Müdrik məsləhətçi 80 yaşında

 

Bir vaxtlar vətəndaşı olduğumuz nəhəng, çoxmillətli ölkədə mahnıları dillər əzbəri olan, melodiyaları könül oxşayan məşhur Latviya bəstəkarı, SSRİ Xalq artisti, Azərbaycanda da yaxşı tanınan Raymond Paulsun 80 yaşı tamam olur.

 

İndiki yaşlı və orta nəslin sevə-sevə dinlədiyi musiqilərin müəllifi olan Raymond Paulsun adı çəkilən kimi ruhu dincəldən mahnılar yada düşür. «Milyon al qızılgül», «Vernisaj», «Axşama hələ var», «Sübhdən sübhədək», «Maestro», «Mən sənin rəsmini çəkirəm», «Qızıl toy», «Bizim şəhər», «İncik nəğmə», «Damdakı skripkaçı», «Yaşıl sahil», «Qar üstündəki kəpənəklər», «Bəyaz külək» və onlarla başqa mahnının tanış melodiyası qulağımıza gəlir. Zövqlü Azərbaycan dinləyicisi bu mahnıları Alla Puqaçova, Sofiya Rotaru, Valeri Leontyev, Anne Veske, Aleksandr Serov, Roza Rımbayeva, Layma Vaykule, Nikolay Qnatyuk, Yaak Yoala, Tatyana Bulanova, Valeriya, Edita Pyexa kimi fərqli, ünlü və müxtəlif milli mənsubiyyətli müğənnilərin ifasından dinləyib və sevib.

Raymond Pauls 1936-cı il yanvarın 12-də Riqada sənətkar ailəsində anadan olub. Atası şüşəüfürən, anası isə muncuqla tikmə ustası imiş. Valideynləri balaca Raymondda musiqi istedadını erkən aşkar ediblər. O, 3 yaşından musiqi təmayüllü uşaq bağçasında ilk melodiyaları öyrənməyə çalışıb.

1940-cı ildə Latviyanın Sovet İttifaqına ilhaq olunması, respublikanın II Dünya müharibəsinin savaş meydanına çevrilməsi, cəmiyyətin siyasi baxışlarına görə qütbləşməsi Raymondun musiqi sevgisini azalda bilməyib. İstedadlı pianoçu və bəstəkar vətəninin keçdiyi sovetləşmə və sosialistləşmə mərhələlərində öz ilham pərisinə daim sadiq qalıb. Bəlkə də onun qədim alman dilində «müdrik məsləhətçi» (Reginmund) mənasını verən adı bu böyük istedad sahibinin öz həyat amalından dönməsinə imkan verməyib.

Bu gün ömrünün müdriklik çağını yaşayan, yaşın gətirdiyi xəstəliklərlə çarpışan Raymond Paulsun yaradıcılıq bioqrafiyasına nəzər salanda heyrətlənməyə bilmirsən. Onun yüzdən artıq mahnısının mətninin həm latış, həm də rus dilində versiyası var. Sovet İttifaqında yaşayıb-yaratmış heç bir bəstəkar bu xüsusda ona çata bilməz. Bizim daha çox mahnı müəllifi kimi tanıdığımız bəstəkar onlarla bədii, sənədli, cizgi filminə, teatrteleviziya tamaşasına, müziklə də musiqi yazıb. Ara-sıra Azərbaycan telekanallarında nümayiş etdirilən «Qumluqlar arasında uzun yol» serialının qəlb titrədən musiqisi ona məxsusdur.

Raymond Pauls sovet dövründə həm də sənətşünas kimi tanınırdı. Onun rus dilində qrammatik cəhətdən səlis, lakin bütün germandillilər kimi qalın sait səsləri bir qədər də uzadaraq tələffüz edərək paylaşdığı sənət söhbətləri musiqisevərlərin yaxşı yadındadır. 80-ci illərin sonunda isə Raymond Pauls ictimai-siyasi fəaliyyətə başlayır. Latviya Ali Sovetinə, sonra SSRİ Ali Sovetinə deputat seçilir. 1988-1993-cü illərdə respublikanın mədəniyyət naziri, 1993-1999-cu illərdə Latviya Prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri işləyir. Prezidentliyə namizədliyi irəli sürülsə də, görkəmli bəstəkar Seymdə millət vəkili kimi təmsil olunmağı üstün tutur.

Azərbaycan müğənniləri ilə birbaşa yaradıcılıq münasibəti olmayan bəstəkar Raymond Pauls bir neçə il öncə verdiyi müsahibədə respublikamız barədə, bizim ifaçılar haqqında ürəkaçan fikirlər söyləmişdi. Bir zamanlar, hələ çox cavan ikən Rəşid Behbudovun ifasına heyranlığını gizlətməmiş, «Qaya» ilə Moskvadakı ümumittifaq səviyyəli konsertlərdəki isti münasibətini xatırlamışdı. «Eurovision» mahnı yarışmasının səsvermə formatını qəbul etməsə də, çıxışlarını izlədiyi Azərbaycan təmsilçilərinin ifasını yüksək qiymətləndirmişdi.

Raymond Pauls sənətdən, estrada musiqisinin inkişaf meyllərindən söhbət düşərkən deyir: “Mən bu gün böyük təcrübəsi olan musiqiçi kimi danışa bilərəm. 13 yaşımdan çıxış etməyə başlamışam. Aradakı kiçik fasilələri nəzərə almasaq, bütün ömrüm səhnədə keçib deyə, buna görə də məsləhət verməyə haqqım çatır. Hərçənd, cavanlar biz «ağsaqqalların» dediklərini bəyənmirlər. Onlara elə gəlir ki, biz düz danışmırıq. Amma estrada müğənnisinin, musiqiçisinin sənət yolu asan keçilən yol deyil. Bu, çox təhlükəli bir yoldur. Çox ehtiyatlı olmaq lazımdır! Əgər bir qapını üzünə bağlayırlarsa, deməli, başqasını açmağın üsulunu tapmalısan. Lazım gəlsə, lap pəncərədən də içəri düşməlisən. Əgər istedadın varsa, deməli, çətinliklərin daha çox olacaq. Paxıllıq kimi xoşagəlməzliklə də rastlaşacaqsan”.

Bu sənətkar tövsiyəsi nəyə desən, dəyər.

Bəlkə də onun yaradıcılığına sirayət edən bu müdrikliyinə görə Raymond Pauls yaradıcılığının heyranları öz məhəbbətlərini XX əsrdən XXI əsrə daşıya biliblər. Yeri gəlmişkən, bəstəkarın Moskvadakı yubiley tədbiri fevralın 26-da “Krokus Siti Hollun 6200 nəfər tamaşaçı tutan böyük salonunda keçiriləcək.

Yəqin ki, bu yazıdan, bizim təbrikimizdən Raymond Pauls xəbər tutmayacaq. Yenə də onun yaradıcılığını sevən dinləyicilərin yaddaşını təzələyib, deyirik: Müdrik məsləhətçi Raymond, 80 yaşın mübarək!

 

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2016.- 8 yanvar.- S. 10.