Tarixi-mədəni abidələr turizmin inkişafına zəmindir

 

Ötən il Qobustan və “Atəşgah məbədi” qoruqlarına gələn ziyarətçi sayı artıb

 

Ölkəni turistlər üçün cəlbedici edən, turizmin inkişafına təsir göstərən mühüm amillərdən biritarix və mədəniyyət abidələridir. Bu baxımdan Azərbaycanda mədəni turizmin inkişafı üçün böyük potensial var. Belə məkanlardan biri də ölkəmizin qədim tarixini özündə yaşadan Qobustan Milli Tarixi-Bədii Qoruğudur.

 

Turistlərin hər zaman maraq göstərdiyi məkana son illərdə gələnlərin sayı artmaqdadır. Bunun da başlıca səbəblərindən biri qoruqda yaradılan şəraitdir. UNESCO-nun dünya irsi siyahısına daxil edilən Qobustan bəşər mədəni irsinin nümunələri sırasındadır. 2011-ci ildə burada yaradılan muzey kompleksi ən müasir muzey standartlarına cavab verir. 2015-ci ildə qoruğu 40 mindən çox turist ziyarət edib.

Qobustan Milli Tarixi-Bədii Qoruğunun baş fond mühafizi Əsgər Zeynalabdinov bildirdi ki, ötən il buraya gələn xarici turistlərin də sayında artım olub. Onlar əsasən Rusiya, ABŞ, Türkiyə, Çin, və Avropanın müxtəlif ölkələrinin vətəndaşları olub. Qoruqdan onu da bildirdilər ki, “Bakı-2015” I Avropa Oyunlarının məşəlinin Qobustan Milli Tarixi-Bədii Qoruğuna gətirilməsi zamanı bu tarixi məkanı 7500-dən çox qonaq ziyarət edib.

Yerli ziyarətçilərə gəlincə, 2015-ci ildə də qoruğa gələnlər arasında məktəblilər çoxluq təşkil ediblər. Bütün bunlar Azərbaycanın tarixi irsinin öyrənilməsi və təbliği sarıdan olduqca əhəmiyyətlidir. Bu baxımdan Qobustan Milli Tarixi-Bədii Qoruğu əsl əyani vasitədir.

Qeyd edək ki, Qobustan Milli Tarixi-Bədii Qoruğunun yeni muzey kompleksi 2013-cü ildə “Avropada ilin muzeyi” müsabiqəsinin qalibi olub.

Qədim tarixin, əski dini inancın nişanəsi olan “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu da ötən il yerlixarici turistlər üçün cəlbedici məkan olub. Qoruğun direktoru Rəşid Babayi deyir ki, ərazidə aparılan konservasiya işlərindən sonra buraya gələn turistlərin sayı ildən-ilə artmaqdadır: “2015-ci il ərzində bu tarixi abidəni 11252 nəfər turist ziyarət edib. Abidəni ziyarət edən turistlərin əksəriyyəti yerli vətəndaşlar olsa da, məbədə xarici turistlərin də marağı böyükdür”. “Bakı-2015” I Avropa Oyunları “Atəşgah məbədi”nə də ziyarətçi sayının artmasına zəmin olub.

 

F.Hüseynov

 

Mədəniyyət.- 2016.- 8 yanvar.- S. 9.