“Parisdə və Bakıda çıxış etməyi planlaşdırıram”

 

Maraqlı layihələr üzərində işləyirəm. Yeni musiqilər yazmaqalbom buraxmaq fikrindəyəm. Parisdə və Bakıda maraqlı konsert proqramları ilə çıxış etməyi planlaşdırıram.

Bu sözləri Fransada yaşayan azərbaycanlı pianoçu Etibar Əsədli deyib.

Bakıdakı Bülbül adına orta ixtisas musiqi məktəbində klassik piano təhsili almış musiqiçi uşaqlıqdan pianoya böyük maraq göstərdiyini bildirib. Caza olan həvəsinin artmasında isə Vaqif Mustafazadənin kompozisiyalarının böyük rolu olub.

2008-ci ildən Bakı Beynəlxalq Caz festivallarında iştirak etməyə başlayan E.Əsədli Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsində Ceyhun Allahverdiyevin sinfində oxuyub. Bu illərdə Avropanın bir çox ölkələrində konsertlər verib, müxtəlif festivallarda və layihələrdə iştirak edib. O, deyib: “Bakıdan sonra təhsilimi Parisdə davam etdirməyə qərar verdim. Çünki Amerikada cazın mərkəzi Nyu-York hesab edilirsə, Avropada bu məkan Parisdir. Hazırda Parisdə həm konsertlər verirəm, həm də “EDY” adlı studiya açmışam. Bütün yaradıcı işlərimi burada görürəm və təhsilimi davam etdirməyə də hazırlaşıram”.

“Sarı gəlin” mahnısının caz ilə sintezinə münasibət bildirən pianoçu qeyd edib ki, bu layihəsi uğurlu alınıb: “Zövqlər müxtəlifdir, hamı hər musiqini sevə bilməz. Amma çoxluq bu parçanı müsbət qiymətləndirir. Cəmiyyət inkişaf etdikcə janrlar da, musiqilər də dəyişir. Hər dövrün öz aranjimanı, öz baxışı, öz tərzi var. Yeniliyi olduğu kimi qəbul etmək lazımdır”.

 

Mədəniyyət.- 2016.- 6 yanvar.- S. 11.