır, mədəni irsini, adət-ənənələrini yaşadırlar. Artıq bir neçə ildir ki, tatar icması “Sabantuy” milli bayramını rayon İcra Hakimiyyətinin dəstəyi ilə qeyd edir. Rayonun mədəniyyət və istirahət məkanlarında konsertlər, sərgilər təşkil edilir. Onu da qeyd edək ki, Suraxanı paytaxtın ən çox park və bağları olan rayonlarındandır. Rayonda 30-dək park var, onlardan 13-ü son 10 ildə salınıb, daha 14-ü yenidən qurulub.

Rayonda turizmin inkişafı üçün də imkanlar mövcuddur. 2009-2013-cü illərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən geniş abadlıq, bərpa işlər görülmüş “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun sahəsi üç dəfə genişləndirilərək 15 min kvadratmetrə çatdırılıb, burada mədəni turizm baxımdan ən müasir standartlar yaradılıb. Rayonda müalicə turizmi üçün potensial var. Yeni Suraxanıdakı 2 saylı bərpa xəstəxanasında kükürdlü su ilə oynaqların, fəqərələrin iltihabı və mübadilə xəstəlikləri müalicə olunur. Zığ qəsəbəsindəki “Duzlu göl” dəri və oynaq xəstəliklərinin müalicəsinə kömək edir. Müvafiq investisiya layihələri və infrastruktur işləri həyata keçirilərsə, bu təbii imkanları müalicə turizmi sahəsində əcnəbilər üçün də cəlbedici olan bir məkana çevirmək olar.

 

Vüqar Əliyev

Yazı Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim edilir

 

Mədəniyyət.- 2016.- 8 yanvar.- S. 12.