Akademik Opera və Balet
Teatrında tamaşalar
Yanvarın 9-da Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının səhnəsində Xalq artisti Əfrasiyab Bədəlbəylinin ikipərdəli
“Qız qalası” baleti nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən
bildirilib ki, milli balet sənətimizin
ilk nümunəsi olan
“Qız qalası” 75 ildir Azərbaycan səhnəsindədir və
hər zaman tamaşaçılar tərəfindən
maraqla qarşılanır.
Tamaşada əsas rolları
Xalq artisti Gülağası Mirzəyev,
əməkdar artistlər
Nigar İbrahimova, Tamilla Məmmədzadə,
teatrın aparıcı
solistləri Makar Ferştandt, Yelena Veremeyenko,
Larisa Semyonova ifa edəcəklər.
Səhnə əsərinin quruluşçu
baletmeysteri Xalq artisti Qəmər Almaszadə olub, bədii rəhbəri və musiqi tərtibatçısı Xalq
artisti, professor Cavanşir
Cəfərov, quruluşçu
rəssamı isə Əməkdar incəsənət
xadimi Əyyub Fətəliyevdir.
* * *
Yanvarın 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya şöhrətli
bəstəkar Fikrət
Əmirovun “Sevil” operasının növbəti
tamaşası keçiriləcək.
Cəfər Cabbarlının eyniadlı
pyesinin motivləri əsasında yazılmış
operada müxtəlif vaxtlarda milli vokal sənətimizin bir sıra görkəmli
nümayəndələri - Rəşid Behbudov, Azər Zeynalov, Xuraman Qasımova, Şahlar Quliyev və başqaları əsas rollarda çıxış ediblər.
Hazırda onları istedadlı
gənc opera sənətçiləri
əvəz ediblər.
Bu dəfə tamaşada baş rolları - Sevil və Balaş partiyalarını ilk dəfə
əməkdar artistlər
İlahə Əfəndiyeva
və Fərid Əliyev ifa edəcəklər. Tamaşada həmçinin
əməkdar artistlər
Səbinə Əsədova
(Gülüş), Gülnaz
İsmayılova (Dilbər),
Cahangir Qurbanov (Atakişi) və başqaları iştirak edəcək.
Tamaşanı dirijorların beynəlxalq
müsabiqələrinin və
“Humay” milli mükafatının laureatı
Əyyub Quliyev idarə edəcək.
* * *
Yanvarın 16-da isə Opera və Balet Teatrında italyan bəstəkarı Cakomo Puççininin “Bohema” (La Boheme) operası nümayiş olunacaq. Tamaşada azərbaycanlı vokalçılar Ukrayna və Belarusdan olan həmkarları ilə birgə səhnəyə çıxacaqlar.
Mimi rolunu Ukrayna Milli Operasının solisti, Ukraynanın Xalq artisti Olqa
Naqornaya, Marsel partiyasını Belarus Akademik
Böyük Opera və
Balet Teatrının solisti, bu ölkənin
Əməkdar artisti
Vladimir Qromov, Rudolf partiyasını
isə digər belaruslu vokalçı
Eduard Martınyuk ifa edəcək.
Tamaşada Azərbaycanın opera sənətini
Xalq artisti Əli Əsgərov (Alsindor), əməkdar artistlər İnarə Babayeva (Müzetta) və Əkrəm Poladov (Kollen) təmsil edəcəklər. Tamaşanın dirijoru Xalq artisti,
professor Cavanşir Cəfərovdur.
Mədəniyyət.- 2016.- 8 yanvar.- S. 8.